“Cənub” qaz dəhlizi əməkdaşlığın yeni formatıdır Siyasət

“Cənub” qaz dəhlizi əməkdaşlığın yeni formatıdır

Azərbaycan prezidenti Avropa Komissiyasının vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Maroş Şevçoviç Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyib.
Ölkəmizlə enerji sahəsində əməkdaşlığın önəmini qeyd edən Maroş Şevçoviç "Cənub" qaz dəhlizi layihəsi ilə bağlı qəbul edilən qərarın strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Maroş Şevçoviçi Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edən prezident İlham Əliyev isə qısa müddət sonra onun Azərbaycana səfər etməsini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Enerji sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkəmizlə Avropa təsisatları arasında əlaqələrin fəal və dinamik şəkildə davam etməsindən məmnunluğunu bildirib.
Avropa Komissiyasının və Avropa İttifaqı Şurası prezidentlərinin Azərbaycana səfərlərinə toxunan Azərbaycan prezidenti əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli səfərlərin önəmini qeyd edib.
Azərbaycanla Avropa İttifaqı arasında artıq çərçivə Sazişinin və enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud olduğunu deyən dövlət başçısı "Cənub" qaz dəhlizi ilə bağlı çoxlu işlər görüldüyünü vurğulayıb. Bu layihəni əməkdaşlığın yeni formatı kimi dəyərləndirən prezident İlham Əliyev onun vaxtında icra edilməsi üçün səmərəli əlaqələndirmənin olmasının vacibliyini qeyd edib.