Həsən Zeynalov “İlin diplomatı” oldu Siyasət

Həsən Zeynalov “İlin diplomatı” oldu

Martın 5-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Azərbaycan-Türkiyə dərnəklərinin və digər qeyri-hökumət təşkilatlarının, İstanbulda yaşayan türk və azərbaycanlı ziyalıların, elm və incəsənət adamlarının iştirakı ilə toplantı keçirilib. Konsulluqdan verilən xəbərə görə, toplantı zamanı dərnəklərin, diaspor təşkilatlarının və Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə çalışan bütün soydaşların fəaliyyətinin Baş Konsulluqla əlaqələndirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin zəruri olduğu vurğulanıb.
Toplantıda çıxış edən baş konsul Həsən Zeynalov son illərdə Baş Konsulluq tərəfindən görülmüş işlər, ümumi hədəflər istiqamətində qət edilmiş yol və əldə edilmiş uğurlar barədə qısa məlumat verib. Azərbaycan Türkləri Mədəniyyət və Təhsil Vəqfinin (ATKEV) sədri Erol Göllü çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafında, Azərbaycan həqiqətlərinin Türkiyədə yayılmasında, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində dolğun məlumatların geniş kütlələrə çatdırılmasında, Xocalı soyqırımının tanıdılması işində, xüsusən bu ilin fevralında Türkiyənin Uşak şəhərində "Xocalı soyqırımı" abidəsinin açılmasında, bununla yanaşı Türkiyədəki soydaşlar arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsində baş konsul Həsən Zeynalovun xidmətləri onun rəhbərlik etdiyi Vəqf tərəfindən diqqətlə izlənir və yüksək qiymətləndirilir.
Erol Göllü bu fəaliyyəti nəzərə alaraq ATKEV İdarə heyətinin baş konsulu "İlin diplomatı" adına layiq gördüyünü bildirib. Sözünə davam edən Vəqf sədri ATKEV İdarə heyəti adından baş konsula "İlin diplomatı" mükafatını təqdim edib.
Daha sonra tədbirdə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, "İpəkyolu" Media Qrupunun sədri Seyfulla Türksoy, İstiqlal müharibəsinin qəhrəman generalı Kazım Karabekirin qızı Timsal Karabekir, şair Abbas Gökçe, ATKEV İdarə heyətinin üzvü Neşe Doster, professor Adil Allahverdiyev və digər şəxslər çıxış edərək soydaşların, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə çalışan bütün vətənpərvərlərin birləşdirilməsi naminə, habelə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycan reallıqlarının, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin Türkiyədə işıqlandırılması istiqamətində Baş Konsulluq və bilavasitə baş konsul tərəfindən göstərilən səyləri yüksək qiymətləndiriblər.
Mükafatı qəbul edən Həsən Zeynalov soydaşlarımız tərəfindən ona və rəhbərlik etdiyi kollektivə göstərilən etimada və fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib. Toplantı iştirakçılarına xitabən, Baş Konsulluqla əməkdaşlıq edən dərnəklərimiz və soydaşlarımız olmadan heç bir nəticə əldə etməyin mümkün olmayacağını vurğulayan Həsən Zeynalov bu mükafatın şəxsən onun üzərinə əlavə məsuliyyət qoyduğunu və vəzifə borcunu yerinə yetirərkən səylərini daha da artırmağa və fəaliyyətini genişləndirməyə stimul verdiyini söyləyib.

Fədakar diplomat

Həsən Zeynalovun diplomatik fəaliyyətini onun Azərbaycanın Qarsdakı baş konsulu olduğu vaxtdan izləyirəm. Qarsın həssas bir bölgə olduğunu və ölkəmiz üçün nə qədər böyük strateji önəm daşıdığını bilənlər, yəqin ki, burada fəal və çoxşahəli diplomatik fəaliyyət göstərmənin çətinliyini başa düşürlər.
Ermənistan və bu işğalçı ölkəni himayə edənlər, Türkiyədəki və xaricdəki erməni diasporunun nüfuz müvəkkilləri hər zaman Qars və bu bölgənin ətrafındakı əraziləri diqqət mərkəzində saxlamağa, bu kiçik, lakin tarixin bütün dönəmlərində geosiyasi əhəmiyyət daşıyan coğrafiyada öz təsirlərini qoruyub-saxlamağa, gücləndirməyə çalışıblar. Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində çaba göstərən qüvvələrin də bu ərazidə xüsusi fəallıq nümayiş etdirmələri də təsadüfi deyil. Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr bu ərazidə qeyri-hökumət təşkilatları, bələdiyyələr və bəzi digər qurumların iştirakı ilə Ermənistanla bağlı çeşidli layihələrin həyata keçirilməsinə cəhd göstərirlər.
Qardaş Türkiyəni ən ağır bəşəri cinayətdə ittiham edən Ermənistanın və erməni diasporunun səyi ilə Qarsın ən ucqar nöqtəsində "türk-erməni dostluğu" abidəsinin ucaldılmasını, bir müddət sonra sökülməsini yəqin ki, çoxları xatırlayır.
Türk düşmənlərinin həyata keçirmək istədiyi bu təxribat xarakterli addımların qarşısının alınması üçün Həsən Zeynalovun nə qədər böyük fədakarlıq nümayiş etdirdiyini yaxşı bilirəm.
Həsən Zeynalovun İstanbuldakı fəaliyyətinin nəticələri də artıq göz qabağındadır. Təkcə Uşak şəhərində Xocalı soyqırımının qurbanlarına ucaldılmış abidə və bu abidənin üzərində "soyqırım" ifadəsinin yer alması mühüm bir hadisə kimi dəyərləndirilməlidir.
Bu baxımdan, Həsən Zeynalovun "İlin diplomatı" mükafatına layiq görülməsi bu günədək həyata keçirilən fəaliyyətin məntiqi nəticəsidir.
Dəyərli baş konsulumuzu təbrik edir, fəaliyyətində uğurlar arzulayıram.

Elçin Mirzəbəyli