Hulusi Kılıç: İlham Əliyev yüksək liderlik keyfiyyətləri, cəsarətli qərarları ilə seçilən Prezident, Müzəffər Ali Baş Komandandır Siyasət

Hulusi Kılıç: İlham Əliyev yüksək liderlik keyfiyyətləri, cəsarətli qərarları ilə seçilən Prezident, Müzəffər Ali Baş Komandandır

Prezident İlham Əliyev böyük qətiyyət göstərərək Azərbaycana qarşı otuz il idi davam edən işğalçılığın sona çatmasına nail oldu. O, yüksək liderlik keyfiyyətləri, cəsarətli qərarları ilə seçilən Prezident, müzəffər Ali Baş Komandandır. Proseslərə nəzər saldıqda görürük ki, məhz onun uğurlu siyasəti sayəsində Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a açıqlamasında bildirib.

Bütün Azərbaycan xalqının, eləcə də yenilməz Azərbaycan Ordunun Ali Baş Komandan ətrafında sıx birləşərək ümummilli məsələlər naminə birlik nümayiş etdirməsini milli sərvət kimi dəyərləndirən səfir Hulusi Kılıç deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti təkcə Azərbaycanın haqq işinin bərpası deyil, eyni zamanda, dünyada sülhün və ədalətin qorunması istiqamətində əməli addımlara çevrildi. Bəli, nəyi nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bilən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bir tərəfdən özünü soyuqqanlı və cəsur sərkərdə kimi təsdiq etdisə, digər tərəfdən dünya mediasının aparıcı qurumlarının qarşısında məntiqi düşüncələri və gerçəkləri əks etdirən həqiqətləri sərbəst şəkildə ifadə etməklə diqqəti cəlb etdi. Bir–birinə bağlı olan bu iki amil yenilməz Azərbaycan Ordusunun zəfər qazanmasında və bu qələbənin dünya birliyinə qəbul etdirilməsində həlledici güc oldu.

Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin inkişafında dinamizmi qorumaq üçün daim yeni təklif və təşəbbüslərlə çıxış etdiyini xatırladan Hulusi Kılıç qeyd edib ki, ən yaxın zamanlarda iki qardaş ölkənin diaspor təşkilatları vahid platforma üzərindən mühüm hədəflərə hesablanmış strategiyalar uğrunda birgə fəaliyyət göstərəcəklər.

Səfir deyib: “Azərbaycan xalqı xoşbəxtdir ki, hazırda dünyanı təlatümlər bürüdüyü bir vaxtda İlham Əliyev kimi yüksək intellektli, müdrik və cəsur Prezidenti var. Azərbaycanın xoşbəxtliyi Prezident İlham Əliyevin xoşbəxtliyidir. Bu mənəvi bağlılıqdan qürur duyur və Azərbaycanın işıqlı gələcəyinə inanırıq”.