Sərdar Cəlaloğludan iddia Siyasət

Sərdar Cəlaloğludan iddia

"Milli Şura bu mitinqlərdə pul faktorundan istifadə edir"

"Əks halda, meydana heç 500 nəfər də gətirə bilməz"


"Seçkilər yaxınlaşdıqca fəallıq olacaq. Çünki seçkilərdən çox şey gözləmək lazımdır. Xalqımız 5-6 aylıq proqnozla fəaliyyət göstərmir. Elə insanlar var ki, kimə səs verəcəyinə dair qərarını seçkiyə bir gün qalmış verir. Bu baxımdan indi görünən siyasi aktivliklə seçkilərə münasibəti eyniləşdirmək doğru olmazdı. Hesab edirəm ki, seçkiyə az qalmış bir müddətdə fəallıq müşahidə olunacaq". Bu fikirləri Azərbaycan Demokrat Partyiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, Milli Şuranın son mitinqi göstərdi ki, xalq radikal müxalifətə inanmır: "Bu qurum mitinqin keçirilməsi haqqında düzgün qərar vermədi. Çünki mitinq haqqında qərar verilərkən sosial sifariş nəzərə alınmalıdır. Hansısa malı alan yoxdursa, onu bazara nə qədər aparsan da, alıcısı olmayacaq. Siyasətlə bağlı bazar nəzəriyyəsi də var. Amerikanlar deyirlər ki, siyasət də bazar kimidir. Məsələyə ticarət nöqteyi-nəzərindən baxanda düşünməlisən ki, alıcı varmı? Milli Şura hansı əsasa görə mitinq təşkil edir? Xalq nə zaman narazılığını ifadə etdi, kortəbii hərəkət etdi ki, sən mitinq keçirib narazılığı tənzimləmək və hökumətə çatdırmaq istədin? İkincisi, mitinqlərin effekti onların intensiv keçirilməsi ilə bağlıdır. Mitinqlər nə qədər qısa məsafəli zaman kəsiyində təşkil olunarsa, onların effekti bir o qədər artan xətt üzrə nəzərə çarpar. Yox, əgər sən mitinqləri 3-4 aydan bir təşkil edirsənsə, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bir mitinqin təsiri öləcək, digər mitinqin təsiri isə başlamayacaq. Əsas məsələ bu mitinqlərin nə üçün və hansı məqsədlə keçirilməsidir. Azərbaycanda hamı başa düşür ki, Milli Şuranın təşkil etdiyi mitinqin əsas səbəbi heç də onların bəyan etdiyi formal səbəblərlə bağlı deyil. Bu mitinqlərin faktiki səbəbi odur ki, Milli Şura özünü yeganə müxalif güc kimi nümayiş etdirmək istəyir. Təbii ki, bu da uğursuz alınır. Bu mitinqləri də dünyada gedən və Azərbaycana da təsir göstərən sosial-iqtisadi böhranla pərdələmək istəyir. Xalq da görür ki, hər dəfə Milli Şura mitinq keçirəndən sonra orada səsləndirdiyi tələblərin icrası ilə maraqlanmır, hökumətin mitinqə olan reaksiyası ilə məşğul olmur. Əvəzində mitinqdən dərhal sonra qələmini götürərək düşür digər müxalifət partiyalarının canına. Başlayır ki, "mən mitinq keçirdim, əsas müxalifət mənəm, məndən başqa müxalifət yoxdur, alternativ Milli Şuradır, bizdən kənarda olan müxalifət satqındır, ortalıqda yoxdur, elektoratı mövcud deyil" və s. Xalq da bunu görür. Ötən mitinqdən sonra aksiyanın nəticələrinə dair aparılan siyasət göstərdi ki, bu etiraz aksiyalarını təşkil etməkdə əsas məqsəd heç də xalqın maraqlarını qorumaq deyil. Əksinə, Milli Şuranın nüfuzunu qaldırmaq, bu quruma divident gətirmək məqsədi daşıyır. Adama sual edərlər: camaat nəyə görə sənin mitinqində iştirak etməlidir? Əgər sən camaatı bura toplayıb öz gücünü göstərmək istəyirsənsə, başqalarını aşağılayırsansa, nədən insanlar sənin təşkil etdiyin tədbirə gəlməlidir? Sözsüz ki, bu mitinqə müəyyən qədər vəsait xərclənib. İştirakçıların bəzilərini pul verərək rayonlardan gətiriblər. Bu, nə xalqın narazılığının, nə də xalqın onlara dəstək verdiyinin göstəricisidir. Bu, sadəcə olaraq Milli Şuranın öz gücünü göstərmək istəyidir. Həm də, bu aksiya göstərir ki, Milli Şuranın mövcud elektoratı bu qədərdir".
Onun sözlərinə görə, ola bilsin ki, bu say bir qədər çox və ya az olsun: "Lap min nəfər elektoratı da mitinqə gəlməsin. Onlar lap bütün tərəfdarlarını toplasalar, belə çıxır ki, onların ölkə üzrə beş min nəfər dəstəkçiləri var. Şəxsən mən təkbaşına mitinq keçirmək haqqında qərar versəm, Milli Şuradan daha çox adamı aksiyaya gətirməsəm, siyasətdən gedərəm. Ancaq mən o zaman mitinq haqqında qərar verərəm ki, doğrudan da, əhali mitinq istəsin, mənim sözümü dinləmək niyyətində olsun. Mənim mitinqləri davamlı keçirmək üçün resurslarım var. Mən bunları nəzərə alaraq mitinq keçirmək haqqında qərarımı verərəm. Yoxsa, hamının gözü Ukraynada və Yaxın Şərqdə baş verən hadisələrə istiqamətlənib, bəziləri bu kimi proseslərin Azərbaycanda da olmasına çalışır. Belə bir məqamda sən də mitinq keçirirsən. Başqa sözlə, keçi can hayında, qəssab piy axtarışında. Sənə kimdir piy verən axı?
Mitinqlər heç vaxt artan xətt üzrə gedə bilməz. Bunun da iki səbəbi var. Birincisi, Milli Şura təşkil etdiyi mitinqlərlə bağlı düzgün siyasət aparmır. Şüurlu və ya şüursuz olmasından asılı olmayaraq bu mitinqləri özlərinin piarı üçün istifadə edirlər. Bu səbəbdən də dəstək almırlar. Məsələn, sən bu mitinqi özünün reklamı naminə istifadə edirsənsə, nəyə görə, Müsavat Partiyası bu tədbirdə iştirak etməlidir? Müsavat da haqlı olaraq qərar verdi ki, bu mitinqdə iştirak etməsin. Ancaq yadınıza gəlirsə, Müsavat Partiyasının rəhbərliyi əvvəlcə sadə vətəndaş qismində mitinqə gedərək iştirak edirdi. Amma sonradan baxıb gördülər ki, Milli Şura mitinqlərini özünün əzələ nümayişi kimi təqdim etməyə çalışır, reklamını qurur, beynəlxalq aləmdə yeganə müxalifət qurumu olmasını göstərmək istəyir. Müsavat da geri çəkilərək dedi ki, əgər belə niyyətin varsa, buyur gücünü göstər. Amma buna baxmayaraq, məndə olan dəqiq informasiyaya görə, son mitinqdə bizim partiyadan 50-60 nəfər iştirak edib, eləcə də, Müsavat Partiyasının üzvlərindən də aksiyaya gedən olub. Demək istəyirəm ki, kənardan aksiyaya qoşulanları nəzərə almasaq, Milli Şuranın mitinqə gətirdiyi vətəndaşların sayı min nəfərdən azdır. Qalan min nəfər isə dediyim kimi siyasi fəallardır və onlar istənilən təşkilatın mitinqində iştirak edirlər. Əgər əzələ nümayiş etdirmək məqsədilə mitinq təşkil ediblərsə, qeyd etdiyim məqamlara əsasən, demək həm də tam iflasa uğrayıblar. Görünən budur".
5 aprel mitinqinin 15 mart mitinqindən zəif keçməsinə gəlincə isə Sərdar Cəlaloğlu "birinci mitinq qiymət artımı dövrünə düşdü. Üstəlik birinci mitinqlə ikinci mitinq arasında kifayət qədər zaman oldu. Həmçinin hökumət müəyyən addımlar atdı, qiymət artımına ciddi nəzarət olacağını vurğuladı. Bundan sonra da, devalvasiya xüsusi problem yaratmadı. Həm də, yəqin ki, 5 aprel mitinqini keçirmək üçün maliyyə az olub. Əsas maliyyəni 15 mart mitinqinə qoyublar. İkinci mitinq üçün pul az qoyulduğu üçün daha az insan gəlib",- deyə bildirib: "Mən bilən Milli Şura bu mitinqlərdə pul faktorundan istifadə edir. Əks halda, meydana heç 500 nəfər də gətirə bilməz. Məncə, 2 min nəfərlik mitinqin keçirilməsi üçün 2-3 min dollar lazımdır. Burada 500 nəfər könüllü şəkildə mitinqdə iştirak edən ola bilər. Min nəfəri də rayonlardan gətirmək üçün 2 min xərcləmək lazımdır. Mən mitinqlərin siyasi effektinə baxacağam. Əgər gözlədiyim effekt olacaqsa, şübhəsiz ki, nələrimisə satıb mitinqə qoyacağam. Yox, əgər bir effekti olmayacaqsa, "mən də varam" sözünə görə, belə mənasız işlərə getmərəm".
Seçkidən də danışan ADP sədri xüsusi deyib ki, xüsusi bir yenilik yoxdur: "Biz düşünürük ki, passivlik hökm sürürsə, seçkilərdə təmtəraqlı işlər görməyə ehtiyac yoxdur. Odur ki, seçkilərin yaxınlaşmasını gözləyirik. Bu zaman qərarımızı verərək gücümüzü toplayıb seçkidə iştirak edəcəyik. Mən artıq Müsavatın seçkilərdə iştirakı formatı ilə də maraqlanmıram. Düzdür, deyirəm ki, müxalifətin seçkilərdə birgə iştirakı müsbət hal olardı. Amma bu o demək deyil ki, Müsavat seçkiyə birgə getməsə, biz məhv olacağıq. Yanlış olaraq belə düşünənlər var. Biz seçkiyə bir yerdə gedək deyəndə, bəziləri hesab edir ki, onlar gəlməsələr, biz seçkiyə gedə bilməyəcəyik. Bu, səhv təsəvvürdür".

Əli