“Bu məsələdə uduzan tərəf İran oldu” Siyasət

“Bu məsələdə uduzan tərəf İran oldu”

İlham İsmayıl: “Biz gələcəyə baxırıq”

“İranın Azərbaycana qarşı sərgilədiyi mövqe həm yaxın tarixə, həm də son günlərə dayanır”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib. O, bildirib ki, məsələnin arxasında ilk növbədə Azərbaycanım müstəqilliyi dayanır. İran heç bir zaman Azərbaycanın müstəqilliyini qəbul etməyib. Buna görə də Azərbaycan sözünü işlətmirlər. İran rəsmiləri açıqlama verəndə “Bakıdakı dostlarımız”, “Bakıdakı rəsmilər” kimi ifadələr işlətməklə öz düşüncələrini orytaya qoyurlar. Bunun səbəbləri var. Güney Azərbaycanda milyonlarla soydaşımız yaşayır. Onlar Azərbaycan dövlətini öz dövlətləri bilirlər. Bu da İranı ciddi şəkildə narahat edir. Bu məsələnin tarixi tərəfidir”.
İlham İmsayıl əlavə etdi ki, Azərbaycanın qələbəsi Cənui Qafqazda mövqelərimizi möhkəmləndirdi: “Azərbaycan torpaqlarını işğaldan azad etməklə yanaşı yeni reallıq yaratdı. Yeni reallıq ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Türkiyə burada möhkəmlənməyə başladı, Pakistan möhkəmlənməsə də xoş qarşılanır, İsraillə mənəvi əlaqələrimiz var. İran isə nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ofsayddadır. Vaxtilə fikirləşirdilər ki, bura keçmiş İranın ərazisidir.
Gürcüstan qərbyönümlüdür. Ermənistan tam olaraq Rusiyanın təsiri altındadır. İran fikirləşir ki, Azərbaycan gücləndikcə güneyli soydaşlarımızda yeni əhval-ruhiyyə yaranacaq. Üstəölik İranın xoşlamadığı dövlətlər burada möhkəmləndikcə İran ofsaydda qalacaq. Buna görə də İran bəhanə axtarmağa başladı. Gorus-Qafan yolu bizim 10 ay nəzarətimizdə olduğu halda biz orada İran maşınlarını yoxlamadan keçirmədik. Amma İran maşınlarının nümayişkəranə formada Laçın dəhlizindən Xankəndiyə getməsi, onları yanacaqla təmin etməsi Azərbaycanın səbrini daşırdı. Biz buna etitrazımızı bildirdik. Əvvəlcə ictimaiyyət, mətbuat etirazını bildirdi. Sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi. Sonra isə dövlət başçısı simvol olan Araz çayının yanında çox ciddi açıqlamalar verdi. Açıqlamalar İranın 30 ildən sonra, Azərbaycanın qələbəsindən sonra təlimlər keçirməsinə dostcasına irad idi. Adətən İrada izahat verərlər. Çox təəssüf ki, İran artıq pərdələnməyərək, açıq şəkildə öz mövqeyini ortaya qoydu. Ərdəbilin cümə məscidindən başlamış Xameneyiyə qədər hamısı bizi hədələdi. Fikirləşdilər ki, bu təhdidlərdən sonra Azərbaycan mövqelərindən geri çəkiləcək. Amma Azərbaycan geri çəkilmədi. Biliridlər ki, Rusiyanın Cənubi Qafqaza təsiri var. Özlərinə dəstək axtarırdılar. Bua görə də İranın xarici işlər naziri Rusiyaya getdi. Anlaşılmz şəkildə “sərhəd dəyişikliyi”ndən danışdı. Dəhliz nə zamandan sərhəd dəyişikliyi olub? Hətta rus politoloqlar da bu ifadəni anlaşılmaz adlandırdılar. Rusiyadan istədiklərini ala bilmədilər. Hətta Lavrov buna cavab vermədi. İran bu dəstəyi ala bilmədiyindən məsələni hərbi müstəvidən ideoloji müstəviyə keçirdi. Güneyli soydaşlarımızın videroliklərini yaymaqla onların bizim tərəfimizdə olmadığını nümayiş etdirməyə çalışdılar. İndi də yumşalma prosesi gedir. Bu məsələdə uduzan tərəf İran oldu. Biz isə gələcəyə baxırıq”.

Əli Zülfüqaroğlu