Ermənistandan daha bir destruktiv davranış: Kiyevə qarşı düşmənçilik həm də ATƏT-in nüfuzuna ciddi zərbə cəhdidir Siyasət

Ermənistandan daha bir destruktiv davranış: Kiyevə qarşı düşmənçilik həm də ATƏT-in nüfuzuna ciddi zərbə cəhdidir

Ermənistan ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin və missiyasının daha bir iliyinə - 31 mart 2022-ci ilədək uzadılmasına əngəl törətməyə cəhd göstərib.

Diplomatik mənbələrin məlumatına görə, əgər rəsmi Yerevanın Ukraynaya qarşı yönəlmiş bu cəhdi baş tutsaydı, ATƏT üçün olduqca mühüm əhəmiyyətli, 100 milyon avrodan çox büdcəsi olan və 1000-dən çox əməkdaşın iştirak etdiyi missiya aprelin 1-dən fəaliyyətini dayandıra bilərdi. Təbii ki, Ermənistanın bu destruktiv addımı ATƏT-də və Ukraynada haqlı narahatlıq və narazılıq doğurmuşdu. Çünki missiyanın fəaliyyətini məhz indi - Donbasda hərbi vəziyyətin gərginləşdiyi və tərəflər arasında toqquşma ehtimalının artdığı bir vaxtda dayandırması çətin vəziyyət yarada bilərdi. Çünki Ermənistan faktiki olaraq Ukraynada yenidən münaqişənin alovlanmasına təkan verəcək ağılsız və düşüncəsiz addım atmışdı. Təsadüfi deyil ki, Ukrayna XİN-i bildirmişdi ki, ATƏT-in missiyası olmadan Donbasda atəşkəsə dair Minsk sülh razılaşmalarının şərtlərinin təmin olunması çətinləşəcək. Lakin həmişə olduğu kimi, bu dəfə də Ermənistanın beynəlxalq təşkilatlarda ciddi nüfuz və çəkiyə malik olmadığı sübuta yetdi, belə ki, rəsmi Yerevan qısa müddət “müqavimət” göstərə bildi və martın 31-də missiyanın büdcəsi və mandatı təsdiqləndi.

ATƏT-in missiyası olmasa, Donbasda baş verə biləcək gərginliyə görə özünün birbaşa məsuliyyət daşıyacağını anlayan Ermənistan, hər zamankı kimi, geri addım atmalı oldu. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin XİN başçısı Ann Linde ATƏT-in Daimi Şurasının missiyanın büdcəsinin və mandatının 31 mart 2022-ci ilədək uzadılmasını alqışlayıb.

Rəsmi Yerevan özünün bu destruktiv davranışı ilə yalnız Azərbaycanla dost münasibətdə olan Kiyevə qarşı düşmənçiliyini nümayiş etdirmədi, həm də ATƏT-in nüfuzuna və funksianallığına növbəti dəfə zərbə vurmağa cəhd göstərdi.

O da vurğulanmalıdır ki, Ermənistan indiyədək dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlara münasibətdə bu cür şantaja əl atıb. Misal üçün, 2016-cı il dekabrın 31-də Ermənistan heç bir arqument gətirmədən ATƏT-in Özbəkistan və Qırğızıstandakı layihə koordinatorlarının, Rusiya-Ukrayna sərhədindəki ATƏT müşahidəçilərinin mandatının uzadılmasını və ümumilikdə 2016 il üçün ATƏT-in büdcəsinin qəbulunu bloklamışdı. O zaman yalnız XİN başçısı E.Nalbandyanın Vyanaya çağırılmasından sonra Yerevan əsassız şantajı dayandırdı.

Eyni zamanda, 2019-cu ilin noyabrında Ermənistan ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun tərkibində Türkiyədən olan zabitinin olmasına etiraz edərək qrupun fəaliyyətinə imkan verməmişdi. Ermənistanın bu açıq-aşkar etnik ayrı-seçkiliyi nəticəsində ATƏT-in monitorinqlə bağlı proseduru pozuldu, türkiyəli zabitin monitorinq təlimlərində iştirakının qarşısı alındı və nəticədə monitorinq baş tutmadı...

İndi isə yenidən eyni şantaj metoduna əl atılması bir daha göstərir ki, Ermənistanın xarici siyasəti - istər qonşu ölkələrlə münasibəti, istərsə beynəlxalq təşkilatlardakı fəaliyyəti – destruktivlik üzərində qurulub və açıq-aşkar Azərbaycanla Türkiyəyə qarşı yönəlib. Bu iki ölkənin istənilən sahədəki təşəbbüsü Yerevanda etiraz və sabotajla qarşılanır. Buna misal kimi, COVİD-19 kimi qlobal problemə dair Azərbaycanın beynəlxalq arenada irəli sürdüyü humanitar təşəbbüslərin boykotunu göstərmək olar. Lakin bütün istiqamətlərdə bu sabotaj və destruktiv siyasət iflasa uğrayır. Çünki rəsmi Yerevan başladığı heç bir siyasi kampaniyanı, demarşı sonadək çatdıra bilmir. Buna nə onun nüfuzu və hörməti, nə də resursları imkan verir...