“QHT-lər öz missiyası, idealları, dəyərləri olan təsisatlar kimi qəbul olunmağa başlayıblar” Layihə

“QHT-lər öz missiyası, idealları, dəyərləri olan təsisatlar kimi qəbul olunmağa başlayıblar”

Əliməmməd Nuriyev: "Bu da vətəndaş cəmiyyətinin ən böyük uğurudur"


Azərbaycanda inkişafında bir neçə mərhələdən keçən vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları (QHT) son 20 ildə vətəndaş cəmiyyəti quruculuğu, totalitar sistemdən demokratik cəmiyyətə keçidin, cəmiyyətin demokratik transformasiyası prosesinin, ictimai həyatın vacib institutlarından birinə çevriliblər. Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən, fondlardan və digər QHT-lərdən ibarət qeyri-hökumət sektoru, üçüncü sektor formalaşıb. Bu illər ərzində davamlı təkamül və inkişaf prosesləri hazırda müxtəlif istiqamətlər üzrə QHT-lərin sabit qruplarının formalaşmasına gətirib çıxarıb. Ümumilikdə Azərbaycanda minlərlə QHT dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatından keçməyən, lakin üçüncü sektorda geniş fəaliyyəti ilə seçilən müxtəlif sahələr üzrə ixtisaslaşan yüzlərlə QHT fəaliyyət göstərməkdədir.
Bütün çətinlik və maneələrə baxmayaraq ölkəmizdə üçüncü sektor nümayəndələri irəli çıxmağa, onları qəbul etməyənləri özləri ilə hesablaşmağa məcbur etdilər, bir sözlə, özlərini təsdiqləməyə nail oldular. Son 20 ildən artıq zaman kəsimini obrazlı şəkildə ifadə etsək, vətəndaş cəmiyyəti institutlarının məhz özünütəsdiq, cəmiyyətin aparıcı qüvvələrindən biri kimi qəbul edilmək və tanınmaq dövrü kimi xarakterizə etmək olar. Keçilmiş yola nəzər salsaq, görərik ki, vətəndaş cəmiyyəti institutları demək olar ki, bir çox istiqamətlərdə neqativ təsirlərə məruz qalır və bunlarla mübarizə aparmalı olurdular. Siyasi təsisatlar vətəndaş cəmiyyəti institutlarını onların ideyalarının başqa formatda müdafiəçisi və təbliğatçısı, dövlət orqanları öz qərar və addımlarının, mənafelərinin dəstəkləyicisi, bəzi xarici qüvvələr özlərinin ruporu, nüfuz agentləri və PR təsisatları kimi görmək istəyirdilər. Təsadüfi deyildi ki, vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin missiyası, məqsədləri, məramları ilə bağlı qızğın müzakirələr, diskussiyalar son zamanlara kimi gündəmdən düşmürdü. Bu müzakirələr və diskussiyalar bu gün də zaman-zaman davam etdirilməkdədir. Lakin artıq qəti şəkildə, inamla söyləmək olar ki, Azərbaycanda öz missiyasını və cəmiyyət qarşısında məsuliyyətini anlayan, hansı hədəfləri seçdiyini, cəmiyyəti hara səslədiyini, aydın şəkildə dərk edən və ictimai həyatın müstəqil vahidi kimi çıxış edən üçüncü sektor formalaşıb. 2007-ci ildə isə vətəndaş cəmiyyəti institutlarının, üçüncü sektorun özünütəsdiqləmə mərhələsinin sonu və növbəti, keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyan addım atıldı. QHT-lərin və bütövlükdə üçüncü sektorun möhkəmlənməsi onların dövlət orqanları ilə münasibətlərinin inkişafına da təsirsiz ötüşməmişdi. Ardıcıl və sistemli səylərdən sonra dövlət orqanları ilə QHT-lər arasında tərəfdaşlıq münasibətləri, əməkdaşlığın inkişaf etməsi sahəsində müəyyən müsbət nəticələr və təcrübə əldə olunmuşdu. 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndi. Vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün yeni perspektivlər açan bu konsepsiyanın qəbul edilməsi üçüncü sektorun böyük tarixi uğuru, Azərbaycan dövlətinin isə demokratik inkişaf yolunda irəliyə atılmış mühüm addımı kimi qiymətləndirilə bilər.
Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var.
Zamanında və ən zəruri məqamda dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına tam dəstək ifadə edildi, üçüncü sektor tamhüquqlu tərəfdaş elan oldu.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoydu. Bu mərhələ bir sıra xüsusiyyətlər ilə əvvəlki dövrlərdən fərqlənir. Əvvəla, vətəndaş cəmiyyəti institutları - dövlət münasibətlərinin uğurlu modeli yaranıb. Bu model vətəndaş cəmiyyəti institutları və dövlətə bərabərhüquqlü tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir. İkincisi, ictimai fikirdə vətəndaş cəmiyyəti institutlarına olan münasibət bir qədər dəyişildi. Vətəndaş cəmiyyəti institutları ilə bağlı daha çox sovetlər sistemindən qalma ənənələri dağıtmağa imkan verdi. Hazırda QHT-lər cəmiyyətlə dövlət orqanları arısında etimadlı münasibətlərin yaradılmasında körpü rolunu oynayan əsas instituta, təsisatlara çevrilməkdədirlər. Bundan əlavə, QHT hərəkatı daha da genişlənib. Bu və ya digər səbəblərdən indiyə qədər xarici donorların dəstəyindən məhrum olan QHT-lər yeni imkanlar əldə ediblər. Üçüncü sektorun "kölgədə" qalmış tərəfi inkişaf üçün stimul əldə edib. Həmçinin, regionlarda QHT-lərin yaranması və fəaliyyət göstərməsi istiqamətində irəliləyiş müşahidə olunmaqdadır. Digər tərəfdən, QHT-lərin fəaliyyətində, ümumilikdə III sektor daxilində şəffaflığın, üzvləri, cəmiyyət və dövlət qarşısında hesabatlılığın artması istiqamətində müsbət meyllər müşahidə olunur. Həmçinin cəmiyyətin özündə vətəndaş cəmiyyəti institutlarına inam artıb. Vətəndaş cəmiyyəti ideyaları, bu institutların fəaliyyəti, nə istədikləri, hədəfləri cəmiyyət tərəfindən daha yaxşı aydın şəkildə qavranılmağa başlayıb.
Son 20 ildən artıq müddət ərzində vətəndaş cəmiyyəti institutlarının keçdiyi yol və əldə edilmiş uğurları göz önünə gətiriləndə görürük ki, əldə edilən uğurlar hər bir üçüncü sektor təmsilçisini sevindirir, eyni zamanda əldən verilən, istifadə edilməyən imkanlar barəsində də QHT nümayəndələri tərəfindən düşünülür və bunlarla bağlı diskussiyalar aparılır. Bu da təbiidir, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək, mövcud imkanlardan daha səmərəli istifadə edilməsi üçün bu gün vətəndaş cəmiyyəti institutlarının üzləşdiyi problemlərin, onların həlli yollarının müzakirəsi olduqca vacibdir. Təbii ki, üçüncü sektor nümayəndələri bu zaman rasional düşünməli, mövcud situasiyaya obyektiv baxmalı və ən vacibi yalnız vətəndaş cəmiyyəti institutlarının inkişafının sürətləndrilməsini hədəf götürməklə çıxış yolları üzərində fikirləşməlidirlər.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, bu gün vətəndaş cəmiyyəti institutları cəmiyyətin aparıcı qüvvələri tərəfindən inkişaf proseslərinə əhəmiyyətli töhfə verirlər. Və QHT-lər öz missiyası, idealları, dəyərləri olan təsisatlar kimi qəbul olunmağa başlayıblar: "Bu da vətəndaş cəmiyyətinin ən böyük uğurudur. Əvvəllər vətəndaş cəmiyyəti institutlarına ictimai etimad arzuolunan səviyyədə deyildi. Amma dövlət tərəfindən son illər atılan addımlar etimadın yüksəlməsinə gətirib çıxardı. Məsələ ondadır ki, bir neçə il öncə vətəndaşların böyük əksəriyyəti vətəndaş cəmiyyəti, III sektor, onların fəaliyyəti və cəmiyyətin inkişafına verə biləcəyi töhfələr barədə kifayət qədər məlumatlı deyildilər. Hətta, bir çox hallarda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti onlarda neqativ fikirlər doğururdu. Yeni inkişaf mərhələsində ilk vəzifələrdən biri də bu problemin həlli üçün səylərin artırılması idi ki, bu da demək olar həll edilib". Ə.Nuriyev bu sektorla bağlı bir məsələni də diqqətə çatdırıb ki, bu da QHT-lərin hesabatlılığı ilə bağlıdır: "Müsbət irəliləyişlərə baxmayaraq, bəzi QHT-lərin fəaliyyətində şəffaflıq, öz üzvləri və dövlət orqanları qarşısında hesabatlılıqla bağlı problemlər hələ də qalır. Bu da cəmiyyətdə müəyyən suallar doğurur. Sualların cavablandırılması, şübhələrin ortadan götürülməsi və ən əsası illərlə şüurlarda kök salmış neqativ stereotiplərin dəyişilməsi üçün vətəndaş cəmiyyəti institutlarının özləri təşəbbüskar olmalıdırlar. Yəni III sektorun inkişafı ilə bağlı məsuliyyətlərini dərk etməlidirlər".
"Tərəqqi və Demokratiya" İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin əvəzsiz rol oynadığı qənaətindədir. Onun sözlərinə görə, hər bir QHT ölkə vətəndaşını ictimai fəaliyyətə hazırlayan mühüm bir qurum, ciddi bir məktəbdir: "QHT-lər xüsusilə gənclərin, öz imkanlarını gerçəkləşdirməkdə çətinlik çəkən hər bir şəxsin fəallaşmasında, potensialının üzə çıxmasında da əvəzsiz rol oynaya bilər. Ona görə də ölkəmizdə QHT-lərin formalaşması, təcrübə qazanması həmin bu məktəbin səviyyəsinin yüksəlməsinə yardım edir. Hesab edirəm ki, bu gün QHT-lərin fəaliyyət göstərməsi üçün hökumət tərəfindən müsbət addımlar atılıb. Dövlət şura yaratdı, QHT-lər üçün donorluq etdi ki, bu da vətəndaş cəmiyyəti sektorunun inkişafına xidmət edən amillərdəndir".
Millət vəkili Zahid Oruc da QHT sektorunun inkişaf etdiyi qənaətindədir. Deputat müasir cəmiyyətimizdə QHT-lərin mühüm rol oynadığını deyərək, onların həyatın müxtəlif sferalarında yer tutduqlarını bildirir: "Mən əminliklə demək istəyirəm ki, III sektor hazırda dövlətlə müxtəlif sahələr arasında əməkdaşlıq formatında işləyə bilirlər. Cəmiyyəti QHT-lərsiz təsəvvür etmək olmaz. Vətəndaş cəmiyyəti institutları bir növ dövlət üzərində arbitr rolunu oynayırlar. Azərbaycan hakimiyyəti də QHT-lərin cəmiyyət üçün vacibliyini nəzərə alaraq, onların inkişafı üçün hər bir şəraiti yaradır". Azərbaycanda III sektorun artıq formalaşdığını deyən Z.Oruc bununla belə, QHT-lərin qarşıda görəcəkləri işlərin çox olduğu qənaətindədir.

Əli