KİV: NATO tarixində ilk dəfə hərbi alyansın baş katibi qadın ola bilər Siyasət

KİV: NATO tarixində ilk dəfə hərbi alyansın baş katibi qadın ola bilər

NATO tarixində ilk dəfə hərbi alyansın baş katibi qadın seçilə bilər.

APA-nın xəbərinə görə, bu barədə "El Pais" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni baş katib NATO-nun 2022-ci ilin yazında Madriddə keçiriləcək sammitində seçiləcək və o, həmin ilin oktyabr ayında hazırkı baş katib Yens Stoltenberqi əvəz edəcək.

Nəşr yazır ki, təşkilat daxilində Y. Stoltenberqin yerinə qadının seçilməsi barədə fikir birliyi var.

"Bir qadının NATO-ya rəhbərlik etmə vaxtının gəldiyinə dair ümumi fikir mövcuddur", -deyə "El Pais" diplomatik mənbəyə istinadən qeyd edir.

NATO-nun gələcək Baş katibinin müəyyənləşməsi ilə bağlı danışıqlar bu ilin payızında başlayacaq, lakin namizədlərin adı artıq ittifaqın müxtəlif üzv ölkələri tərəfindən çəkilir.

"El Pais" yazır ki, mümkün namizədlər arasında Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə keçmiş Xüsusi Nümayəndəsi Federika Moqerini, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer, Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Kersti Kalyulayd, Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviçin adı səsləndirilir.

Qeyd edək ki, Yens Stoltenberq 2014-cü il oktyabrın 1-dən hərbi alyansın baş katibidir. Bu il NATO Şurası Stoltenberqin fəaliyyət müddətini sonuncu dəfə bir il müddətinə uzadıb. NATO Baş katibinin seçilməsində hərbi blokun aparıcı ölkələrinin razılığı vacibdir və bu məsələdə son söz ABŞ-a məxsusdur.

Təyinat isə Şimali Atlantika Şurası tərəfindən formal olaraq təsdiqlənir.