“Brüssel yeni “Yol Xəritəsi” hazırlaya bilər” Siyasət

“Brüssel yeni “Yol Xəritəsi” hazırlaya bilər”

“Avropa ittifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə dekabrın 15-də Azərbaycan və Ermənistan liderlərinin görüşündə hər hansı bir sənədin imzalanması gözlənilmir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, burada Brüssel vasitəçi olaraq iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində yeni bir "Yol Xəritəsi" hazırlaya bilər: “Avropa İttifaqının iki ölkə arasında sülh müqaviləsi üçün vasitəçiliyinə Moskva imkan verməyəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan məhz Moskvadan kənar Brüssellə əməkdaşlıqda maraqlı görünür. Bu da Kremli qəzəbləndirən əsas amildir.
Sabah Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə üç tərəfli görüş baş tutacaq. Qeyd edim ki, 15 dekabr görüşü planlaşdırılmasaydı, Soçi görüşü də baş tutmayacaqdı. Moskva çalışacaq ki, yeni bir sənəd imzalansın. Bu da Brüssel görüşünə kölgə salsın.
Soçi görüşündə İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə sənəd imzalanması və nəqliyyat yollarının açılması razılaşdırılmalıdır. Burada Azərbaycanın irəli sürdüyü və 10 noyabr Birgə Bəyannaməsinin 9-cu bəndinə əsasən, dəhlizə uyğun texniki imkanları özündə əks etdirən bunktun yerinə yetirilməsi "Zəngəzur" dəhlizinin açılması istiqamətində tərəflər arasında danışıqlar olacaq. Nikol Paşinyan razılıq vermək məcburiyyətindədir”.