Şuşanın mənəvi statusları özünə qaytarılacaq - Dövlət başçısının ardıcıl QURUCULUQ PLANI Siyasət

Şuşanın mənəvi statusları özünə qaytarılacaq - Dövlət başçısının ardıcıl QURUCULUQ PLANI

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfərlə ərazilərinin işğalına son qoydu. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin edildi. İndi isə qarşıda duran ən mühüm vəzifə həmin ərazilərin bərpası və yenidən qurulmasıdır.

Prezident İlham Əliyev fevralın 1-də Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad olunmuş ərazilərə qayıdışdan əvvəl görüləsi işlərin ardıcıllığını göstərdi. Dövlət başçısı bu ərazilərdə bina, ofis və digər obyektlər tikmək istəyən ayrı-ayrı məmurlara konkret olaraq xbərdarlıq etdi. Vurğuladı ki, heç kim bu ərazilərdə özbaşınalıq edə bilməz. İşğaldan azad olunmuş ərazilərdə bütün məsələlər düşünülmüş, planlı şəkildə, ardıcıllıqla, ən yüksək müasir standartlar nəzərə alınmaqla həyata keçirilməlidir. Azad edilmiş torpaqların bərpası ilə bağlı Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Bütün təkliflər, təşəbbüslər ora göndərilməlidir. Razılaşdırılmadan işğaldan azad olunmuş ərazilərdə nümayəndəliklərin açılacağı barədə bəyanatlar özbaşınalıqldır və yolverilməzdir.

Xüsusi idarəetmə strukturu modelinin mahiyyəti

Çünki bu ərazilər hər şeydən əvvəl Minalardan təmizləməli, daha sonra işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməlidir. İnfrastruktur layihələrinin icra edilməsi, sosial obyektlərin və yaşayış üçün şərait yaradılması, evlərin tikilməsi bütün bunlardan sonra aparılmalıdır.

İşğaldan azad olunmuş ərazilərin məhz bu ardıcıllıqla inşasına dövlət başçısı şəxsən özü nəzarət edəcək. Ona görə də artıq heç bir məmur və ya sahibkar burada özbaşınalıqlara yol verə bilməyəcək. Azərbaycan Prezidenti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaradılmış xüsusi idarəetmə strukturu modelinin mahiyyəti, məqsədi də məhz bütün bu neqativ halların qarşısının alınması, səmərəli və operativ idarəetmənin həyata keçirilməsidir.

Şuşa xüsusi həssaslıq tələb edir

İşğaldan azad edilmiş ərazilər içərisində Şuşanın xüsusi həssaslıqla bərpa edilməsi isə qarşıda duran əsas vəzifələrdəndir. Elə buna görə də dövlət başçısı öz xüsusi nümayəndəsini ilk olaraq məhz Şuşaya təyin etdi. Çünki, Şuşa şəhəri xüsusi plan əsasında bərpa edilməli, onun təkcə Azərbaycanın mədəniyyət mərkəzi deyil, eləcə də regionun və dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilməsi konsepsiyası həyata keçirilməlidir. Artıq bununla bağlı konkret tapşırıqlar var.
Bilirsiniz ki, XIX əsrdə Şuşada tikinti quruculuq işləri geniş vüsət almış, türk-müsəlman ruhunu daşıyan şəhərdə həm də Şərq memarlıq məktəbləri ilə yanaşı, Avropa memarlığının bəzi xüsusiyyətlərini özündə əks etdirən tikililər inşa edilmişdi. Məhz bunun nəticəsi idi ki, Şuşanı bəzən "Kiçik Paris", "Şərqin Parisi" də adlandırırdılar. Ona görə də Şuşanın həmin əzəmətini yenidən qaytarmaq üçün onun bərpasına məhz belə həsasslıqla yanaşılmalıdır.

Görüləcək işlər, həyata keçiriləcək layihələrlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini təhlil etdikdə əminliklə söyləmək olar ki, Şuşa nəinki Azərbaycanın, ümumilikdə Qafqazın mədəniyyət mərkəzinə çevriləcək. Şuşa şəhərinin XIX əsrin ikinci yarısı – XX əsrdə mövcud olmuş Qafqazın mədəniyyət beşiyi, konservatoriyası kimi mənəvi statusları özünə qaytarılacaq.

Dövlətin müəyyən etdiyi xətt üzrə hərəkət etmək borcumuzdur

Ona görə də Şuşa başda olmaqla, işğaldan azad edilmiş bütün ərazilərin bərpası məsələsi dövlətin xüsusi nəzarəti altındadır və orada görüləcək işlər ən yüksək səviyyədə razılaşdırılır. Odur ki, bərpa ilə bağlı bütün təkliflər, təşəbbüslər bununla bağlı yaradılmış Əlaqələndirmə Qərargahına göndərilməlidir. Əks təqdirdə, bəzi dövlət qurumları, məmurlar bu cür razılaşdırılma olmadan hansısa bəyanat yayanda, hansısa qurumun azad edilmiş ərazilərdə nümayəndəliyinin yaradılacağı ilə bağlı məlumat yayanda cəmiyyətdə çaşqınlıq və haqlı narazılıq yaranır.

Dövlət başçısının bununla bağlı xüsusi xəbərdarlığından sonra hər kəsin nəticə çıxaracağını söyləmək olar. Artıq hər birimizi bir məsələ düşündürməlidir – işğaldan azad olunan ərazilərin planlı və keyfiyyətli şəkildə inşası. Bunun üçün dövlət səviyyəsində müəyyən edilən xətt üzrə hərəkət etmək hamımızın borcudur.