ABŞ prezidentlərin bu ay görüşəcəyinə ümid edir Siyasət

ABŞ prezidentlərin bu ay görüşəcəyinə ümid edir

Elmar Məmmədyarov həmsədrlərlə görüşdə bəyan edib ki, erməni tərəfinin qeyri-konstruktiv yanaşması sülh prosesinin irəliləməsinə əngəl törədir
AB səfiri: "Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini dəstəkləməyə hazırdır"

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ümid edir ki, bu ay Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutacaq. Bu barədə C.Uorlik öz "Twitter" səhifəsində yazıb.
C.Uorlik qeyd edib ki, prezidentlər sülh prosesinin ən vacib məsələlərini müzakirə edə bilərlər. Amerikalı həmsədr, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Parisdə keçirilən görüşünün də səmərəli keçdiyini qeyd edib.
O bildirib ki, Azərbaycanın xarici işlər naziri ilə əsas məsələlər və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səmərəli danışıqlar keçirilib.
Həmsədr əlavə edib ki, dünyanın diqqəti Ukraynaya yönəldiyi üçün Ermənistanla Azərbaycan arasında gərginliyin arta biləcəyi ilə bağlı narahatlıqdan xəbərdardır. Diplomat eyni zamanda "biz narahat olmalıyıqmı" sualını da verib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib. Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar narahatlıq ifadə olunub. Paris görüşündə münaqişənin nizamlanmasına dair danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.
XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev də bildirib ki, Paris görüşündə münaqişənin nizamlanmasına dair danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib: "Elmar Məmmədyarov Azərbaycan tərəfinin mövqeyini təqdim edərək bildirib ki, erməni tərəfinin qeyri-konstruktiv yanaşması münaqişənin həllinə, bölgədə sülh və sabitliyə, eləcə də sülh prosesinin irəliləməsinə əngəl törədir".
XİH sözçüsü əlavə edib ki, Elmar Məmmədyarov Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha təsdiqləyib, həmçinin sülh prosesinin irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.
"Avropa Birliyi ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Qarabağ nizamlanması prosesinə dəstək verməyə hazırdır". Bunu isə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib. O deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilir. Lakin Avropa Birliyi bəyan etdiyi kimi, biz bu prosesi dəstəkləməyə hazırıq. İmkanlarımız çərçivəsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinin irəliləməsinə kömək etmək istəyirik".