Səhiyyə, təhsil və mənzil hüquqlarının müdafiəsi Layihə

Səhiyyə, təhsil və mənzil hüquqlarının müdafiəsi

Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində bildirilir ki, bəzi şikayətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar öz əksini tapıb: "Dövlət tibb müəssisələrində bəzi həkimlərin laqeydliyi, tibbi heyətin pasiyentlərə münasibətdə qeyri-etik davranışı, həkimlərin xəstə qarşısında məsuliyyət hissinin olmaması, tibbi göstərişdən asılı olmayaraq, xəstələrin ən müxtəlif laborator və diaqnostik müayinələrə məruz qoyulması, onların qazanc mənbəyinə çevrilməsi, tibbi xidmətin keyfiyyətinin zəruri səviyyədə olmaması da vətəndaşlarda narazılıqlar yaradıb.
Yeri gəlmişkən, rəsmi məlumata əsasən Səhiyyə Nazirliyi tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. Bakıda və regionlarda yerləşən psixiatriya müəssisələrinə davamlı baxışlar keçirən Müvəkkil tərəfindən eyni zamanda həkimlər üçün ruhi xəstələrə Avropa standartlarına uyğun tibbi xidmət göstərilməsi və rəftarla bağlı təlimlər keçirilib, ruhi xəstələrin müdafiəsi, psixiatrik yardımın yaxşılaşması və hospitallaşdırma prinsipləri, xəstəliyin diaqnostikası, cəmiyyətdə yaşamaq, konfidensiallıq, müalicəyə razılıq verilməsi, psixiatrik müəssisələrdə saxlanma şəraiti, məcburi hospitallaşdırma və digər prinsiplər barədə ətraflı məlumat verilib. Müvəkkil respublikanın baş psixiatrı G.Gəraybəyli ilə birgə psixiatriya müəssisələrinə dəfələrlə baxışlar keçirib, tibbi personal və xəstələrlə görüşüb, həmin müəssisələrdə onların şəraitini, qidalanması və müalicə vəziyyətini öyrənib.
Müvafiq tapşırıq üzrə aparatın əməkdaşları da xəstələrə münasibət, şərait, müalicənin təşkili, qidalanma məsələlərinin araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin 1 saylı Respublika, Kürdəmir Rayonlararası Psixiatriya xəstəxanalarına, Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə, Şağandakı Əqli qüsurlu uşaqlar üçün 3 saylı internat evinə, Buzovnadakı ruhi-əsəb xəstələri üçün 9 saylı internat evinə, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar və ambulator şöbəsinə baxışlar keçiriblər. Müvəkkilin tövsiyələri də nəzərə alınmaqla, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xeyli müsbət işlər görülüb, 20-dək korpus, əsaslı təmir edilərək müasir standartlara cavab verən vəziyyətə gətirilib. Baxışın keçirildiyi müəssisələrdə şərait, qidalanma, tibbi xidmət, xəstələrə qarşı rəftarla bağlı pozuntu müşahidə olunmayıb. Bununla belə, şərait və qeydiyyatla bağlı Səhiyyə Nazirliyinə bir sıra tövsiyələr göndərilib".
Həmin il təhsil hüququ ilə bağlı 150 müraciət daxil olub, səlahiyyətlər çərçivəsində hər bir şikayət üzrə araşdırma aparılıb, zəruri hallarda monitorinqlər həyata keçirilib, bir sıra problemlər təhlil edilib. Məktəbəqədər təhsil müəssisələrindəki vəziyyət, habelə məktəblərdə təlim-tərbiyənin və tədrisin təşkili, eyni zamanda ali və orta ixtisas təhsili sahəsində məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlarla, xüsusilə də Təhsil Nazirliyi ilə əməkdaşlıqda araşdırılıb, bir çox aşkar edilmiş nöqsan və çatışmazlıqlar aradan qaldırılıb. Ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı, sağlamlığı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması, təlim-tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Qeyd edilir ki, orta təhsilin inkişafı istiqamətində atılmış əhəmiyyətli addımlarla yanaşı, müxtəlif çatışmazlıqlar qalmaqdadır: "Bir sıra orta məktəblərdə tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri qanunla müəyyən edilmiş qaydada icra etməməsi haqlı narazılıqlara və vətəndaşların şikayətlərinə səbəb olub. Müvafiq şikayətlər üzrə aparılmış yoxlamalar nəticəsində təqsirkar tədris işçiləri Təhsil Nazirliyi tərəfindən cəzalandırılıblar.
Tədris prosesində istifadə edilən dərsliklər şagirdlərə dövlət hesabına pulsuz verilsə də, köməkçi tədris vəsaitləri valideynlərin şəxsi hesabına əldə edilir ki, bu da aztəminatlı, çoxuşaqlı ailələrdə narazılıqların yaranmasına səbəb olur. İnternat evlərində uşaqların təhsili və sosial müdafiəsi məsələləri də diqqətdə olub. Avropa ölkələrində bərqərar olan və ölkəmizin də qoşulduğu Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin ali təhsil müəssisələrimizdə davamlı tətbiqi, təhsilin bu sisteminə inteqrasiya prosesinin sürətləndirilməsi məqsədəmüvafiqdir".
2013-cü ildə mənzil hüququ ilə bağlı 1084 müraciət daxil olub. Həmin müraciətlərdə, əsasən, mənzillə təmin olunma, mənzil növbəsinin bərpası, qəzalı vəziyyətdə olan mənzilin təmiri və ya əvəzinə yeni mənzil verilməsi, təbii fəlakətin evlərə vurduğu ziyanın aradan qaldırılması, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması kimi hallar öz əksini tapıb. Mənzil hüququnun pozulması ilə bağlı bir sıra müraciətlər Müvəkkilin müdaxiləsindən sonra öz həllini tapıb, bəzi şəxslər bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ilə təmin edilib, evləri yararsız vəziyyətə düşmüş vətəndaşların vəziyyətinə xüsusi həssaslıqla yanaşılıb. Son illərdə mövcud sahədə ən əlverişli üsullardan biri kimi vətəndaşlara ipoteka kreditlərinin verilməsi olub. Müvəkkil illik məruzələrində ipoteka kreditlərinin əhaliyə əlçatan olması ilə bağlı təkliflər irəli sürüb.
Təbii fəlakətdən zərər çəkmiş vətəndaşlardan Müvəkkilin ünvanına 324 müraciət daxil olub. Ölkəmizin ayrı-ayrı regionlarında müxtəlif vaxtlarda baş vermiş təbii fəlakət zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilmiş kompleks tədbirlər 2013-cü ildə davam etdirilib. Zəlzələdən, sel və daşqınlardan ziyan çəkmiş sakinlərin normal həyat şəraitinə qayıtması istiqamətində bir sıra tədbirlər görülüb. Bir çox ziyan çəkmiş ailələr ölkə Prezidentinin müvafiq göstərişlərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qısa müddətdə onlar üçün tikilmiş yeni evlərə köçürülüb və ya həmin evlərdə təmir-bərpa və ya yenidənqurma işləri aparılıb, vətəndaşlar öz razılıqlarını bildiriblər.
Müvəkkilin aidiyyəti üzrə müraciətləri nəticəsində təbii fəlakətlərdən ziyan çəkmiş bir sıra evlərə yerli fövqəladə hallar komissiyası tərəfindən ilkin və ya təkrar birgə baxışlar keçirilib və Fövqəladə Hallar Nazirliyinin işçi qrupunun baxışına təqdim olunub, yaşayış üçün yararsız vəziyyətə düşmüş bir sıra evlərlə bağlı bərpa rəyi verilib, bəzi evlər bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilib. 314 müraciətdə əsasən əhalinin müxtəlif məişət, infrastruktur və mənzil-kommunal problemləri, habelə kommunal xidmətlərlə bağlı, o cümlədən istilik, təbii qaz, içməli su və elektrik enerjisi ilə təminat sahəsində olan çatışmazlıqlar öz əksini tapıb.
Müvəkkilin səyləri nəticəsində əhalinin kommunal xidmətlər sahəsində üzləşdiyi bir sıra problemlər, o cümlədən mənzillərdə mərkəzi istilik sisteminin işləməməsi, içməli su təminatı və kanalizasiya xətlərinin bərpası, qazla təchizatı, elektrik enerjisi ilə təminatla bağlı müraciətlərdə öz əksini tapmış hallar araşdırılaraq təmin edilib.
Azərbaycan Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanına əsasən, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar, fərdi yaşayış evləri üzərində isə təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi vəzifəsinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növləri siyahısına əlavə edilməsi mövcud sahədə vətəndaşların müraciətlərinin asanlaşdırılmasına xidmət edən mühüm addımdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinin tələblərinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunla nəzərdə tutulmuş hallarda və qaydada alınır. Bəzi müraciətlərdə ev, mənzil, torpaq üzərində hüquqların qeydiyyatı zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidmətinin ərazi idarələri və rayon (şəhər) şöbələri tərəfindən süründürməçiliyə məruz qalma halları qeyd edilib, Müvəkkilin müdaxiləsi nəticəsində pozulmuş hüquqlar bərpa edilib. Xüsusi mülkiyyətə verilmiş torpaq paylarına, habelə bələdiyyələrdən alqı-satqı yolu ilə alınmış torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi ilə bağlı olan şikayətlərin də müsbət həll edilməsi üçün zəruri tədbirlər ğörülüb.
Dövlət qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində qeyri-dövlət sektoruna daxil olan müəssisələr tərəfindən vətəndaşların pozulmuş mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, istirahət, sağlamlığın qorunması və digər hüquqlarının bərpası üzrə tədbirlər görülüb, aşkar olunmuş nöqsan və çatışmazlıqlarla əlaqədar təklif və tövsiyələr verilib, bir çox problemlər həllini tapıb. Müvafiq istiqamət üzrə aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət tərkibdə işçi qrupu yaradılıb. İşçi qrupunun yaradılmasında əsas məqsəd sahibkarlar tərəfindən fəaliyyətlərinin həyata keçirilməsi zamanı insan hüquqlarına hörmət və riayət olunmasının təmin edilməsidir.

Uğur