Nazir: “İstər xristian, istərsə də islam abidələrinə baxış keçirilməsini tam dəstəkləyirik” Siyasət

Nazir: “İstər xristian, istərsə də islam abidələrinə baxış keçirilməsini tam dəstəkləyirik”

“UNESCO-nun hələ 2005-ci ildə hesabatında Azərbaycan tərəfindən təşkilatın işğal altında olan ərazilərə missiyasının göndərilməsi üçün müraciət edildiyi və bu missiyanın həyata keçirilməsinin mümkünsüz olması barədə fikirlər yer alıb. UNESCO 2005-ci ildə bunu həmin ərazilərin işğal altında olması və Ermənistanın buna icazə verməməsi ilə əlaqələndirmişdi”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan UNESCO-ya 2005-ci ildən öncə müraciət edib: “44 günlük Vətən müharibəsindən sonra isə UNESCO tərəfinə müraciət olunarkən Azərbaycan dövləti beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısı kimi ilk gündən təşkilatla bu istiqamətdə əməkdaşlıq etməyə razılıq verib. Biz böyük təşkilati hazırlıq işləri həyata keçirmişdik. Və orada həm də marşrutlar müəyyən edilib ki, ümumilikdə istiqamətlər üzrə geniş məlumat verilib. UNESCO-nun cavabı isə bundan ibarət olub ki, baxılası yerlərin sayı həddindən artıq çoxdur. Azərbaycan dövləti burada abidələrə heç bir fərq qoymur. İstər xristian dini abidələri, istər islam dininə aid olan abidələrə baxış keçirilməsini biz tam dəstəkləyirik. Bütün bu təşkilatı məsələlər UNESCO ilə razılaşdırılıb. Ötən ilin iyun ayından etibarən Azərbaycan o missiyanı dəvət edib və gözləyir. Missiyanın hazırda baş tutmaması ilə bağlı Azərbaycan tərəfinin heç bir rolu yoxdur. Hazırda həmin missiyanın baş tutmasını əngəlləyən erməni tərəfidir. Bunu da xüsusilə qeyd etmək istərdim”.
O diqqətə çatdırıb ki, Azərbaycandakı QHT-lər də UNESCO-ya müraciət edib, təşkilata Ermənistan ərazisində Azərbaycanın çox saylı tarixi abidələri ilə bağlı çağırış edilib.

“Eyni zamanda, beynəlxalq təşkilatın hər hansı ölkənin ərazisində missiya həyata keçirməsi üçün həmin ölkə buna razılıq verməlidir. Ermənistanın tərəfinin bununla bağlı növbəti addımları və davranışının nədən ibarət olacağını yaxın zamanlarda görəcəyik”, - XİN başçısı vurğulayıb.