Mədət Quliyev Belarus səfirini qəbul edib Siyasət

Mədət Quliyev Belarus səfirini qəbul edib

Müdafiə sənayesi naziri Mədət Quliyev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviçi qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, nazir səfiri təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

Mədət Quliyev Azərbaycan və Belarus arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu, istər siyasi-iqtisadi, istərsə də hərbi sahələrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Nazir dövlət başçıları arasındakı səmimi dostluq və qarşılıqlı etimaddan qaynaqlanan ikitərəfli əməkdaşlığın təkcə iki ölkənin deyil, bütövlükdə regionun gələcək tərəqqisi üçün səmərəli olacağından əminliyini ifadə edib.

Daha sonra Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib. Nazir səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. M. Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.

Öz növbəsində, səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu qeyd edərək, Azərbaycan və Belarus arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.