“Məqsədi bölgədə süni gərginliyi daha da artırmaqdır”-Samir Hümbətov Siyasət

“Məqsədi bölgədə süni gərginliyi daha da artırmaqdır”-Samir Hümbətov

“Cənub qonşumuz İran yenə öz ağlına görə bizi təhdid etməyə çalışır. İranın əsas qüvvələrindən hesab edilən SEPAH Arazın o tayında, yəni İran ərazisində hərbi təlim keçirməyə başlayıb”.Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O, diqqətə çatdırıb ki, SEPAH-ın təşkil etdiyi bu təlimlər Horadizin paralel istiqamətdə yerləşən Aslandüzdən İranın Culfa ərazilərinədək geniş ərazini əhatə edir: “Nəzərə alsaq ki, II Qarabağ savaşında Horadizdən başlayaraq Mehri rayonuna qədər işğal altında olmuş ərazilərimizin işğaldan azad olunub. Sözügedən təlimlər də məhz bu ərazidə keçirilir. O zaman buradan belə qənaətə gəlmək olar ki, İranın attığı bu addım Azərbaycanı hərbi müdaxilə ilə təhdid etmək anlamı daşıyır.

Məsələ burasındadır ki, İranın Azərbaycana qarşı təhdidi təkcə sərhəddə hərbi təlimlərlə bitmir, eyni zamanda ideoloji və psixoloji baxımdan da bizi təhdid etməyə çalışır.

Demək olar ki, həyatını və karyerasını Azərbaycana qarşı mövqeyi ilə keçirmiş və daima Azərbaycana qarşı düşmən münasibəti ilə tanınmış İran dili lideri Ayətullah Xameneinin Ərdəbil üzrə nümayəndəsi və eyni zamanda imamcüməsi olan ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana qarşı təhdid xarakterli fikirlər səsləndirib. O, öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Buradan belə başa düşmək olar ki, Amili İranı şirə bənzədir. Amilidən soruşmaq lazımdır ki, İran şirdirsə, nə zamandan bəri şirlə Ermənistan kimi çaqqal qardaş olub?”.

Politooq diqqətə çatdırıb ki, Amili bu xütbəsində Azərbaycanı deyil, eyni zamanda qardaş ölkələr Türkiyə və Pakistanı da hədələmək eşqinə düşüb: “Bundan əlavə, İranın Azərbaycandakı səfiri Abbasəli Musəvinin son ay yarımda iki dəfə prezidentin köməkçisi cənab Hikmət Hacıyevlə və bir dəfə baş nazirin müavini cənab Şahin Mustafayevlə görüşünü təsadüf hesab etmək olmaz. Eyni zamanda, Azərbaycanın İrandan Ermənistana gələn Gorus-Qafan yolunu bağlaması da tam qanunauyğun hal kimi qəbul edilməlidir.

Əgər İranın niyyəti təmizdirsə, niyə Azərbaycanın atdığı addımlar ona qarşı qıcıqlandırıcı gəlir? Əgər İran həqiqətən də Azərbaycanı qardaş ölkə bilirsə, o zaman niyə atdığı addımlarda Azərbaycanın mövqeyini nəzərə almır?

Fikrimcə, İrandakı bəzi qüvvələrin atdığı bu təxribatçı addımların əsas məqsədi bölgədə süni gərginliyi daha da artırmaq və qeyri-stabilliyi qalıcı etməkdir”.

Əli