Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir Siyasət

Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir

Artıq minilliklərdən soraq verən qalalar məskəni, qədim türk yurdu Laçın da öz əzəli və əbədi sahiblərinə qaytarıldı, işğaldan azad edildi, əsirlikdən azad edilmiş digər torpaqlarımız kimi yeni tarixə qədəm qoydu. Ölkə Prezidentimiz İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın birgə imzaladıqları Bəyanata əsasən müqəddəs Qarabağ torpaqları uğrunda apardığımız müharibə Azərbaycanın parlaq qələbəsi ilə sona çatdı. Müzəffər Azərbaycan ordusunun misilsiz şücaəti ilə darmadağın olan düşmən Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməyə məcbur oldu. Bir güllə belə atılmadan geriyə qaytarılan tarixi şəhərlərimiz həm də siyasi arenadakı mütləq qalibiyyətimizin göstəricisidir. Eyni zamanda tarixi yurd yerlərimizin Kəlbəcərin, Ağdamın, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm siyasi, həm də diplomatik müstəvidə qələbəsinin təcəssümü oldu.

Artıq xalqımız Ağdam və Kəlbəcərdən sonra Laçının da işğaldan azad edilməsinin sevincini yaşayır. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır.

Faşist ideologiyasından qaynaqlanan Ermənistan hakimiyyəti hər fürsətdən dinc azərbaycanlı sakinlərə qarşı istifadə edib, onlara işgəncə verib, qətlə yetirib. İkinci Qarabağ müharibəsi zamanı da Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərləri raket atəşinə tutdu. Gecə saatlarında Gəncənin bombalanmasını, Bərdənin raket atəşinə tutulmasını, Tərtərdə ölüsünü dəfn edən dinc sakinlərin bombardıman olunmasını, Goranboyun, Ağcabədinin, Siyəzənin, Xızının raket atəşinə tutulmasını dünya ictimaiyyəti də gördü və işğalçı Ermənistanın terror aktlarını qınadı. Ermənilər hərbi texnikalarını dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirərək, onları da hədəfə çevirmələrinə baxmayaraq humanistlikləri ilə hər zaman nümunə olan Azərbaycan hərbçiləri mülki obyektləri və yaşayış yerlərini hədəf almadı, dinc erməni sakinlərinə qəsdən xəsarət yetirmədi. İşğaldan azad edilən dinc erməni sakinlərinin ərazini rahat şəkildə tərk etməsi üçün humanitar dəhlizin açıq saxlanılması da buna nümunədir.

Dünyada sülhə, tolerantlığa, mədəniyyət və sivilizasiyalara xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən Azərbaycan əzəli-əbədi torpaqlarını 30 illik işğaldan azad edərkən də nümunə oldu. Müharibə şəraitində belə ölkəmiz sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanların, tarixi-dini abidələrin, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşdı. Düşmən isə işğal altında olan torpaqlarımızda tarixi abidələrimizi, maddi-mənəvi irsimizi qəsdən, riyakarcasına dağıtdı, təhqir etdi, beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan acı həqiqətlərə imza atdı.

Bu gün illərlə düşmən tapdağı altında olan torpaqlarımız düşmən əsarətindən azad edilib. "Qarabağ Azərbaycandır və nida" deyən ölkə Prezidentimiz İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Özünün tarixi, coğrafi mövqeyinə görə Azərbaycanın ən qədim və strateji cəhətdən vacib olan yaşayış məskənlərindən sayılan Laçının işğaldan azd edilməsi münasibəti ilə xalqımızı təbrik edərkən dövlət Başçımız hər bir Azərbaycan vətəndaşının illərlə arzusunda olduğu sözləri dilə gətirdi: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Ölkə Prezidentimizin müdrik, məqsədyönlü siyasətinin təsdiqi olan tarixi zəfərimiz Azərbaycan xalqının iftixar və qürur mənbəyidir.