“Baydenin dedikləri faydalı cümlələrdir” Siyasət

“Baydenin dedikləri faydalı cümlələrdir”

“ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub 4 mesajdan ibarətdir”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O deyib ki, C.Bayden məktubun birinci hissəsində administrasiyasının təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacağını bildirib: “Məktubun ikinci hissəsində Amerikanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qaldığı vurğulanıb. Məktubun üçüncü hissəsində enerji əməkdaşlığından söz açılıb: “Biz iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik”. Co Baydenin məktubda sonuncu mesajı da maraqlıdır: “Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”. E.Şahinoğlu qeyd edib ki, beləliklə, C.Baydenin İlham Əliyevə yazdığı məktub Ağ Evin əvvəlki sahibi Donald Trampın Bakıya göndərdiyi məktublardan çox da fərqlənmir: “Əlbəttə, Baydenin “Qarabağın uzunmüddətli həlli”ndən danışması xoşumuza gəlməyib. Ancaq Bayden açıq-aşkar münaqişənin həll olunduğunu da vurğulamazdı. Bu halda Bayden münaqişənin Azərbaycanın xeyrinə həll edildiyini etiraf etmiş olardı. Ağ Ev sahibləri bu etirafı dilə gətirməzlər. Buna baxmayaraq, Baydenin enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi barədə dedikləri iki ölkə arasındakı əməkdaşlığın davamı üçün faydalı cümlələrdir”.