ABŞ azərbaycanlı girovların qaytarılmasına çağırır Siyasət

ABŞ azərbaycanlı girovların qaytarılmasına çağırır

Ceyms Uorlik: "Minsk qrupu tərəflər arasında danışıqlar aparılması üçün qəbul olunmuş yeganə formatdır"

"Biz aidiyyəti səlahiyyətli şəxsləri iki nəfər məhbusun Azərbaycan hökumətinə qaytarılmasına çağırırıq". Bu barədə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Kəlbəcərdə girov götürülmüş azərbaycanlılara qarşı təşkil olunmuş "məhkəmə" ilə bağlı ABŞ-ın mövqeyini şərh edərkən bildirib.
Diplomat deyib ki, bu kimi humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər: "Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəliblər və biz ümid edirik ki, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər".
Amerikalı həmsədr Ceyms Uorlik ABŞ, Türkiyə və Almaniyanın daxil olması ilə həmsədrlərin formatının genişləndirilməsi təkliflərini şərh edərkən deyib ki, Minsk qrupu prosesi tərəflər arasında danışıqlar aparılması üçün qəbul olunmuş yeganə formatdır.
Diplomat bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün üzərilərinə götürdükləri öhdəliklərə tam sadiqdirlər: "Bununla belə, biz ATƏT sədrinin mandatı çərçivəsində, tərəflərin xahişi ilə fəaliyyət göstəririk. Nə qədər ki, tərəflər bizim vasitəçi rolumuzu faydalı hesab edir, biz sülhün əldə olunmasına yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik".