“Ərdoğanın səfəri ciddi mesaj xarakteri daşıyır” Siyasət

“Ərdoğanın səfəri ciddi mesaj xarakteri daşıyır”

“8 noyabr 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, daha dəqiq desək işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edəcək. Bu səfər çərçivəsində ölkə başçısı cənab İlham Əliyev və cənab Ərdoğan yeni tikilmiş Füzuli Baynəlxalq Hava Limanın açılışında iştirak edəcəklər. Yuxarıda qeyd etdiklərim, şübhəsiz ki, məsələnin informasiya hissəsidir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O, “amma burada bəzi suallar yaranır ki, Türkiyə prezidenti cənab Ərdoğan niyə Azərbaycanda hava limanı açılışında iştirak etmək istəsin? Bu səfərin pərdəarxası detalları nədən ibarətdir? Ərdoğanın bir il ərzində Qarabağa səfəri kimə yaxud hara mesaj xarakteri daşımaqdadır?”,- deyə bildirib: “Xatırlatmaqda fayda var ki, son gönlər İran və Azərbaycan arasında gərginlik sürətlə qalxmaqdadır və hətta İran tərəfi sentyabr ayının 20-dən sonra ilk dəfə idi ki, Azərbaycanla sərhəddə Aslandüzdən başlayaraq İran Culfasına kimi geniş bir ərazidə hərbi təlimlərə başladı. İran tərəfi bu təlimləri Azərbaycana qarşı əzələ nümayişi kimi qiymətləndirdi. Bu hadisə Azərbaycan və İran arasında ciddi gərginliyin yaranmasına səbəb oldu. Azərbaycan prezidenti cənab İlham Əliyev İranın atdığı bu addıma sərt reaksiya verdi. Türkiyə isə İranın atdığı addıma cavab olaraq Türkiyə-İran sərhəddinə qoşun yığdı və Türkiyə PUA-ları Türkiyə-İran sərhəddində fasiləsiz uçuşlara başladılar.
29 sentyabr 2021-ci ildə isə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfər etdi və orada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Bu görüş zamanı tərəflərin müzakirə etdiyi məsələlər sırasında Suriya ilə birgə Qarabağ məsələsinin də olduğu bildirildi. Ərdoğanın Soçi səfərindən bir gün sonra isə Türkiyə prezidentinin Azərbaycana səfər edəcəyi və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi haqqında məlumatlar yayılmağa başladı.
Baş verən prosesləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Türkiyə prezidentinin bir ildə iki dəfə Azərbaycana baş tutacaq səfəri həm region dövlətlərinə, həm də regionda regionda marağı olan digər güc mərkəzlərinə ciddi mesaj xarakteri daşıyır. Əslində Türkiyə bununla qarşı tərəflərə mesaj verir ki, Azərbaycanın regionda tək deyil və biz hər zaman Azərbaycanın yanındayıq.
Onu da qeyd etmək lazımdır ki, son günlər Rusiya "sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsində erməni terrorçuları tərəfindən yenidən gərginliyn artırılması, bir hərbi qulluqçumuzun şəhid edilməsi isə Ərdoğanın Azərbaycana səfərindən narahat olan qüvvələr tərəfindən təşkil edilmiş təxribat kimi də qiymətləndirilə bilər.
Hesab edirəm ki, Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanın açılışından sonra hava limanının təhlükəsizliyinin təmin edilməsi Türkiyə hərbiçilərində də tapşırıla bilər. Bu isə hava limanına qarşı hər hansı təxribatın olma riskini tamamilə aşağı salmış olar”.