“Xəzərdə ikinci Qarabağ törətməyə hazır olan dairələr var” Siyasət

“Xəzərdə ikinci Qarabağ törətməyə hazır olan dairələr var”

Zahid Oruc: "Elə Qarabağ münaqişəsinin mayasında Xəzərin nefti az rol oynamayıb"

"Xəzərin statusunun daxili göl olaraq hələ də beş dövlət tərəfindən razılaşdırıla bilinməməsi təəssüf hissi doğurur". Bu sözləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. O bu yolda ilk əsas siyasi-iqtisadi addımın məhz Azərbaycan tərəfindən atıldığını bildirib: "1994-cü ildən başlayan həmin kurs sonrakı dövr Qazaxıstan və Rusiyanın bu istiqamətdə mövqeyini xeyli yumşaldaraq ölkələrarası konsensus əldə etməyə şərait yaradıb. Eyni zamanda, bu kurs Türkmənistan və İranı bəlli məsələlər üzrə tutduqları kəskin mövqedən uzaqlaşdıra bildi. Bir il öncə beş ölkənin rəhbərliyi səviyyəsində baş tutan Xəzər sammitində status məsələsinin demək olar ki, tam razılaşdırılması haqqında bəyanatlar da yayımlanmışdı. Hətta Putin orada dövlətlərin qapalı su hövzəsinə xarici hərbi birləşmələri buraxmayacaqlarına, militaristləşmə siyasətinin yürüdülməyəcəyinə dair razılıqların əldə olunduğunu da bildirmişdi. Sektorial bölgəyə razı olmayan yeganə tərəf hazırkı dövrdə İrandır. Çünki 1940-cı ildə imzalanmış məlum sənədin itkiləri ilə qonşu ölkə qəti şəkildə razılaşmaq istəmir. Bununla bərabər, İranla Azərbaycan, Qazaxıstanla İran arasındakı əlaqələrin kifayət qədər inkişaf etməsi, mübahisə və soyuqluq doğuran hadisələrin aradan qalxması onu deməyə əsas verir ki, növbəti görüşlər uğurla keçiriləcək və ümidvaram ki, Xəzərdə hər bir ölkənin dəqiq sərhədini görə biləcəyik". Millət vəkili indinin özündə də Xəzərdə ikinci Qarabağı törətməyə hazır olan dairələrin olduğunu bildirib: "Hər bir ölkənin su hövzəsi onun torpaq ərazisinin ayrılmaz hissəsidir. O da bəllidir ki, əslində, Xəzərdə ikinci Qarabağ törətməyə hazır olan dairələr var. Elə Qarabağ münaqişəsinin mayasında Xəzərin nefti az rol oynamayıb. Ona görə də keçmişdə məlum enerji layihələri ilə bağlı atılan addımlar bu gün Xəzəri sülh-əməkdaşlıq dənizinə çevirməlidir. Hesab edirəm ki, növbəti danışıqlar Azərbaycanın addımları sayəsində nəhayət beş ölkənin vahid bir sənədinin imzalanmasına əsas verəcək. Xəzər ayıran deyil, birləşdirən dəniz olmalıdır. O cümlədən təhlükəsizliyin təminatı, iqtisadi, su nəqliyyatı kimi mühüm tranzit imkanlarının istifadəsi və bu ölkələr arasında əməkdaşlıq formatı baxımından mühüm rol oynamalıdır".