Şəhid ailələri və müharibə əlilləri daim dövlətin qayğısı ilə əhatə olunur - Sevinc Hüseynova Siyasət

Şəhid ailələri və müharibə əlilləri daim dövlətin qayğısı ilə əhatə olunur - Sevinc Hüseynova

Azərbaycanda şəhid ailələri və müharibə əlilləri daim dövlətin qayğısı ilə əhatə olunur. Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva həmişə şəhid ailələri və müharibə əlillərinə xüsusi diqqətlə yanaşırlar.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, şəhid ailələri və müharibə əlillərinə dövlət dəstəyi geniş istiqamətləri əhatə edir: “Bura maddi və sosial təminat, psixoloji dəstək, reabilitasiya xidməti, məşğulluq məsələləri, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər istiqamətlər daxildir.

Bildiyiniz kimi, iyulun 14-də Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşən yaşayış kompleksində Prezident İlham Əliyevin iştirakı ilə bir qrup şəhid ailələri və müharibə əlillərinə mənzillər və avtomobillər verildi. Kompleksdə olan 810 mənzildən 300-ü artıq şəhid ailələri və müharibə əlillərinə təqdim edilib və bu proses davam etməkdədir. Kompleksdə həmçinin müasir tələblərə cavab verən 624 yerlik məktəb, 140 yerlik uşaq bağçası, sosial obyektlər də fəaliyyət göstərir.

Şəhid ailələrinə və müharibə əlilləri bundan sonra da daim diqqət mərkəzində olacaq. Cənab Prezidentin 25.01.21 tarixli Sərəncamı ilə yeni proqramlar təsdiq edilib və 2025-ci ilə qədər şəhid ailələri və müharibə əlillərinə 11 minə qədər mənzil və fərdi evlərin təqdim edilməsi nəzərdə tutulur.

İndiyə qədər isə 10 mindən çox şəhid ailələrinə və müharibə əlilləri mənzillər və fərdi evlər təqdim edilib. Eyni zamanda bu kateqoriyadan olan insanlara indiyədək 7200-dən çox əlilliyi olan şəxsə avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlilləri mənzil və avtomobillərlə təmin edilməklə yanaşı onların məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır.

Bildiyiniz kimi, özünüməşğulluğa 5 096 nəfər, haqqı ödənilən ictimai işlərə 994, digər işlərə isə 515 nəfər cəlb edilib. Bununla yanaşı şəhid ailələri və yaralananlar üçün “Məşğulluq marafonu” həyata keçirilir və artıq 200-dək işəgötürən bu marafona qoşulub, 1000-dək vakansiya yerləşdirilib, 100-dək şəxs isə artıq işə götürülüb.

Bununla yanaşı müharibə əlillərinin reabilitasiyası məsələlərinə xüsusi diqqət yetirilir. Sosial-psixoloji dəstək və reabilitasiya xidməti sahəsində 6 900 nəfərə 10 000 xidmət göstərilib. Həmçinin 2 951 ailəyə psixoloji dəstək, 1 300 nəfərə reabilitasiya müəssisələrində xidmət göstərilib. Bundan əlavə 84 hərbçiyə yüksək texnologiyalı protez, 957 nəfər əlilə 6 400 reabilitasiya vasitəsi verilib.

Yuxarıda sadalananlar dövlət tərəfindən şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqətin yalnız bir hissəsidir.

Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının göstricisidir. Bu isə öz növbəsində ən ədalətli, humanist və vicdanlı bir siyasətdir”.