Paşinyanın ona qarşı çıxanları həbs etdirməsi, müxalifəti sıradan çıxarması qəribə bir susqunluqla qarşılanır Siyasət

Paşinyanın ona qarşı çıxanları həbs etdirməsi, müxalifəti sıradan çıxarması qəribə bir susqunluqla qarşılanır

Ermənistanın baş naziri Nikol Paşinyan iki il əvvəl hakimiyyətə gələndə özünü hər kəsə demokrat bir rəhbər kimi təqdim etdi. Dağlıq Qarabağ məsələsində də obyektiv olacağını və bütün məsələləri sülh yolu ilə həll edəcəyini vəd edən baş nazir, bununla özünü Qərbdə də reklam etmiş oldu. Ancaq 27 sentyabrdan başlayan və Azərbaycanın qələbəsi ilə bitən ikinci Qabağ müharibəsi hər şeyin əksinə olduğunu göstərdi.

Uzun illər boyu gedən sülh danışıqlarını pozan və "Qarabağ Ermənistandır" deyən Paşinyanın bu açıqlaması Qafqazda yeni müharibənin alovlanmasına səbəb oldu. Son bir ildə Azərbaycana qarşı həm siyası fonda, həm də hərbi sahədə təxribatlar törədən Ermənistanın sonuncu təxribatı 27 sentyabr tarixində yeni müharibəni başlatdı.

Müharibənin 44-cü günündə döyüşmək qabiliyyətini itirən Ermənistan kapitulyasiyaya razılaşdı. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı bəyanat bunu deməyə imkan verir.

İki gün əvvəl Yerevanda baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatı imzalamasına etiraz olaraq aksiya keçirilib. Aksiyalarda iştirak edən 17 müxalif partiyadan çoxlu sayda şəxslər saxlanılıb. Onlar arasında “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan, “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan, Respublika partiyasının nümayəndələri Eduard Şarmazanov, David Ambartsumyan və Ara Saakyan iğtişaşların təşkil olunması maddəsi ilə saxlanılıb. “Daşnaksutyun” partiyasının üzvü İşxan Saqatelyan, “Milli təhlükəsizlik” partiyasının lideri Qarnik İsaqulyan və “Bir Ermənistan” partiyasının lideri Artur Qazinyan dövlət sirrinin yer aldığı sənədlərlə iş qaydasını pozmaq maddəsi ilə məsuliyyətə cəlb olunub.

Ermənistan baş nazirinin ona qarşı çıxan şəxsləri həbs etdirməsi ilk belə hal deyil. Hakimiyyətdə olduğu cəmi 2 il ərzində Paşinyan “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesabı çürütmək üçün, keçmiş prezidentlərdən birini həbs edib, digərinə qarşı cinayət işi qaldırıb, aparıcı müxalifət partiyasının sədri, deputat Tsarukyanı isə bu gün də həbsdə saxlayır. Heç kim unutmayıb ki, Paşinyanın hakimiyyətinin hələ 7-ci ayında “demokratik ölkə”də siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etmişdi.

Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan, hüquq təşkilatı qalmayacaqdı, Ermənistanda isə hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması qəribə bir susqunluqla qarşılanır. Bu, haqlı olaraq sual yaradır: niyə? Bu ikili standartlar niyədir və bu ədalətsizlik, selektiv münasibət nə vaxtadək davam edəcək?!