“Məmur özbaşınalığı görülən işlərə töhmət gətirir” Siyasət

“Məmur özbaşınalığı görülən işlərə töhmət gətirir”

Milli Məclisin 2021-ci il yaz sessiyasının ilk iclası keçirilib. Millət vəkillərinin müzakirəsinə 19 məsələ təqdim edilib. İclası Milli Məclisin sədri Sahibə Qafarova açıb. Daha sonra dövlət himni səsləndirilib.

Sədr 2021-ci ilin yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edib. Sahibə Qafarova 44 günlük qələbədən də söz açıb: “Prezident İlham Əliyevin müdrikliyi bizi qələbədən qələbəyə aparır. Bir daha qürurla söyləyirik ki Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən torpaqlarımız ərazi bütövlüyünə qovuşdu. Aparılan işlər siyasi diplomatik müstəvidə də davam etdirilir. Prezident İlham Əliyevin dediyi kimi bu müharibə bizi dünyaya göstərdi. Milli Məclis Prezidentin siyasətini dəstəkləmək üçün əlindən gələni edir. Biz Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq”.

Sahibə Qafarova əlavə edib ki, Parlamentin yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək: “Bundan əlavə, sessiya dövründə “2020-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq”. Onun sözlərinə görə, bugündən Milli Məclisin yeni saytı istifadəçilərin ixtiyarına verilib.

Deputat Fazil Mustafa diqqətə çatdırıb ki, kommunal sahədə müəyyən tənzimləmələrə ehtiyac yaranıb: “Məsələn, suyun, qazın qiymətiylə bağlı doğru izahat verilməlidir. O cümlədən şəhid ailələri ilə bağlı problemə aidiyyatı qurumlar doğru izah verməli idi. Bu məsələ dövlət başçısına çatan kimi Prezident məsələni həll etdi". Fazil Mustafa Məmur özbaşınalığini da qeyd edib: "Məmur özbaşınalığı müəyyən qədər görülən işlərə töhmət gətirir. Ona görə məsələlərlə bağlı məmurlar vaxtında izahat verməlidirlər”.

Deputat Siyavuş Novruzov bildirib ki, xaricdəki diplomatlarımıza qarşı erməni təxribatları işə düşüb: “Vaxtilə Türkiyə diplomatlarina qarşı da bu cür təxribatlar olub". Deputat sapı özümüzdən olan baltaların olduğunu da qeyd edib: "Sapı özümüzdən olan baltalar internet televiziyalarinda məsələləri şişirdirlər. Diaspor təşkilatlaruna müraciət edirik ki, səfirliklərimizin qorunmasında yaxından iştirak etsinlər. Həmçinin deputatlar da bu məsələdə aktiv olmalıdırlar".

Millət vəkili Əli Məsimli “bizə şəhidlərin oxuduğu məktəbə onların adlarının verilməsi ilə bağlı müraciətlər daxil olur”, - deyə vurğulayıb: “Təklif edirəm ki, küçələrə adlar verilən zaman şəhidlərin adlarına üstünlük verilsin. Qanunvericiliyi şəhid ailələrinin xeyrinə dəyişmək daha yaxşı olar”.

Deputat Tahir Kərimli isə Tarif Şurasını tənqid edib: “Sanki başımızın üstündə kabus dolaşır. Bu kabus da Tarif Şurasıdır”. Deputat bildirib ki, kimlərsə bizim müharibədə əldə etdiyimiz qələbəni gözdən salmağa çalışır: “Zəlzələni də əvvəldən bilmək olmur, Tarif Şurasının da qərarını. İnsanlar içinə çıxmaq olmur. Hamıya deputat cavab verməlidir. Tarif Şurası hansı hüquqla qiyməti qaldırır? Biz təcili Tarif Şurasını ya ləğv etməliyik ya da bu qiymətləri bizə təqdim etməlidirlər ki, onu biz müəyyənləşdirək. Narahatlığımı bildirirəm. Belə olmaz! Cənab prezidentin gördüyü işlərə kölgə salmağa çalışırlar”.

Deputat Elman Nəsirov Azərbaycan Ordusunun hərbi qulluqçularının maaşlarının artırılmasını təklif edib: “Təklif edirəm ki, Azərbaycan əsgər və zabitinin maaşları artırılsın. Çünki bizim buna gücümüz var”.

Deputat Erkin Qədirli də Tarif Şurasının qərarından danışıb. Erkin Qədirli bildirib ki, Tarif Şurası parlamentdənkənar büdcəyə müdaxilə edən qurumdur: “Tarif Şurasının üzvləri nazir müavinləridir. Onlar da siyasi məsuliyyət daşımır. Həmin şəxslər qiymətləri qaldıra bilirlər. Büdcəyə hər hansı müdaxilə parlamentdən icazəsiz olmamalıdır. Ona görə biz bu məsələni həll etməliyik”.

Deputat Aydın Mirzəzadə bildirib ki, bu il dövlət müstəqilliyimizin əldə olunmasının 30 illiyidir: “Böyük zəfərimizdən sonra Azərbaycan cəmiyyəti böyük impuls əldə edib. Bu gün bütün dünya Azərbaycanı izləyir. Azərbaycanın bəzi bölgələrində işsizliyin sayının azaldılması üçün radikal tədbirlər görülməlidir. Təklif edirəm ki, həmin bölgələrdə yaşayanların vergi yükü azaldılsın”.

Deputat Siyavuş Novruzov Milli Məclisin nternet televiziyasının yaradılmasını təklif edib. O, deyib ki, bir çox yerlərdə internet televiziyalari var: “Siz də həmişə bunu dəstəkləmisiz. Hesab edirəm ki, parlamentin internet televiziyası olsa, yaxşı olar. Buna ehtiyac var".

Deputat qeyd edib ki, internet televiziyasinda debatlar təşkil etmək olar: "Milli Məclisin fəaliyyəti haqqında yanlış fikirlər paylaşırlar. Halbuki bu böhtan və saiyələr qəsdən törədilir". Siyavuş Novruzov hərbçilər barədə də danışıb: "Əsgərlərimiz 44 günlük muharibədə rəşadət göstərib. Hərbçilərimiz evlə təmin olunsun deyirik. Eyni zamanda, hərb sahəsində çalışanlar yüksək əmək haqqı almalıdır. Bu dünya təcrübəsində də var. Dünən 50 manat alan bu gün 20 alır. Buna aydınlıq gətirilməlidir"

Sədr Sahibə Qafarova isə bildirib ki, parlametlə bağlı həftədə bir dəfə İctimai televiziyada veriliş yayımlanacaq. Əslində bu ötən sessiya üçün nəzərdə tutulub.

Deputat Sabir Rüstəmxanlı deyib ki, xaricdə yaşayan azərbaycanlıların sənəd alması çox vacibdir: “Pasportlar haqqında əsasnamə 1994-cu ildə qəbul olunub. Əsasnamə əvvəlki qaydada qalıb. Halbuki indi pasportlar Miqrasiya Xidməti və DİN tərəfindən verilir. Xahiş edirəm bu məsələni gündəliyə salaq". Sabir Rüstəmxanlı suyun qiymətinin qalxmasına da toxunub: "Hesab edirəm ki, əhalini narazı salan məsələləri aradan qaldırmalıyıq. Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzini bahalaşdırır. Təklif edirəm ki, Tarif Şurasını parlametə dəvət edək. Bunları hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik".

Deputat Azay Quliyev Türkiyə ilə Azərbaycan arasında imzalanan sənəd barədə danışıb. Onun sözlərinə görə, imzalanan sənəd həm Azərbaycan, həm də Türkiyə üçün gələcəkdəki hədəflərə çatmaq üçün çərçivə rolunu oynayacaq: “İstənilən informasiya müharibəsində ayrı-ayrı dövlətlər arasında olan əməkdaşlıq çox vacibdir. 44 günlük müharibə dövründə də biz bunu gördük. Qardaş Türkiyə bizə informasiya savaşında da bizə dəstək verdi. Prezident İlham Əliyev müharibə dövründə diplomatiya sahsəsində də savaş verdi. Bu savaşda tək idi. Türkiyə media təmsilçiləri isə İlham Əliyevə bu sahədə çox böyük dəstək verdi. Bu memorandumda konkret birgə əməkdaşlığın təməl prinsipləri müəyyənləşib. Bu gün informasiya müharbəsi davam edir".

Deputat bu müharibənin arealının daha da genişlənəcəyini vurğulayıb: "Azərbaycanda Media Agentliyinin yaradılması da bu baxımdan əhəmiyyətılidir. Bu agentlik türkiyəli həmkarlarla iş qurmaq üçün İş planı hazırlamalıdır. Bu gün informasiya savaşında Türkiyənin dəstəyinə daha çox ehtiyacımız var. Türkiyə-Azərbaycan işbrliyi nəticəsində Vətən müharibəsinin olduğu kimi həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq. Bu memorandumun imzalanması bizim üçün tarixi əhəmiyyətlidir”.

Deputat Fəzail Ağamalı bildirib ki, Türkiyə və Azərbaycan arasındakı bu sənəd ulu öndər tərəfindən əsası qoyulmuş "iki dövlət bir millət" konsepsiyasına söykənir. Deputat 2020-ci ilin dünyaya bəla gətirdiyini vurğulayıb: "Buna baxmayaraq, biz ötən ildə ciddi uğura imza atdıq.Torpaqlarımizin bir hissəsini işğaldan azad etdik. Münaqişəyə nöqtə qoyduq. ATƏT-in edə bilmədiyini özümüz etdik". Fəzail Ağamalı Türkiyə ilə Azərbaycan arasında bağlanan anlaşma memorandumunun ciddi sənəd olduğunu deyib: "İki dövlətin uzun zamandan bəri davam edən əlaqələri və informasiya müharibəsində imkanlarimizi inkişaf etdirmək potensiali verir. Türkiyə mediası həm arxa, həm də ön cəbhədə yanımızda idi. Təkcə türk oxuculari üçün deyil, dünya üçün də həqiqətləri nümayiş etdirirdi. Bu sənəddə qarşıya qoyulan işləri ratifikasiya edəcəyik. 6 millətin bir dövlətə çevrilməsi prosesi gedir".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, yaz sessiyasının qanunvericilik işləri planında nəzərdə tutulan məsələlər, qanunvericilik aktları ölkəmizin inkişafı, tərəqqisi üçün töhfə verəcək qanunvericilik aktlardır. Bunlar çox mühüm məsələlər və addımlardır. O, bildirib ki, istər İkinci Vətən Müharibəsi, istər möhtəşəm Qələbə, istərsə qazanılan tarixi Zəfərdən sonra görülən işlər Azərbaycanın bir daha gücünü, bir daha əzmini, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin bir daha iradəsini və bir daha qətiyyətini göstərdi, nümayiş etdirdi. Onun sözlərinə görə, dünya qarşısında bir daha güclü Azərbaycanı və onun güclü Liderini gördü. Komitə sədrinin müavini eyni zamanda bildirib ki, qarşıda ölkəni çox böyük işlər, hədəflər, xüsusilə, Qarabağın bərpası və dirçəldilməsi gözləyir. Jalə Əliyeva bu baxımdan, Qarabağın, işğal olunmuş ərazilərimizin bərpası və dirçəldilməsi yönündə qanunvercilik aktlarının qəbulunun və mövcud olanların təkmilləşdirilməsinin vacibliyini bildirib.

Milli Məclisin iclasında İqtisadiyyat siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, dövlət büdcəsinin gəlirləri 3 istiqamətdən formalaşır: Neft Fondu, vergilər və rüsumlar. Bunların hamısını Milli Məclis tərəfindən qəbul edilir: vergi dərəcələri, rüsumlar və s. Tarif Şurasının qərarlarının dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir edəcəyi ilə bağlı həmkarlarım bəzi fikirlər səsləndirdi”. Deputat bildirib ki, Tarif Şurasının qiymət qaldırmasının dövlət büdcəsinin gəlirlərinə ciddi təsir edəcəyini demək düzgün deyil: “Büdcənin Milli Məclis tərəfindən təsdiq olunmuş gəlirləri nəzərdə tutulan gəlirlərdən 15% çox olarsa, may ayının 15-dən oktyabr ayının 15-dək büdcəyə yenidən baxılacaq”.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli Zülfüqaroğlu