30 ilə yaxın bir zaman ərzində Azərbaycan strateji hədəflərinə doğru addım-addım irəliləyib - Elçin Mirzəbəyli Siyasət

30 ilə yaxın bir zaman ərzində Azərbaycan strateji hədəflərinə doğru addım-addım irəliləyib - Elçin Mirzəbəyli

30 ilə yaxın bir zaman ərzində Azərbaycan strateji hədəflərinə doğru addım-addım irəliləyib, iqtisadiyyatını gücləndirib, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib, silahlı qüvvələrinin hərb sənətinin ən müasir komponentlərinə yiyələnməsi istiqamətində tədbirlər həyata keçirib.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində Azərbaycanın uzun illər boyu öz ərazi bütövlüyünün və təbii ki, haqqın, ədalətin təmin edilməsi istiqamətində atdığı addımların, həyata keçirlən siyasətin, görülən işlərin mahiyyətini ən incə detallarına kimi açıqlayıb, Azərbaycan xalqının, dövlətinin 30 ilə yaxın bir zaman kəsiyində davam edən, misli görünməmiş mücadiəsinə ayna tutub.

E.Mirzəbəyli bildirib ki, dünyada çox nadir xalqlar, dövlətlər və onların liderləri ola bilər ki, 30 il öz hədəfinə doğru yorulmadan, usanmadan irəliləyə bilsin:

“Birbaşa əlaqəsi olmasa da, bu illər ərzində keçdiyimiz yolla bağlı bir müqayisə aparmaq istəyirəm: Musa peyğəmbər öz xalqını 40 il Misir səhralarında dolaşdırdı ki, əsarətdən doğan köləlik psixologiyasından xilas olsunlar, öz daxili və toplumsal azadlıqlarına qovuşsunlar, vahid bir millətin azad fərdləri olduqlarını dərk etsinər.
30 ilə yaxın bir zaman kəsiyində də Azərbaycan dövlətinin yürütdüyü siyasətin daxilində həm də işğaldan doğan neqativ psixoloji faktorların aradan qalxmaqı, xalqın öz gücünə inanması amili dayanıb.

2003-cü ildən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə torpaqlarımızın azad edilməsi üçün müqəddəs müharibəyə, BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə hazırlaşıb. Bu müddət ərzində Azərbaycanda Vətən uğrunda həyatından keçməyə hazır olan yeni nəsil – müstəqil Azərbaycanın azad düşüncəli, milli qeyrətli, qürurlu, bayrağını, torpağını canı qədər sevən, intellektual, fiziki cəhətdən və ruhən güclü vətəndaşları formalaşıb, onlara qələbə əzmi, döyüş ruhu, sona qədər mücadilə aparmaq qətiyyəti aşılanıb. Xalqın dövlətlə, orduyla birliyi, bütövlüyü təmin edilib, bütün Azərbaycan vahid gücə - dəmir yumruğa çevrilib”.

E.Mirzəbəyli vurğulayıb ki, ötən il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarının “Dəmir yumruq” adlandırması da təsadüfi deyil:

“Bu ilk növbədə Azərbaycan xalqının bir yumruq kimi birləşməsini və təbii ki, yumruğun düşmənə endirdiyi zərbəni ifadə edir. Bu yumruq Azərbaycana qarşı məkrini davam etdirəcəyi təqdirdə daim düşmənin başı üzərində “Domokl qılıncı” kimi asılıb qalacaq.

Bu gün Azərbaycan xalqı və dövləti 44 günlük müharibədə nümayiş etdirdiyi əzmlə, qətiyyətlə işğaldan azad edilmiş ərazilərimizi bərpa edir, yenidən qurur və bütün bunları ayrı-ayrılıqda dünyanın 33 ölkəsində böyük olan bir ərazidə öz gücü, iqtisadi imkanları hesabına reallaşdırır.

Bu prosesin müharibədən dərhal sonra başladıldığını nəzərə alsaq, Azərbaycan dövlətinin gücünün və təbii ki, bu gücün meydana gəlməsində, toparlanmasında, hərəkətə gəlməsində müstəsna rolu olan siyasi iradənin sərhədlərini müəyyənləşdirə bilərik.

Ermənistan tərəfindən viran edilmiş Azərbaycan torpaqları yenidən çiçəklənir. Bu torpaqlara mədəniyyət və sevgi qayıdır. Erməni vandallarının qəbilə təfəkkürü ilə dağıtdığı abidələrimiz, mədəni irsimiz Heydər Əliyev Fondunun bilavasitə təşkilatçılığı və iştirakı ilə bərpa olunur.

Qarabağ Azərbaycanımızın digər əraziləriylə bütövləşərək özünün intibahını yaşayır”.