Qarabağlaşan İrəvan Siyasət

Qarabağlaşan İrəvan

“Ekzistensial təhlükə” ifadəsi Vətən müharibəsi ilə eyni gündə informasiya dövriyyəsinə çıxarılmışdı.İrəvanın inqilabi komandasının siyasi təbliğat maşını əvvəlki iqtidarların bir çox mirasından imtina etsə də, ənənəvi xarakter daşıyan və illərdir daşlaşan postulatları yeni adlar, siyasi terminlərlə zənginləşdirərək zəif özünümüdafiə planı qurmuşdular.
Əl-Arabiya və France 24 kanallarına müsahibəsi zamanı erməni Baş nazirinin vurğuladığı əsas tezislər “Dağlıq Qarabağda gedən müharibənin səbəbi-etnik, dini və sivilizasion amillərdir”, Azərbaycan tərkibində Qarabağ-ermənilərsiz Qarabağ deməkdir”, Dünya birliyi soyqırım qarşısında qalan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır”, Münaqişənin yeganə həll variantı: “sağ qalmaq naminə-ayrılmaqdır”, “Müharibəni Türkiyə başlayıb və məqsəd Azərbaycanla birgə ermənilərin ikinci soyqırımına nail olmaqdır” və sair kimi fikirlərdən ibarət idi.
Lakin Qərb siyasi texnoloqlarından dərs alan qüvvələr hərbi meydanda sürətlə itirdikləri mövqelər fonunda diplomatik cəbhədə də qurduqları qalaların səmərəsizliyini dərk edərək, xaotik şəkildə ənənəvi arqumentlərə möhtac qaldılar.Məsələn, Kiselyovun moderatorluğu ilə baş tutan teleduelin sonunda aparıcının Paşinyana “sizin güzəştiniz nədən ibarətdir” sualına “istəyirik ki, Qarabağ erməniləri müqəddaratlarını təyin etsinlər” cavabı gerçəkdən də iflas idi.Çünki həmin ifadənin kiçik bir dəyişiklik, oradan “öz” önlüyünün çıxarılması yenilik deyildi və həmin müddəanın Bakının güclü müqaviməti qarşısında diplomatik tullantıya çevrildiyini çoxları bilirdi. Onda nə oldu, iki il ərzində hakimiyyətdə olan komanda demokratik dünyanın dəstəyini qazanmaq və işğalı legitimləşdirmək üçün özünə fərqli bir proqram hazırlamamışdımı, Koçaryan-Sarkisyan cütlüyünün ayaqda qaldığı hüquqi və siyasi bazadan kənarda onlar Brüsselə, Vaşinqtona başqa nə təklif edirdilər?
Bəlli oldu ki, heç nə. Əks halda həqiqətən də Avropa Birliyinin Qafqazda güclənən planları fonunda rəsmi Bakını tarazlı siyasətindən döndərmək üçün hazırlanan saziş layihələrində ərazi bütövlüyümüzü şübhə altına alan mövqe getdikcə güclənirdi və hadisələrin gedişi yerləşdiyimiz regionun bütün Qərbin təsir dairəsinə düşməsi uğrunda vuruşmanın daha da intensivləşəcəyi yəqin idi.Lakin əvvəlcə pandemiya, daha sonra 44 günlük müharibə dünyanı və ölkəmizi köklü şəkildə dəyişdirdi. İndi Ermənistan günbəgün, addımbaaddım uzun illərin səngərindən çıxaraq, eləcə də yerləşdiyi coğrafiyaya doğurduğu təhlükəyə və itirilmiş hüquqi müstəviyə, qanuni münasibətlərə doğru məcburi qayıdışlar edir.
GPS-qurğusu, yəni, Qlobal Mövqeləndirmə Sistemi dron kamikadzeləri əvəz edərək düşmən tərəfini layiq olduqları çərçivəyə sıxışdırmaqda davam edir.Əslində 10 noyabra qədər hərblə, 1 dekabradək diplomatiya ilə gedən müharibə indi naviqasiya qurğuları, kartoqrafiya və geodeziya mühəndislərinin vasitəsilə uğurla davam etdirilir.Lakin uniformaları müxtəlif olsa da, hamısı vahid komandanlığa tabedilər, tariximizdə ilk dəfə belə həmrəylik nümayiş olunur.Ağbənd kimi ən ucqarda yerləşən, amma “strateji nöqtə” adlandıra biləcəyəmiz kəndin alınmasında iştirak edən Ordu ilə indi oraya yerləşən Silahlı Qüvvələrə yol, işıq çəkən, kazarma tikən fədakar insanlar vahid bir ideyada birləşiblər.Ağır iqlim, təbii və relyef şəraitində Şuşaya elektrik enerjisi verməyə çalışan, nəhəng qüllələri qala divarlarının üzərində quran heyət üzvləri də təkcə mədəniyyət beşiyimizə mayak vermirlər, eləcə də bölgənin həyat çırağını yandırırlar, işıqlı sabahını inşa edilər.İndi müharibənin ağır nəticələri altında inildəyən Qarabağın erməni əhalisi tankdan-topdan sonra daha güclü iqtisadi şəraiti olan bir dövlətin ondan qopan arteriyaları necə özü ilə birləşdirdiyini yaxşı görürlər.
Dörd dövlətin-İran, Rusiya, Ermənistan və Azərbaycan güclərinin keşik çəkdiyi bir təmas bölgəsi-Ağbənd məntəqəsi, Mincivan qəsəbəsi və dəmir yollarının torpaq altında boy verən polad relsləri sabahın ötürücü qovşağı, daşıyıcı kəmərləri və neftin-qazın alternativi olan qlobal qan-damar sistemləridir. Əhəmiyyətini başa düşənlər fərqindədir ki, Naxçıvana dəhliz sadəcə tunel, yaxud dar koridor olmaqdan çıxacaq, daha böyük siyasi məna kəsb edəcək və Laçın yolunu kölgəsində itirəcək. Ticari-iqtisadi əlaqələr haradan axıb gedəcəksə, oraya həyat, perspektiv və uzlaşma qayıdacaq. Əvəzində uzun on illər hər cür kanallarla Xankəndini və digər əraziləri qurmaq imkanına malik bir tərəf son 30 ildə cəmisi 220 milyon dollarlıq bir büdcə yaradıbsa, onunla 70 milyard manatdan artıq ÜDM-ə malik bir dövlətlə ayaqlaşa bilməzsən.
Bəli, Ermənistan Azərbaycan torpaqlarını qarış-qarış verir, daha doğrusu, onu əsil sahibinə qaytarır, hüquqi və siyasi baxımdan tanımağa başlayır. Gerçəkdən də tarixi nailiyyətdir.Gördüyünüz kimi, fərqli informasiya seqmentlərində gedən diskusiyyalarda hansı dövrə-Pyotr zamanına, 2-ci Nikolayın çarlığı hüdudlarına, Cümhuriyyət, Stalin, yoxsa, 1920-ci il Zəngəzurun iki yerə bölünməsinə qayıdaraq hesablama nöqtəsi seçmək, əsrlərdir davam edən müharibəni necə başa çatdırmaq ətrafında dərin və gərgin diskussiyalar gedir.
Uzun illər Sovetlər birliyində-vahid bir çətir altında yaşamaq öz-özlyündə ümumi bir kaskad yaratdığını inkar etmək mümkün deyil.Zəngilandan Kəlbəcərədək 100 kilometrlərlə məsafənin verdiyi strateji üstünlük bizi on illərlə bəlli bir nöqtəyə-Qarabağa və onun ətrafına baxmaq məhkumlğundan artıq xilas edib.Millətin vizionu hər gün dəyişir.Bir vaxtlar qorxu saçan və işğalın miqyasını aşıb şüurlarda özünə kök salan, bir neçə min kvadrat kilometrlik məkandan daha böyük görünən “erməni dünyası” gözümüzün qabağında əriyir, kiçilir, müxtəlif həlqələri dağılaraq yox olur.
Youtube kanallarına düşən onlarla bəzən ironik, hətta məcarə yüklü, lakin düşmənin tarixin dərinliyində gizlənərək, qədim arxelogiyanın qalıqları altında özlərinə tapdıqları Krallıq xanədanını, Aralıq dənizindən Qara və Xəzər hövzəsinə qədər uzanan məkrli planlarını puç edir və yeni reallıq formalaşdırır. Görün, indi nə qədər elmi əsər, çəkilən film, yazılan ssenari, ədəbi prozalar, personajlar, obrazlar, onlara xərclənən milyardlar və nəhayət, ənənəvi yaşam modeli iflasa uğrayır.
Dünyanın gözü qarşısında Azərbaycan yeni ərazilərdə dövlətləşir, strukturlaşır, yeni sərhədlərə qovuşur.Əbəttə, söhbəti geopolitikaya çəkmədən tək bir faktı deyək ki, qazanılan hər qarış yeni Vətən torpağı özündən qat-qat böyük təhlükəsizlik üfüqləri, iqtisadi-siyasi üstünlüklər gətirir və qətiyyən onu bir vaxtlar itirilmiş 7 rayonun ermənilər üçün oynadığı “bufer zona” ilə müqayisə etmək olmaz. Bizim nümunədə itirilmiş mövqelərin bərpası təkcə on illərlə davam edən natamamlığı aradan qaldırmır, qalibiyyət hüdudsuzluğu yaradır, gələcəyə sonsuz imkanlar açır.
Ermənilər layiq olduqları çərçivələrə sıxıldıqca, əsil boyuna-çəkisinə uyğun bir şəkil aldıqca, Azərbaycanın xəritəsi, onunla bərabər özü, düşüncəsi, milli və siyasi kimliyi dəyişir, eqosu yüksəlir, “natamamlıq kompleksi” “qalib xalq” duyğusu əvəz edilir.Daha xalqın övladları təkcə avtomatın, pulemyotun və 5-ci nəsil hərbi texnologiyasının gözlüyündən 90-cı illərin yaratdığı cəbhə xəttinə baxmır, onlar dağıdılıb, yoxdular, indi qalib əsgər və eləcə də kosmik heyət Ali Baş Komandanın 24 dekabrda elan etdiyi yeni hədəflərə köklənib. Hansılardır onlar?
Yalnız Vətən müharibəsində xərclənən silahların yerini doldurmaq deyil, eləcə də yeni modern ordu və hakimiyyət qarşısında böyük bir vizion naminə qələbə strategiyasını davam etdirmək tələb olunur. Lakin xalqı, siyasi və ictimai institutları yeni dövrə hazırlayaraq, idarəçilikdə baş verən fundamental islahatları dərinləşdirərək və Silahlı Qüvvələrdə olduğu kimi bütün hakimiyyət qollarında 5-ci nəsil menecmenti, tələbləri, çağırışları, vahid komanda prinsiplərini bərqarar etmək gərəkdir. Bəli, gözlərimiz önündə Qafqazlarda yeni arxitekturanın konturları cızılır, pandemiyanın bəşəri təhlükəsi fonunda fərqli dünya nizamının əsasları qoyulur.
Azərbaycan Türkiyə və keçmiş sovet məkanı, Asiya və Avropa arasında işğal keçmişindən yarımçıq qalan layihələri təzədən dövriyyəyə qaytarır, yalnız Gürcüstan üzərindən Qərblə kommunikasiya əvəzinə, eləcə də neft-qaz-dəmir yollarına paralel siyasətlərini təşviq edir.İndi onlarla dövlətin investorlarını yüksək zəmanətlər altında həmin ərazilərə gətirmək iqtisadi baxımdan beynəlmiləl bir mühit yaratmaq deməkdir. Doğrudur, coğrafi-hərbi baxımdan ordumuzun əli ilə sökülən “Ohanyan xətti”nin beyinlərdə hələ yaşaması uzun müddət regiona kosmik sistemlərdən göz yetirənlər kimi müşahidə imkanı vermir.Nəticədə miqyaslı düşünən, institusional hazırlığı yüksək olan qurumlar, təsisatlar və kadrlar çox azdır.
Ermənistanın bizi tanıması bütövlükdə misli-bərabəri olmayan hadisədir.Başa düşmək lazım idi ki, qayda-qanunu saymayanda sonu belə olur.İndi sovet xəritəsi yeganə xilas matrisasına çevrilib. Təkcə bir evin, örüş yerinin, yamacın, suyun, əvvəlki zavodun yeri dəyişmir, həm də işğal çəkildikcə regiona olan inam artır, vizion dəyişir, yeni sərhədlər qəfəslik şəklində deyil, elə Kəlbəcərin, Laçının zirvələrindən ən güclü Radiolokasiya sistemlərinin yaratdığı aydın müşahidə tablosu açılır, güc və enerji, iradə və istəklər birləşir, keçmiş asılılıqlar aradan qalxır.
Bir əcnəbi deputat mənə dedi ki, ortaya “Çin səddi” hörsəniz, gələcək mübahisələrdən birdəfəlik yaxa qurtararsınız. Lakin Azərbaycanin qalibiyyətinin hüdudlarını məhdudlandırmaq Donald Trampın Meksika ilə sərhəddə inşa etdiyi divarın eynisi ola bilməz. Söhbət işin mürəkkəb landşaft çətinliyindən getmir.Azad olunan əraziləri elm, təhsil, siyasət və pulla təchiz edərək, ən əsası, yüksək məskunlaşma siyasəti ilə möhkəmləndirərək düşmən nəzərlərini dəf etmək mümkün olacaq və silahsız müharibə gerçək savaşla eyni nəticəni verəcək.Əks halda, həmin daş və sütunlar bizi qəfəsə alardı.
Qubadlının üzü Zəngəzura doğru cəmi bir neçə evdən ibarət olan Şurnux(Vorotan) kəndindəki 12 evin, yaxud Zeyvə (David bəy), Əkərək (Aqarak) və digər məntəqələrin qaytarılmasından sonra “Laçın dəhlizi”nə keçmək istəyən hərbi heyətin Zəngəzurda saxlanılması, onların hərəkətinə icazə verilməməsi aylardır küçə və kreslo davası aparan İrəvan etirazçıları ilə hakimiyyət komandasına verilən dəqiq mesajdır:məsələ kiçik bir inzibati ərazinin taleyindən, orada yaşamış azsaylı qrupun humanitar qayğılarından ibarət deyil.Məğlubiyyətin şərtlərini yaşamağa hazır olmaqdan başqa yol yoxdur.
Ermənistan daxilində suverenlik və ərazi bütövlüyünün pozulması iddiaları, yaxud Paşinyanın ünvanına səsləndirilən ittihamları, onun “Türkiyə və Azərbaycanın agenti” olması, tamamilə MİT-in təlimatları altında hərəkət etməsi söhbətləri getdikcə daxili siyasətin məlzəməsi olmaqdan çıxır, erməni təfəkkürünün məruz qaldığı dərin sarsıntının və transformasiyanın ifadəsinə çevrilir.Daha dəqiq deyilsə, İrəvanın Qarabağlaşması baş verir-Azərbaycan adı hər gün tarixi küçələrə, dalanlara daxil olur və kabus kimi şüurlara gətirilir.Həqiqətən Baş nazirinə qəzəblə “türk” deyən kütlə, Mərkəzi binada əyləşən adamın “onlardan olmadığı”nı düşününlər fərqində deyillər ki, bununla da milli psixologiyalarının dərin qatlarında tarixən İrəvanın azərbaycanlı xanlıq keçmişinin genetik oyanışını nümayiş etdirmirlərmi? Cavaba ehtiyac qalmır- çünki işğal gələcəyi deyil, keçmişi geriyə qaytarıb.Ona görə də milli yaddaş zühur edib, yəni aldatmır.O müxtəlif formasiyalardan keçərək 200 və 100 il sonra təzədən üzə çıxır.İrəvanı türk idarə etsə, Türkiyə ilə sərhədlərin açılaraq Azərbaycanla bütün yollarla keçid yaransa, onda özünüqoruma istinkti altında on illərdir xalqı istismar edən daşnaklar, federalistlər və millətçilər “iqtisadi işğal” haqda uydurmalarını gündəm gətirməklə proseslərin inkişafını geri döndərə bilməyəcəklər.Məgər, Libaridyanın ABŞ-dan az qala hayqırtı ilə dediyi “qonşuya düşmən kimi baxmaq olmaz” tələbəni-müqəddəs vəsiyyətini onun xalqı eşitmirmi?
Bu yerdə siyasi mərkəzlə kilsə parçalanıb, daha onun dövləti, icra hakimiyyətini, siyasi qərar qəbuletməni və nəhayət, gerçək silahlı döyüşü, tankı, topu öz əlinə götürməsi də mümkün deyil.
Ermənistan kiçildikcə, ərazicən gerçək ölçüsünə qayıtdıqca, onun dünya dövlətlərindəki dayaqları, müttəfiqləri, siyasi əhəmiyyəti, çəkisi, bir sözlə ayaqda durduğu əsatirləri də iflas edir.
Benilüks parlamentlərinin Yelisey sarayından koordinasiya olunan qərarları Qafqaz sıra dağlarının yeni havasını pozmaq gücündə deyil.

Zahid Oruc
Millət vəkili, Sosial Tətqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri