“Avropa Parlamentinin Azərbaycanda uydurma insan haqları məsələsini müzakirəyə çıxarması təəccüblü deyil” Siyasət

“Avropa Parlamentinin Azərbaycanda uydurma insan haqları məsələsini müzakirəyə çıxarması təəccüblü deyil”

Əli Əhmədov: "Bu artıq sanki hansısa xəstəliyin simptomuna çevrilib"

Siyavuş Novruzov: "Qərbin bir sıra siyasi dairələri zaman-zaman Azərbaycanın dünyada qazandığı imicinə kölgə salmaq istəyib"

İyunun 8-də Avropa Parlamentində (AP) bir qrup deputat Azərbaycana qarşı aksiya keçirib. İyunun 10-da isə AP-də Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirilib. Bununla bağlı fikirlərini bildirən baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Avropa Parlamentinin ilk Avropa Oyunlarının başlanmasına 2 gün qalmış Azərbaycanda uydurma insan haqları məsələsini müzakirəyə çıxarması, nə qədər qəribə görünsə də, təəccüblü deyil: "Bu artıq sanki hansısa xəstəliyin simptomuna çevrilib. Azərbaycan bu günlərdə tarixdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi qayğısı ilə yaşayır. Avropa Olimpiya Komitəsinin baş katibi Patrik Hikkin "New York Tayms" qəzetinə verdiyi müsahibəsində açıq - aşkar bildirir ki, Avropa iqtisadiyyatı geriləməyə başladığından, Azərbaycan oyunların keçirilməsi üçün imkanı olan yeganə həyat qabiliyyətli ölkə idi. Deməli, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürməsəydi, həmin oyunların taleyi başqa cür ola bilərdi. Görəsən, Avropa idman hərəkatı tarixində önəmli hadisə ərəfəsində Azərbaycanı saxta ittihamlarla tənqid edən Avropa Parlamentinin üzvləri bu hərəkətlərinin nə demək olduğu barədə fikirləşirlərmi?"
Əli Əhmədov qeyd edib ki, əgər doğrudan da Avropa Parlamenti ədalət meyarları əsasında kiminsə pozulmuş hüquqlarının müdafiəsinə qalxmaq istəyirsə, Azərbaycanda belə insanların sayı bir neçə deyil, bir milyondur: "Erməni təcavüzü nəticəsində evini, torpağını, işini, rahatlığını, sağlamlığını, bir sözlə bütün fundamental hüquqlarını itirmiş məcburi köçkünlər 25 ildir hüqüqlarının bərpasını gözləyir. Azərbaycanla əlaqədar qabardılmalı, təcili həll olunmalı, günahkarları axtarılmalı olan bir məsələ varsa, o da məcburi köçkünlərin hüquqlarının bərpa edilməsidir."
O bildirib ki, idman həmişə sülhün carçısı olub. İnsanları, xalqları, dövlətləri yaxınlaşdırıb. Bakıda keçirilən ilk Avropa Oyunları da idmanın bu ənənəvi missiyasından kənarda qalmayıb. Görünür, Avropa Parlamentində heç bunu da istəmirlər. Qeyri - ixtiyari olaraq onlara xitabən demək istəyirsən: idmanı siyasətə qatıb gözdən salmayın.
"Ukraynada baş verən faciələrin, tökülən qanların, dağılan talelərin qarşısını ala bildinizmi. Bir il bundan əvvəl rahat, dinc, firəvan həyat yaşayan bir ölkə indi qan içindədir, parçalanmaq üzrədir. Nifaq salmaq, xalqları bir - birinə qarşı qaldırmaq, dağıtmaq, uçurmaq çox asandır. İnsanlar isə tam əksini arzulayır. İmkan verin, hər bir xalq öz taleyinə sahib olsun, rahat və firəvan yaşasın. Avropa İttifaqında həllini gözləyən kifayət qədər problem var və AP deputatları onları müzakirə etsə, Avropaya daha çox xidmət göstərmiş olarlar" - deyə, Əli Əhmədov vurğulayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə "hər kəsə məlumdur ki, ABŞ və Qərbin bir sıra siyasi dairələri zaman-zaman Azərbaycanın dünyada qazandığı imicinə kölgə salmaq istəyib. I Avropa oyunları ərəfəsində Avropa Parlamentinin dinləmələr keçirməsi də buna misal göstərilə bilər", - deyə bildirib. YAP rəsmisi həmin dinləmələrdə Azərbaycanı dəstəkləyən avropalı deputatların çoxluq təşkil etdiyini xatırladaraq bildirib ki, buna baxmayaraq, Şultsun qərəzli bəyanatları özünü göstərib: "Düzdür, dinləmlərdə Azərbaycanın hüquqlarını müdafiə edən deputatalar çoxluq təşkil edib, amma Martin Şultsun qərəzi bütün mənaları ilə özünü göstərib. Avroparlamentdə ölkəmizlə bağlı 37 nəfər çıxış edib ki, onların mütləq əksəriyyəti idmanla siyasəti bir-biri ilə əlaqələndirməməyə, ikili standartlardan çıxış etməməyə çağırış edib. Bütün bunlara baxmayaraq, dünyada ikili, üçlü standartların mövcudluğunun bir daha şahidi olduq. Bu insanların ən birinci problemi I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm edə bilməmələridir".
Siyavuş Novruzov həmin qərəzli dairələrin Azərbaycanla bağlı mövqelərində yanıldıqlarını da deyib: "Bunlar düşünürdülər ki, Azərbaycan bu oyunların keçirilməsinin öhdəsindən gələ bilməyəcək. Amma bir daha yanıldılar. Cənab prezident İlham Əliyevin bilavasitə rəhbərliyi, Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qətiyyətli addımları sayəsində, qısa zaman kəsimində Azərbaycan bütün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdi və bu gün Avropanın böyük idman ailəsini ölkəmizdə qəbul edir".
Millət vəkili əslində, ölkəmizinin beynəlxalq tədbirlər keçirməsi baxımından kifayət qədər haqqı olduğunu, eyni zamanda həmin istiqamətdə çox ciddi təcrübələr keçdiyini də bildirib. Bütün bunlardan narahat olan bir sıra siyasi dairələr isə Azərbaycanda mövcud olan iqtidar-xalq birliyindən narahat olur: "Buna qədər Azərbaycan bir çox beynəlxalq yarışlara, tədbirlərə ev sahibliyi etmişdi. Bu baxımdan, ölkəmizin təcrübəsi böyükdür. Hesab edirəm ki, ölkəmizdə olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi, tərəqqi bir çoxlarını narahat edir. Hələ də qəbul etmək istəmirlər ki, Azərbaycan öz adını tarixə yazır".
Siyavuş Novruzov son olaraq, Avropa Parlamentindəki dinləmələrlə bağlı Milli Məclis deputatalarının da bəyanat verdiyini xatırladıb və vurğulayıb ki, həmin bəyanat yalnız Avropa Parlamentinə deyil, eyni zamanda, ölkəmizə qarşı təzyiq dili ilə danışmağa cəhd edən digər qərəzli siyasi dairələrə də aiddir: "Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar və Avropa strukturlarında təmsil olunan bir qrup deputatlar Avropa Parlamentində belə bir mövzunun müzakirə olunmasına öz etiraz bəyanatını verib. Bəyanat Azərbaycanla yanaşı, dünya ictimaiyyətinə çatdırılıb".

Əli