ABŞ minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərməlidir - Könül Nurullayeva Siyasət

ABŞ minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərməlidir - Könül Nurullayeva

ABŞ Konqresinin Nümayəndələr Palatasında Erməni Qrupunun üzvləri tərəfindən Azərbaycanı hədəfləyən qətnamə layihəsi erməni diasporunun növbəti təxribatçı fəaliyyətinin davamıdır. Təsadüfi deyil ki, erməni diasporunun təzyiqi ilə ermənipərəst konqresmenlər tərəfindən dəfələrlə müxtəlif bəyanatlar verilib, ABŞ Administrasiyasına məktublar göndərilərək, bir sıra qərəzli layihələr irəli sürülüb. “Azərbaycan tərəfindən bütün müharibə əsirləri və əsir götürülmüş mülki şəxslərin azad edilməsi ilə bağlı Nümayəndələr Palatasının mövqeyinin ifadə olunması” adlı layihə hələ rəsmi olaraq təsdiqlənməsə də, müəlliflər bu əsassız sənədin geniş dəstəyini əldə etmək istiqamətində çalışırlar. Lakin sənəddəki iddiaların heç bir hüquqi əsası yoxdur.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, ilk növbədə onu qeyd etməliyik ki, Azərbaycan tərəfindən guya “girov” kimi saxlanıldığı iddia edilən 200-ə yaxın hərbi və mülki şəxslərə dair məlumatlar tamamilə əsassızdır: "Hərbi əsirlərin mübadiləsi məsələsində Azərbaycan tərəfi xüsusi həssaslıq göstərərək Vətən müharibəsi zamanı əsir düşmüş 43-ü hərbçi və 28-i mülki şəxs olmaqla, ümumilikdə 71 erməni vətəndaşını 10 noyabr tarixli üçtərəfli bəyannamənin 8-ci bəndinin şərtlərinə uyğun şəkildə qarşı tərəfə geri qaytarıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə tapılan 1274 cəsəd də qarşı tərəfə təhvil verilib. Lakin erməni tərəfi terrorçu-diversantları da “əsir” kimi qələmə verməyə çalışır. Bununla Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq, bölgədə dayanıqlı sülh və təhlükəsizliyə mane olmağa can atır.

Azərbaycan ilk gündən 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin bütün müddəalarını tam məsuliyyətilə icra edir.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. Bu razılaşma dayanıqlı sülhün əsas qarantıdır. Amma təəssüf ki, erməni tərəfinin müxtəlif təxribatçı davranışları beynəlxalq ictimaiyyət tərəfindən susqunluqla qarşılanır. Bu yanaşma erməni tərəfinin pozucu fəaliyyətin miqyasını daha da genişləndirməsinə səbəb olur. Eyni ilə işğal dövründə olduğu kimi-ABŞ başda olmaqla bir çox beynəlxalq güclərin Ermənistana təzyiq göstərməməsi bölgədə “status-kvo”nun 30 ilə qədər uzanmasına gətirib çıxardı".

Deputat qeyd edib ki, təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti hələ aydınlaşdırılmayıb:

"Maraqlıdır ki, ermənipərəst konqresmenlərin hazırladığı üzdəniraq sənəddə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyəti ilə birbaşa və ATƏT-in Minsk Qrupu vasitəsilə müdaxilə etməyə çağırılır. Amma əslində istər Dövlət Departamenti, istərsə də vasitəçilər ilk növbədə Ermənistana təzyiq göstərərək Birinci Qarabağ savaşında itkin düşmüş 4 minə yaxın soydaşımızın aqibətini aydınlaşdırmağa, eyni zamanda minalanmış ərazilərin xəritəsini verməyə məcbur edilməlidir. Bunun üçün Azərbaycan tərəfinin arqumentləri var. Hərbi əməliyyatların bitməsindən bu günədək işğaldan azad olunmuş ərazilərdə mülki şəxslər və hərbçilər daxil olmaqla 20-yə yaxın şəxs minaya düşərək həlak olub. 62 hərbi qulluqçumuz və 9 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu da Ermənistanın post-müharibə dövründəki cinayətləridir.

ABŞ Administrasiyası başda olmaqla beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı susqunluğu təəssüf doğurur. İkili standartlar post-müharibə dövründə də davam edir. Azərbaycan ərazilərinin işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində ABŞ hökuməti və qanunverici orqanı Ermənistanın işğalçı siyasətini, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsini qınayan, azərbaycanlı mülki əhalinin davamlı raket atəşinə tutulmasını pisləyən bəyanat verməyib. Eyni yanaşma yenə davam edir. Rəsmi Bakının isə haqlı olaraq gözləntisi və tələbi var: bölgədə həqiqi sülhün bərqərar edilməsi istiqamətində ilk addım kimi ABŞ Administrasiyası və Konqresi Üçtərəfli Razılaşmanı dəstəkləyən bəyanatlar verməlidir. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməsinə dair Ermənistana çağırış edilməlidir".