“İtaliya post-müharibə dövründə də Azərbaycanın haqq səsini eşidən azsaylı ölkələrdən biridir “-analitik Siyasət

“İtaliya post-müharibə dövründə də Azərbaycanın haqq səsini eşidən azsaylı ölkələrdən biridir “-analitik

“İtaliya və İspaniya ümumiyyətlə Azərbaycana nisbətdə daha ədalətli mövqe tutan ölkələrin sırasındadır. Biz bu ölkələrin həm 30 illik Qarabağ münaqişəsi dövründə, həm də Vətən müharibəsi ərzində neytral, həqiqətəyaxın mövqe tutduğunu gördük”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında analitik Turab Rzayev deyib. Onun sözlərinə görə, eyni zamanda müharibə dövrünün ən əhəmiyyətli xəbərlərindən biri də, həmin günlərdə Cənubi İtaliyaya ilk TAP xətti ilə qazın verilməsi və açılış mərasimi oldu: “Bu Avropa ölkələrinin Azərbaycana sanksiya qoyacağı, bizə enerji resurslarını reallaşdırmaqla maneə yaradılacağını, bu üsulla Azərbaycana Qarabağ müharibəsində təzyiq ediləcəyini düşünən Ermənistana böyük zərbə oldu. İtaliya post-müharibə dövründə də, Azərbaycanın haqq səsini eşidən azsaylı ölkələrdən biridir. Xatırladıram ki, məhz İtaliya mina xəritələrinin Azərbaycana verilməsini, ancaq ondan sonra Azərbaycan sərhəddini keçmiş Ermənistan diversantlarının geri qaytarıla biləcəyini də Avropada gündəmə gətirən ölkədir”.
Ekspert diqqətə çatdırıb ki, bizim İtaliya ilə geniş iqtisadi münasibətlərimi də var: “İtaliya Azərbaycanın neft ixracında, eyni zamanda ümumi ixracatında ilk yeri tutur. Artıq biz İtaliyaya qaz da ixrac etməyə başlamışıq. Eyni vaxtda bilirsiniz ki, Azərbaycan işğaldan azad olunmuş torpaqlarımızda bərpa işləri aparır. Təkcə bu il təmir-bərpa və infrastruktur layihələrinə 1.3 milyard dollar vəsait ayrılıb. İtaliya eyni vaxtda bu layihələrdə də iştirak edə bilər. Bütün bu tenderlər İtaliya şirkətlərinin üzünə açıqdır. Müharibə dövründə də demişdik ki, biz partnyor ölkələrə bərpa prosesində üstünlük verəcəyik. İtaliya şirkətlərinə belə şəraitin yaradılması, bizim bir dövlət kimi öz əhdlərimizi yerinə yetirməyimizin bariz nümunəsidir”.

Əli Zülfüqaroğlu