“Azərbaycan xalqı eyni dövlətçilik əzmi və iradəsi nümayiş etdirən bütün etnosların birliyidir” Layihə

“Azərbaycan xalqı eyni dövlətçilik əzmi və iradəsi nümayiş etdirən bütün etnosların birliyidir”

Həsrət Rüstəmov: "Bu xalqları ayırmaq qeyri-mümkündür"

Azərbaycan müxtəlif millətlərin, dinlərin, ayrı-ayrı təriqətlərin çuğlaşdığı bir məkan olduğu üçün daim diqqət mərkəzində olub. Təbii ki, müxtəlif yönlü insan qruplarının cəmləşməsi özüylə problemlər də gətirir. Amma tarixə nəzər saldıqda Azərbaycanda xırda gərginliklər istisna olmaqla ciddi qarşıdurmalar olmayıb. Ölkəmiz çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir.
Dünyada müsəlman dövləti kimi tanınan Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Həmçinin burada ənənəvi dini bağlılıqları olmayan toplumlar, məsələn, qaraçılar da yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib. Azərbaycan dini və milli tolerantlıq baxımından o qədər öndədir ki, hətta bir neçə ay öncə Avropanın ən inkişaf etmiş dövlətlərindən olan Fransadan qaraçıları deportasiya edəndə onların bir çoxu bizim ölkəmizə gəlməyə çalışmışdılar.
Bu gün Avropanın bir çox ölkələrində milli və dini zəmində münaqişələr baş verməkdədir. Xüsusilə Avropada İslam dininə və onun daşıyıcılarına qarşı arzuolunmaz münasibət - islamofobiya müşahidə olunmaqdadır. Avropada yaşayan mühacirlərə də orada heç də xoş münasibət bəslənilmir, onlar ya ən ağır işlərə cəlb olunur, ya da deportasiya edilirlər. Azərbaycanda isə əcnəbilərə münasibət tamamilə fərqlidir.
Region ölkələri ilə müqayisə etdikdə Azərbaycanın tolerantlıq baxımından doğrudan da bir model dövlət olduğuna şübhə qalmır. Bu həm dövlətin, həm də cəmiyyətimizin fəxarətlə dünyaya təqdim edə biləcəyi ənənəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Azərbaycanın dini və milli tolerantlıq sahəsində uğurlara nail olmasının nəticəsidir ki, bu gün Rusiyada, digər dövlətlərdə rahat yaşaya bilməyəcəklərini anlayan, yaxud oradakı arzuolunmaz mühitlə üzləşən insanlar Azərbaycana üz tuturlar.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, bu tarixi ənənənin qorunub saxlanılmasında dövlətin də rolu çox böyükdür. Əlbəttə ki, dini və milli tolerantlıq həm də insan hüquq və azadlıqlarının, demokratiyanın təməl prinsiplərindəndir. Bu baxımdan dövlət tolerantlığın daha da inkişaf etməsində maraqlı olmaya bilməz. Eyni zamanda Azərbaycanda tolerantlığın formalaşmasında dini icmaların fəaliyyəti də danılmazdır.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycanın bu məsələdə heç bir problemlə üzləşmədiyini deyib: "Mən xatırlamıram ki, indiyə qədər hansısa bir şəxs Azərbaycanda ona dözümsüz münasibət göstərilməsindən şikayətlənsin. Kimsə dini əqidəsinə, milli mənsubiyyətinə görə burada təzyiqə məruz qalması, yaxud hər hansı bir pis münasibətlə üzləşməsindən giley belə etməyib. Bu da ondan irəli gəlir ki, Azərbaycan tarixən tolerant münasibət sərgiləyən bir ölkə olub. Azərbaycanın özünəməxsus dini və milli ənənələri var, lakin burada yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır. Bu gün Azərbaycanın dövlət strukturlarında, hətta rəhbər orqanlarda, parlamentdə kifayət qədər başqa millətlərə və dinlərə aid olan şəxslər çalışır. Mən dünyanın müxtəlif ölkələrində oluram. Lakin mən heç yerdə Azərbaycanda olduğu qədər dözümlülük görmürəm. Hətta Avropada da bəzən milli və dini zəmində kataklizmlər baş verir. Azərbaycan bu baxımdan bir model kimi nümunə ola bilər. Bəzən biz hansısa beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı tənqidlər eşidirik. Çox sevindiricidir ki, bütün hesabatlarda Azərbaycanda tolerantlıq olduğu xüsusi vurğulanır və bundan məmnunluq duyulduğu qeyd edilir". Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu isə qeyd edib ki, Azərbaycanda tolerantlıq tarixən yüksək səviyyədə olub və bu gün də belədir: "Azərbaycanda tarixən insanlar arasında dini inanc, milli maraqlar baxımından nümunəvi tolerantlıq mədəniyyəti var. Hesab edirəm ki, bu, bizim islami inancımızdan irəli gəlir, onun köklərindən qaynaqlanır. Bu dini dözümlülük mühitini axıradək qoruyub-saxlamalıyıq".
Azərbaycan Demokrtat Partiyasının (ADP) sədrinin müavini Həsrət Rüstəmov da Azərbaycanda tolerantlığın səviyyəsinin qənaətbəş olduğunu bildirib. O, deyib ki, tolerantlıq anlayışı plürüalizmlə birlikdə demokratik cəmiyyətləri xarakterizə edən əsas anlayışlara aiddir: "Anlayışın əsasında yadfikirliliyin qəbul olunması, başqa cür düşünənlərin bir cəmiyyət halında yaşamasının mümkünlüyü fəlsəfəsi dayanır. Başqa cür desək, tolerantlıq - dini, siyasi və digər sahələrdə müxtəlif ideya və cərəyanların yanaşı mövcudluğunun təmin edilməsi, təqib edilməməsi və inkişafının əngəllənməməsidir. Ölkəmizdə tolerantlığın qəbul edilməsi, qorunması üçün ilk növbədə hakimiyyətdə olanların, ümumiyyətlə siyasi qüvvələrin və xalqın yadfikirliliyə, fikir müxtəlifliyinə dözümlülüyünün hədlərini bilmək lazımdır. Söhbət əgər dini və etnik müstəvidəki dözümlülükdən gedirsə, bəli demək mümkündür ki, Azərbaycan əksər dövlətlərə nümunə ola biləcək tolerant ölkədir. Burada müxtəlif dini təriqətlərə və etnoslara mənsub olan insanlar rahat yaşaya, öz toplumlarını inkişaf etdirə bilirlər. Bu xalqımızın uzun zaman ərzində formalaşdırdığı tarixi ənənələrinin nəticəsidir. Belə ki, Azərbaycanda həmişə müxtəlif etnoslara və müxtəlif dini təriqətlərə mənsub insanlar rahat yaşayıblar, ölkəmizə və xalqımıza qarşı kəskin düşmən münasibətdə olan ermənilər xaric bu ərazidə etnik, dini konflikt heç bir zaman olmayıb".
O, əlavə edib ki, Azərbaycanda yaşayan yerli xalqlar – türklər, talışlar, ləzgilər, avarlar və digər etnosların nümayəndələri, habelə son yüz ildə bu ərazilərə yaşamağa gələn xristian dininə mənsub xalqların nümayəndələri özlərini həmişə dövlətə sədaqətli aparıblar: "Təkcə ermənilər xəyanətkar xislətlərinə sadiq qalaraq Azərbaycan ərazisində həmişə rus imperiyasının siyasətini həyata keçirən toplum olaraq qalıblar. Bu gün də Rusiyanın imperiya siyasətinin Qafqazda nökəri rolunu oynayan ermənilər xaric olmaqla, ərazimizdə etnik zəmində münaqişə yaranması qeyri mümkündür. Azərbaycanın etnik müxtəlifliyini təşkil edən xalqlar əsasən eyni dinə, eyni adət-ənənəyə və eyni dövlətçilik şüuruna malikdirlər. Onları bir birindən ayırmaq, hətta üz-üzə qoymaq heç kimə nəsib olmayacaq... Etnik qarşıdurma cəhdləri Rusiyanın Cənubi Qafqazı əsarətində saxlamaq siyasətinin elementi kimi meydana çıxıb, çox zaman səhnələşdirilmiş oyun təsiri bağışlayıb və çoxluğun müdafiəsindən məhrum olub. Belə lahiyələr daha çox Azərbaycanı təhdid etmək, onun dövlət kimi müstəqil siyasətini önləmək, suverenliyini məhdudlaşdırmaq niyyətlərinə xidmət göstərir. Azərbaycan xalqı eyni dövlətçilik əzmi və iradəsi nümayiş etdirən, Azərbaycan Respublikasının qurulmasında canını vermiş bütün etnosların birliyidir. Bu xalqları ayırmaq qeyri mümkündür və yad təbliğatlara heç bir vətəndaşımız uymamalıdır. Hazırda dünyada monoetnik dövlətlərin mövcudluğu qeyri mükündür. Demokratik rejimlər isə ümumiyyətlə milli, etnik faktoru arxa plana, insan, vətəndaş faktorunu isə önə çıxarır. Etnik müstəvidə xaricdən gələn qızışdırıcılıq siyasətinə cavab olaraq Azərbaycan hökuməti daha çox demokratik islahatlara getməlidir. Çünki bu cür cəhdlərin arxasında duran niyyət bizi demoktratik inkişafdan, demokratik dünyaya inteqrasiyadan saxlamaqdır. Belə olduğunu bildiyimizə görə demokratiyanı genişləndirən cəsarətli siyasətlə o cəhdləri neytrallaşdıra bilərik".
O, əlavə edib ki, talışlar Azərbaycanda tarixən yaşamış, indiki əraziləri tarixi vətənləri olan xalqdır: "Rəsmən Azərbaycanda türklərdən sonra ikinci etnos talışlar hesab olunur. Amma bu sayı mən ümumiyyətlə əsas məsələ hesab etmirəm. Bizim ölkədə sayı bir kənd formalaşdırmağa yetən xalqlar, məsələn Xınalıq xalqı var ki, Azərbaycan dövlətçiliyi üçün çox əhəmiyyətli, mühüm işlər görüblər. Biz onlara sayları azdır deyə, yuxarıdan aşağı baxmalıyıqmı? Əlbəttə ki, yox. Əksinə sayı çox olan etnosun nümayəndələrinin məsuliyyəti digərlərindən daha çoxdur və ya olmalıdır. İnsan etnik kimliyini özü seçə bilməz, bu Allahın bizə verdiyi qismətdir. Mən Talış xalqının övladı olmağımla fəxr edirəm, buna görə Allaha şükr edirəm. Çünki bu xalqın mərd, cəsarətli, sözübütöv və sədaqətli insanların toplumu olmasına dair yüzlərlə misallar gətirə bilərəm. Yad təbliğatların əsirinə çevrilmiş tək-tək şəxslər isə, hər xalqda ola bilər. Onların cəhdləri əbəsdir, müvəqqətidir və ağalarının pul kisəsinə bağlıdır. Mən Azərbaycanın qardaş xalqları arasında nifaq toxumu səpmək istəyənləri topluca yadelli hesab edirəm. Onların bizə, dövlətimizə və xalqımıza heç bir aidiyyəti yoxdur. Fəaliyyətlərinin də ürəkbulandırmaqdan başqa bir nəticəsi ola bilməz. Bundan başqa Azərbaycanda yaşayan digər yerli xalqlar kimi talışların da yalnız dil fərqliliyi var. Etnosu formalaşdıran qalan bütün amillər eynidir. Yəni, dövlət milləti anlayışı deyilən sosial kateqoriya baxımından bizim bütün vətəndaşlarımız bir xalqın nümayəndələridir. Çünki bu dövləti birlikdə yaratmışıq və onu ən yüksək inkişafa, rifah halına çatdıranadək birlikdə mübarizəmizi davam etdirməli, gələcək nəsillərimizə azad, firavan, demokratik bir dövləti miras olaraq buraxmalıyıq. Bu gün bizim – Azərbaycan vətəndaşlarının əsas missiyası bu olmalıdır".

Əli