“Bütün əmanətlər sığortalanmalıdır” Siyasət

“Bütün əmanətlər sığortalanmalıdır”

Qüdrət Həsənquliyev: “Bankların təmərküzləşməsi prosesi ədalətli rəqabət mühitinin yaradılması nəticəsində baş verməlidir”

“Niyə rəqabət mühiti yoxdur? Niyə dünyanın heç bir nüfuzlu banklarının Azərbaycanda nümayəndəlikləri açılmayıb? Niyə faiz dərəcələri yüksəkdir? Beynəlxalq maliyyə qurumları uzun illər idi tələb edirdi ki, dövlət ümumiyyətlə bizneslə məşğul olmamalıdır. Bank fəaliyyəti də bir biznes fəaliyyətidir. Beynəlxalq Bank özəlləşdirilməlidir. Amma özəlləşməyə çıxarılmadı. Nəticədə dövlət büdcəsinin 70 faizə qədəri məbləğində, 10 milyarddan çox vəsait beynəlxalq bankda mənimsənildi. Ona görə də köklü iqtisadi açılım olmalıdır. Biz Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı səsləndirib.
Millət vəkili xatırladıb ki, qarşıdan büdcə müzakirələri gəlir: “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müvafiq dövlət qurumları ilə danışmalıdır. Bunun bir ciddi təhlili aparılmalıdır. Görün 2015-ci ildən bu günə qədər ölkədə nə qədər banklar bağlanıb. Bir daha söyləyirəm ki, bankların təmərküzləşməsi prosesi ədalətli rəqabət mühitinin yaradılması nəticəsində baş verməlidir, yuxarıdan ləğv olunma formasında yox. Ona görə də mən deputat həmkarım Zahid Orucun o fikrini dəstəkləyirəm ki, bütün əmanətlər sığortalanmalıdır. Yalnız bu yolla biz, insanların banklara inamını bərpa edə bilərik. Mən əvvəllər də Milli Məclisdə bu məsələni qaldırmışdım ki, bizim Dövlət Neft Fondunda olan vəsaitlərin, ehtiyatlarımızın bir hissəsi yerli banklarda saxanılmalıdır. Ona görə ki, bu addım vətəndaşların banklara olan inamını artıracaq. Vətəndaş görəndə ki, dövlət qorxmadan öz vəsaitini bu bankda saxlayır, o da öz vəsaitini yerli bankda saxlayacaq. Dövlət öz vəsaitlərini xarici bankda saxlayırsa, yerli banklara etimad göstərmirsə, vətəndaş niyə etimad göstərməlidir? Əvvəllər də mən bu məsələni qaldırmışam ki, Dövlət Neft Fondunun vəsaitləri çox da yüksək olmayan faizlərlə xarici banklarda saxlanılır. O vəsait xaricdəki banklarla müqayisədə daha yuxarı faizlərlə Azərbaycanda saxlanıla bilər ki, bizim sahibkarların aşağı faizli kreditlərə çıxışı olsun. Belə olduğu təqdirdə əminəm ki, vətəndaşlar evlərində saxladıqları vəsaitləri də dövriyyəyə çıxaracaqlar. Qarşıdan böyük quruculuq işləri gəlir. Düşünürəm ki, vətəndaşlar o vəsaitləri də bu quruculuq işlərinə sərf eləmiş olacaqlar”.
Millət vəkili həmçinin diqqətə çatdırıb ki, spiker Sahibə Qafarovanın təşəbbüsünə qoşulacaq və YAŞAT Fonduna vəsait köçürəcək: “Mən diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm. Mən təklif edirəm ki, Milli Məclisin iqtisadi siyasət komitəsi həm də bu məsələni müvafiq dövlət orqanları ilə araşdırsın ki, xalis gəliri illik 60 min manatdan yuxarı olan fiziki və hüquqi şəxslərdən 2-3 faiz məbləğində vergi tutulsun və YAŞAT Fonduna köçürülsün. Ona görə ki, bu möhtəşəm tarixi qələbəni bizə bəxş eləmiş əsgərlərimizin, qazilərimizin və şəhid ailələrinin sosial müdafiəsini yüksək səviyyədə gücləndirməliyik”.

Əli Zülfüqaroğlu