“Ordumuz son bir ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirdi” Siyasət

“Ordumuz son bir ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirdi”

Zakir Həsənov: "Biz düşmənə başa saldıq ki, münaqişənin yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə erməni silahlı birləşmələrinin ərazilərimizi birdəfəlik və qeyd-şərtsiz tərk etməsidir"

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ildən bu günədək Ordumuzun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.
Z.Həsənov deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu ordu dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşıb: " İlk növbədə, qeyd etmək istərdim ki, Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan olunub. Burada planlı şəkildə, mərhələlərlə mühüm məsələlər həyata keçirilir. Həm struktur, həm kadrlar baxımından mühüm işlər görülür. Qarşımıza qoyulan məqsəd isə hər bir hərbi qulluqçunun, tutduğu vəzifədən asılı olmayaraq, öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olması və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasıdır".
Nazirin sözlərinə görə, istənilən səviyyələrdəki qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri təkmilləşdirilir: "Xüsusi qeyd etmək istərdim ki, qısa müddət ərzində tam təmin olunmuş yeni poliqonlar inşa edilib və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Burada əsas məqsəd ordunu gələcək döyüşlərə hazırlamaq, zabit və əsgərlərin qarşısında duran vəzifələrin yüksək səviyyədə icrasını təmin etməkdir.
Dövlətimizin başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. Onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər. Eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak edir.
Hərbi sahədə əməkdaşlığa dair imzalanmış sazişə əsasən, ilk dəfə keçən ilin sentyabr-oktyabr aylarında Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin ölkəmizdə "TurAz Qartalı 2014" və cari ilin martında Türkiyədə keçirilən "TurAz Şahini 2015" təlimlərini xatırlatmaq istərdim. İlk dəfə olaraq Azərbaycan şahinləri ikiyerli "F-16" tipli döyüş-təlim qırıcı təyyarələrində uçuşlar yerinə yetiriblər.
İkitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının bölmələri cəlb olunmaqla əvvəl Qars vilayətində, sonra isə may ayında Bakıda və Naxçıvanda döyüş atışlı birgə taktiki təlimləri, iyunda isə Azərbaycan, Türkiyə və Gürcüstanın Xüsusi Təyinatlı qüvvələrinin "Qafqaz Qartalı" təlimi keçirilib.
Bu əməkdaşlıq çərçivəsində ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, enerji və nəqliyyat infrastrukturlarının mühafizəsinin təşkili və gücləndirilməsi məqsədilə hər il birgə kompyuter dəstəkli komanda-qərargah təlimi ("Eternity") keçirilir.
Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi".
Z.Həsənov açıqlamasında xatırladıb ki, ötən ilin yay aylarında cəbhə xəttində hadisələrin gərginləşməsi, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan Silahlı Qüvvələrinin təxribat törətmək planlarının tam alt-üst edilməsi bir daha ordumuzun kifayət qədər gücə malik olduğunu sübuta yetirdi: "Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən rejimdir. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir.
Şübhəsiz ki, Azərbaycanın müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən, döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir. Bu sistem müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən və təhsili idarəetmə orqanlarından ibarətdir. Bundan əlavə, zabit-gizir heyətinin peşəkar hazırlığının təkmilləşdirilməsi üçün biz bu gün xüsusi proqram tərtib etmişik.
Silahlı Qüvvələrdə hərb elminin inkişafı, eləcə də elmi və elmi-pedaqoji kadr hazırlığı məqsədilə 2014-cü ildən Hərbi Akademiyanın Adyunkturası fəaliyyətə başlayıb. Artıq burada qiyabi və əyani təhsil üzrə qəbul həyata keçirilir, 12 zabit fəlsəfə doktoru, 4 nəfər isə Adyunkturaya elmlər doktoru hazırlığı proqramı üzrə qəbul olunub.
Dost və digər dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi məqsədilə Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətlərinin Türkiyə, Rusiya, Belarus və digər ölkələrə səfərləri olub. Plana uyğun olaraq hərbi təhsil müəssisələrinin professor və müəllim heyəti Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO dövlətlərinin hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparır.
Digər bir vacib məsələ - Silahlı Qüvvələrdə müasir dövrün tələblərinə uyğun aparılan kadr siyəsətidir. Daha layiqli kadrların aşkar edilməsi, düzgün seçilməsi, yerləşdirilməsi, vəzifə üzrə irəli çəkilməsi və təhsil almağa göndərilməsi, növbəti hərbi rütbələrin vaxtında verilməsi və mükafatlandırılması məqsədilə kadrların obyektiv qiymətləndirilməsi yeni attestasiya qaydalarının tətbiqi ilə həyata keçirilir.
Zabitlərin bilik və bacarıqlarına uyğun istifadə olunması, dəyişən xidmət şəraitinə uyğunlaşma vərdişlərinin inkişaf etdirilməsi, xidmətdə bərabər şəraitin yaradılması məqsədilə Silahlı Qüvvələrdə onların xidməti yerlərinin planlı şəkildə yerdəyişməsi (rotasiyası) yeni təlimat əsasında aparılır".
Nazir bildirib ki, hazırda isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr siyasəti konsepsiyası"nın layihəsi üzərində işlər davam etdirilir: "Hərbi xidmətin nüfuzunun artırılması və maddi stimullaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi hərbi quruculuqda aparılan irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdən hesab olunur. Müdafiə Nazirliyi ölkənin əsas güc strukturlarından biri kimi bu sahədə bir neçə yeni qanunvericilik aktının layihələrini hazırlayıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırıb və onları müvafiq instansiyaya təqdim edib.
Keçən ilin dekabrında Silahlı Qüvvələrin Sıra Nizamnaməsi təsdiq edilib. Bu nizamnamə bir sıra yeniliklərlə yanaşı, həm də mövcud qaydaların təkmilləşdirilməsini özündə ehtiva edir. Şübhəsiz ki, bu, birinci növbədə orduda hərbi intizamın möhkəmləndirilməsinə istiqamətlənib.
Hərbi qulluqçuların hüquq və vəzifələrini müəyyən edən, əsas normativ hüquqi akt olan "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsi hazırlanaraq, hərbi qulluqçuların, onların ailə üzvlərinin, ehtiyata və ya istefaya buraxılmış şəxslərin sosial və hüquqi təminatının daha da yaxşılaşdırılması məqsədilə sənədə bir sıra yeni müddəalar daxil edilib.
Silahlı Qüvvələrdə aparılan islahatlar çərçivəsində hərbi hissə komandirlərinin hərbi nizamnamələr və normativ hüquqi aktlarla müəyyən olunan hüquqlarının icrasına imkan verən sənədlərin layihələri hazırlanıb.
Azərbaycan Respublikasının Hərbi Doktrinasının, Silahlı Qüvvələrin 10 illik İnkişaf Strategiyasının yeni layihələri işlənib, Milli Təhlükəsizlik Konsepsiyasına daxil ediləcək ölkənin müdafiə qabiliyyətinin inkişafına dair təkliflər hazırlanıb".
Z.Həsənov bildirib ki, son illər ərzində Azərbaycanın hərbi xərcləri sürətlə inkişaf edib və qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür: "Ali Baş Komandanımız İlham Əliyevin "düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır" sözləri qarşımızda mühüm vəzifələr qoyur. Məhz buna görə də Silahlı Qüvvələrimizin döyüş arsenalının müasir tələblər əsasında yenilənərək gücləndirilməsi ümumi fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir".
Z.Həsənovun sözlərinə görə, qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir 152 mm "Msta-S", 120 mm "Vena" özüyeriyən artilleriya qurğuları, 122 mm "Sakarya" reaktiv yaylım atəşi sistemləri, 120 mm "Sani" minaatan kompleksləri, 220 mm TOS-1A reaktiv qurğuları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları daxil olub: "Sözsüz ki, çətin təbii şəraitdə xidmət edən və torpaqlarımızın qorunması kimi məsuliyyətli bir vəzifəni öhdəsinə götürən hərbi qulluqçuların sosial-məişət şəraiti və əşya-ərzaq təminatı da daim diqqət mərkəzindir.
Ordumuz son bir ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirdi. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın başa saldıq ki, münaqişənin yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə erməni silahlı birləşmələrininərazilərimizi birdəfəlik və qeyd-şərtsiz tərk etməsidir. Düşmən bunu anlamalıdır. Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşən yeganə vəzifə isə düşməni darmadağın etməyə hər an hazır olmaqdır. Biz buna hazırıq və bütün qoşun növlərində döyüş hazırlığının gücləndirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçirilən döyüş atışlı təlimlər, məşqlər qələbə gününün uzaqda olmadığına sübutdur.
Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram".