Deputat: Paşinyan BBC telekanalına müshibəsi zamanı bir daha özünü rəzil etdi Siyasət

Deputat: Paşinyan BBC telekanalına müshibəsi zamanı bir daha özünü rəzil etdi

Ermənistanın baş naziri Nikol Paşinyan BBC telekanalına müshibəsi zamanı növbəti dəfə özünü rəzil duruma saldı və jurnalistin suallarından yayınmağa çalışmaqla öz işğalçı mahiyyətini bir daha ortaya qoymuş oldu. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Paşinyan müsahibəsində yenə də sərsəmləyərək “Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququnu tanımalıdır” kimi cəfəng fikir səsləndirib:

“Bu bir daha göstərir ki, Ermənistan qeyri-konstruktiv və danışıqların mahiyyətini heçə sayan mövqeyindən geri çəkilməyib və ona görə də bu şərtlər daxilində Ermənistanla danışıqlar aparmağın heç bir mənası yoxdur. “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququ” absurd və mümkünsüz bir məsələdir. Bununla bağlı cənab Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Paşinyanla debat zamanı Azərbaycanın qəti mövqeyini bir daha həm Paşinyanın, həm də dünya icimaiyyətinin diqqətinə çatdırdı.

Cənab Prezident vurğuladı ki, ermənilər artıq öz müqəddaratlarını həll ediblər, onların Ermənistan adlı dövləti var. Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Əgər ermənilər ikinci dəfə müqəddaratlarını həll etmək istəyirsə, özlərinə başqa yer tapsınlar, Azərbaycanda deyil”.

Deputat vurğulayıb ki, Paşinyan müsahibəsində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin mahiyyətini təhrif etməyə də uğursuz cəhd edib, lakin jurnalistin “həmin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycana aid olması aydın şəkildə yazılıb” sualına isə Paşinyan cavab tapa bilməyərək aciz vəziyyətə düşüb:

“Əlbəttə Paşinyanın belə rəzil duruma düşməsi artıq ənənəvi hal alıb. Siyasi səriştəsi olmayan, tarixdən bixəbər, küçədən hakimiyyətə gələn Paşinyan sanki özünü biabr etməkdən zövq alır. Artıq ondan müsahibə götürən jurnalistlər də Paşinyanın yalançı və səriştəsiz biri olduğunu, suallardan yayındığını bilir və ona görə də onun yalanlarını ifşa etmək üçün suallarını təkrarən daha dəqiq ünvanlayırlar. Ancaq Paşinyan suala cavab vermək əvəzinə özünü biabr etməyi daha üstün tutur.

Bu gün cəbhə xəttində Ermənistanın biabırçı məğlubiyyəti fonunda atəşkəsin və danışıqların bərpa olunmasına çağırış edən beynəlxalq təşkilatlar və dövlətlər Paşinyanın bu müsahibəsinə diqqətlə baxmalı və nə qədər haqsız mövqedə olduqlarını bilməlidirlər.

Bu gün Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz torpaqlarını işğalçılardan və terrorçulardan təmizləyir. Əgər həmin təşkilatlar və dövlətlər həqiqətən də sülhün bərqərar olmasını istəyirlərsə, Ermənistanı işğal edilmiş Azərbaycan torpaqlarından çıxmağa məcbur etməlidirlər”.