"Hərbçilərimizin əmək haqlarındakı artımı yaxın zamanda görəcəyik" - AÇIQLAMA Siyasət
Emin Həsənli: “Araşdırmaların sonunda məsələ hər kəsin istədiyi kimi həll olunacaq”
Azərbaycanda hərbçilərin maaşlarının azaldılması son bir ayda əsas müzakirə mövzularından biridir.
İlk vaxtlar məsələnin həll olunacağı gözlənilsə də, günlər öncə hərbçilərin maaşları kartlarına əvvəlki kimi- heç bir artım olmadan köçürülüb.
Bu hal ictimaiyyətdə müzakirələrin daha da genişlənməsinə səbəb olub və əksəriyyət qınaq mövqeyindən çıxış edib.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli narazılığını açıq şəkildə büruzə verib.
O bildirib ki, ordu, hərbçilərlə bağlı məsələ cəmiyyətimizin diqqət mərkəzindədir:
“Bu, hər zaman belə olub. Müzəffər ordumuzun Vətən müharibəsindəki qələbəsindən sonra cəmiyyətimiz onlara yüksək qayğı və diqqətlə yanaşır. Belə də olmalıdır. Hamımız ordumuzu sevməli, orada qulluq edənlərə böyük ehtiram göstərməliyik. Hər kəsi hərbçilərin maaşlarının endirilməsi məsələsi narahat edir. Bu məsələ ilə bağlı Maliyyə və Müdafiə Nazirliyi açıqlama verib ki, araşdırma aparılır”.
Hərbi ekspert ümidli danışıb: “Böyük ümid bəsləyirik ki, bu araşdırmaların sonunda məsələ hər kəsin istədiyi kimi həll olunacaq. Doğrudur, müharibə dayanıb və hərbçilərimiz müharibə dövründəki kimi xidmət aparmırlar. Amma bu gün azad edilmiş yerlərdə hərbi kazarmalar yoxdur. Düşmən daşı daş üstə qoymayıb. Cənab prezident, Ali Baş Komandan demişkən, buradan bir vəhşi qəbilə keçib. Digər tərəfdən, həmin ərazilər minalardan təmizlənir. Yüksək rütbəlilər səviyyəsində bir neçə hərbi qulluqçumuz minaya düşdü.
Hava şəraiti o yerlərdə qış ayları olduğu üçün sərtdir, ərazilər təhlükəlidir. Üstəlik, ailələrindən uzaqda 24 saat xidmət aparan, şənbə-bazar demədən vətənin keşiyində duranlarla Bakı, Gəncə və digər yerlərdə xidmət edənlər eyni maaşı ala bilməzlər. Təsəvvür edin ki, burada xidmətdə olanlar səhər evdən çıxıb, axşam evlərinə qayıdırlar. Bəs uzaq yerlərdə xidmət edənlər necə? Həmin hərbçilər isə növbəlilik şəklində xidmət edirlər, olduqları yeri tərk edə bilməzlər, ailələrinin üzünü aylarla görmürlər. Öz yaxınları ilə belə əlaqə saxlamaqda çətinliklərlə üzləşirlər ki, bunlar da təbiidir. Məzuniyyət ildə bir dəfə, bəzən də iki dəfə verilir.
Onların məsuliyyətləri həddindən artıq çoxdur. Digər tərəfdən bu adamlar maaşlarına güvənib kredit götürüblər, ipoteka ilə ev alıblar. Onlar planlaşdırmırdılar ki, maaşları qəfil yarıbayarı azalacaq. Ölkə prezidenti hər zaman şəhid ailələrinə, Qarabağ əlillərinə, 20 Yanvar faciəsi iştirakçılarına, Milli qəhrəmanlarımıza, Çernobıl əlillərinə diqqət ayırıb, onlara mənzillər, avtomobillər verir, övladlarını təhsil haqlarından azad edir. Bir çox güzəştlər də var. Bu yaxınlarda “YAŞAT” Fondu yaradıldı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansından 4700 ev alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildi.
Ekspert bildirib ki, 6 mindən çox evin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi gözlənilir:
"Hərbi qulluqçulara mənzillər verilir, onların sosial vəziyyətləri yaxşılaşdırılır. Hərbçilər birbaşa dövlət başçısının diqqət və qayğısı altındadır.
Bütün bunları nəzərə alaraq, bu məsələnin həll olunacağına inanıram. Hesab edirəm ki, ödənilməyən ayların pulları da hərbi qulluqçuların kartlarına köçürülməlidir. Eyni zamanda, onlar qalib ordunun hərbçiləridir. Hər biri bu müharibədə şəhid ola, yaralana bilərdi. Müharibədə iştirak etmiş hər bir şəxs bu və ya digər formada zədə alıb.
Bu zədəni illərlə özündə daşıyacaq. Ən yaxın döyüş yoldaşlarını gözlərinin önündə itiriblər, yaxud yaralanmalarının şahidi olublar. Cəmiyyətin bu məsələyə olan həssaslığı təbiidir. Çünki onları ordumuz qalib edib. Orduya, hərbi qulluqçuya münasibət vətənə, dövlətə olan münasibətdir. Bunları bir-birindən ayırmaq olmaz. Ehtiyatda olan hərbi qulluqçularla əlaqə saxlayırıq ki, onların da hər birinin ordumuzla yaxın əlaqələri mövcuddur. Bildirilir ki, yaxın vaxtlarda ciddi dəyişikliklərin şahidi olacağıq. Döyüş yerlərində xidmət edən hərbçilərimizin əmək haqlarındakı artımı yaxın zamanda görəcəyik. İki ayda almadıqları əmək haqqı da kartlarına köçürüləcək”.