Tacikistan sənaye parkları sahəsində Azərbaycan təcrübəsindən yararlanmaq niyyətindədir Siyasət

Tacikistan sənaye parkları sahəsində Azərbaycan təcrübəsindən yararlanmaq niyyətindədir

Tacikistanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında videokonfrans formatında görüşdə də sənaye sahəsində əməkdaşlığa, Tacikistanda sənaye parklarının yaradılmasına metodoloji və praktiki köməkliyin göstərilməsi imkanlarına dair müzakirələr aparılıb.

Nazirlikdən verilən məlumata görə, tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov iki ölkə arasında iqtisadiyyatın müxtəlif istiqamətləri, o cümlədən sənaye sahəsində əməkdaşlıqda geniş potensial olduğunuı vurğulayıb, tədbirin bu sahədə əlaqələrin genişlənməsinə töhfə verəcəyini qeyd edib. Tacikistanla Azərbaycandakı sənaye parkları sahəsində əməkdaşlıq imkanları barədə məlumat verən Sahib Ələkbərov sənaye parklarında sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb, burada rezidentlər üçün tətbiq edilən güzəşt və dəstək mexanizmləri barədə iştirakçıları ətraflı məlumatlandırıb. Qeyd edilib ki, hazırda ölkədə kimya, emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və s. sahələr üzrə ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir, sənaye parklarının rezidentlərinin sayı 50-yə çatıb. Rezidentlərin investisiya portfelinin həcmi 3,8 milyard dollar təşkil edir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkənin qeyri-neft istehsalının 10,6%-i, ixracının isə 20,3%-i sənaye parklarında istehsal edilən məhsulların payına düşür.

Tacikistanın Sənaye və Yeni Texnologiyalar naziri Şerali Kabir ölkəsinin Azərbaycanla əməkdaşlığın, xüsusilə sənaye və logistika sahəsində əlaqələrin genişlənməsində, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib.

Görüşdə Azərbaycandakı sənaye parklarının fəaliyyəti, habelə Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması imkanları barədə təqdimatlar keçirilib.