Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu xanımı seçilib Siyasət

Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu xanımı seçilib

Fransada yerləşən Ərəb İrsi Mədəniyyət Mərkəzi Misirin "Nefertiti Media Production" şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı ilin şəxsiyyəti və 2014-cü il üzrə dünyanın ən nüfuzlu xanımı elan edib.
Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeyd edilən sorğu 8 mart 2013-cü il və 10 yanvar 2014-cü il tarixləri arasında Fransa və Ərəb dünyasında tələbələr, jurnalistlər və internet istifadəçiləri arasında keçirilib. Sorğuya hökumət başçısı, böyük müəssisələrin və xeyriyyəçi təşkilatların rəhbərləri olan xanımların adları salınıb.
M. Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, mədəniyyətin və beynəlxalq mədəni mübadilənin təbliğinə, elm, sağlamlıq, idman, təhsil, texnologiya, ətraf mühit sahəsindəki nailiyyətlərinə, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, kimsəsiz uşaqlara qayğı və digər xeyirxah xidmətlərinə görə layiq görülüb.
Bu barədə Ərəb İrsi Mədəniyyət Mərkəzinin direktoru xanım Reem Alkatri Belhassous Azərbaycanın Fransadakı səfirliyinə ünvanlandığı məktubda məlumat verib.