Ahıska türkləri Layihə

Ahıska türkləri

Ahıskalılarla azərbaycanlılar arasında ən qədim zamanlardan iqtisadi və mədəni əlaqələr mövcud olub

II yazı

Araşdırmaçı Sevil Piriyeva bildirir ki, sovet dövləti səviyyəsində xalqa qarşı aparılan bu təqiblər ahıskalıların tarixində son dərəcə acınacaqlı səhifələr açıb: "Sovet hakimiyyəti öz fəaliyyətinin ilk illərindən başlayaraq milli siyasətini əslində repressiv siyasətə çevirmişdi. Bu mənada 20-30-cu illər SSRİ xalqları üçün son dərəcə dözülməz olmuşdu. Kollektivləşmənin kortəbii şəkildə həyata keçirilməsi, yerlərdə xalqların milli-etnik xüsusiyyətlərini nəzərə almamaq təkcə təsərrüfat sistemində deyil, insanların taleyində ən faciəli şəkildə əksini tapırdı. Qədim əkinçilik mədəniyyətinə malik olan ahıskalılar "elliklə kollektivləşmə" siyasəti nəticəsində təsərrüfat ənənələrini itirməyə başladılar. Bu hal istər-istəməz xalqın məişət mədəniyyətinin deformasiyaya uğramasına gətirib çıxarırdı. İnsanların zorla kolxozlara cəlb edilməsi kəndlilərin vəziyyətini ifrat dərəcədə ağırlaşdırdı. Doğrudur, digər rayonlarla, bölgələrlə müqayisədə Ahıska türklərinin yaşadığı yerlərdə kollektivləşmə nisbətən sakit keçirdi. Lakin bununla belə, zəhmətkeş xalq öz əkinçilik mədəniyyətini, təsərrüfat vərdişlərini itirməyə başlayırdı. Real quruculuq işlərinin repressiv siyasətlə əvəzlənməsinə üstünlük verilirdi. Repressiv siyasət ilk əvvəllər "gizli" şəkildə və ilk növbədə sərhəd rayonlarının "etibarsız" sayılan xalqlarına tətbiq edilirdi. "Etibarsız millətlər" rejimin gözündə müharibə vaxtı düşmənə satıla bilən xalqlar hesab olunurdular. Ölkədə millətçiliyi qızışdırmağa gətirib çıxaran amillər ortaya atılırdı. Məsələn, hesab olunurdu ki, sərhəd zonalarında yaşayan xalqlar "cəsusluq" üçün yaxşı "xammaldır". Məhz həmin illərdə "Pravda" qəzetində cəsusluq haqqında materialların mütəmadi dərc olunması ölkənin mənəvi-siyasi həyatında gərginlik yaradırdı. Bir növ xalqlar psixoloji gərginlikdə saxlanırdı. Sonrakı proseslər üçün bu başlanğıc mərhələsi idi. Məhz etibarsız xalq siyasətindən Rusiya yeri gəldikdə "bəhrələndi". Ahıska türkləri, Krım tatarları bu adla cəzalandırıldı. 1944-cü ildə Ahıska türkləri Gürcüstandan kütləvi şəkildə sürgün olunarkən onların üzərinə haqsız və ədalətsiz olaraq "etibarsız xalq" damğası vurulmuşdu. Halbuki, Ahıska türkləri digər repressiya olunmuş xalqlarla birlikdə Almaniyanın SSRİ-yə hücumunu ümumxalq faciəsi kimi qəbul etmişdilər. Onlar bir nəfər kimi ayağa qalxaraq ölkəni müdafiə etməyə hazır olduqlarını bildirmişdilər. Məlumata görə, cəbhəyə 40 mindən artıq Ahıska türkü göndərilmişdi. Göründüyü kimi, rejim yeri gələndə "etibarsız" xalqlardan məqsədyönlü istifadə etməyi də unutmurdu".
Araşdırmaçının fikrincə, Ahıskalıların tarixi ərazilərindən köçürülməsi problemi, ümumiyyətlə, o dövrdə İttifaq rəhbərlərinin müsəlman mənşəli azsaylı xalqların köçürülməsi siyasəti kontekstində nəzərdən keçirilməlidir. Bu siyasət ilk növbədə sərhədboyu ərazilərdə yaşayan xalqlara şamil olunurdu. İkinci Dünya müharibəsinin başlayacağını yaxşı dərk edən SSRİ rəhbərliyi, ilk növbədə, İ.Stalin məhz sərhədləri "etibarsız" xalqlardan təmizləməyi daha vacib "dövlətçilik" siyasəti sayırdı.
Ahıska türklərini "cəsusluqda" günahlandırmaq isə özü gülünc bir məsələ idi. Gürcüstanın cənub ərazilərində məskunlaşmış ahıskalıların və Qafqazın digər xalqlarının gələcəkdə türklərə satıla biləcəyi fikri ehtimalı dövlət rəhbərlərində formalaşmışdı. 1939-cu il fevralın 19-da SSRİ XKS-ı SSRİ ilə Türkiyə arasında 1928-ci il avqustun 6-cı konvensiyasını təsdiq etdi. Burada hər iki tərəfin sərhədin o tayındakı otlaq yerlərindən istifadə hüququ təsbit olunub. Konvensiyanın müddəti 1939-cu il martın 28-də bitdi. Deməli, sərhəddə hər şey sakit idi və maldarlıqla məşğul olan ahıskalıların düşmən kəşfiyatına işləməsindən söhbət gedə bilməzdi.
Almanlar, təbii ki, müharibə aparan xalqa məxsus olduqlarından onlara
qarşı preventiv təsir irəli sürüldü. Bununla Cənubi Qafqazda müharibə dövrünün ilk deportasiyası başladı. Lakin azsaylı xalqların deportasiyası bununla qurtarmadı. Müharibə başladığı təqdirdə Türkiyənin SSRİ-yə qarşı Almaniya ilə alyansda hücum edəcəyindən ehtiyatlanan Sovetlər İttifaqı Gürcüstan Respublikasının ərazisində intensiv şəkildə təmizləmə işini həyata keçirməyə başladı. Stalinin bilavasitə nəzarətə götürdüyü köçürmə, sürgün siyasəti ilə bağlı tədbirlərinə L.Beriya rəhbərlik edirdi. 1943-cü ildə Almaniyanın Qafqaza daxil olması təhlükəsi sürgün prosesini daha da gücləndirdi. O dövrün sənədləri Gürcüstanın sərhəd rayonlarındakı sürgün siyasətinin demoqrafik vəziyyətə təsirini izləməyə imkan verir. Məsələn, əhalinin 1926-cı il siyahıya alınmasına görə tarixi Ahıska qəzasında demoqrafiq vəziyyət belə idi: Ahılkələk qəzasında əhalinin ümumi sayı 78 847 nəfər idi. Bunlardan 7 565 nəfəri gürcü, 57 791 nəfəri erməni, 6 940 nəfəri türk, 930 nəfəri gürcü (müsəlman), 2 492 nəfəri rus, 2 679 nəfəri isə ukraynalı idi. Bundan əlavə, burada farslar, tatarlar, osetinlər, polyaklar, almanlar, yahudilər, acarlar, lazlar, minqrellər, həmçinin gürcü yəhudiləri yaşayırdılar.
Ahıskada demoqrafik vəziyyət daha rəngarəng idi: burada 96 973 min nəfər əhalidən 24 353 nəfər gürcü, 29 170 nəfər türk, 15 565 nəfər erməni, 167 nəfər rus, 3094 nəfər kürd, həmçinin 1015 nəfər ukraynalı, 216 nəfər yunan, 589 nəfər tatar, 103 nəfər yəhudi, 831 nəfər gürcü yəhudisi, 115 nəfər isə polyak idi. Həqiqətən də Türkiyənin Almaniya ilə ittifaqda çıxış etməsi ehtimalı vardı. Ona görə də SSRİ hökuməti qorxurdu ki, müharibə başlayan kimi sərhədlərdə yaşayan türklər Türkiyənin sərhədini keçə bilərdilər. 1944-cü il iyulun 31-də SSRİ Dövlət Müdafiə Komitəsi Gürcüstan SSR-dən Qazaxıstan, Qırğızıstan və Özbəkistan ərazilərinə Ahıska türklərinin sürgün edilməsi haqqında qərar qəbul edir. SSRİ XDİK xüsusi köçürülmə sənədlərində göstərilir ki, 45 516 nəfər Ahıska türkləri ilə eyni zamanda digər millətlər köçürülsün. Lakin birinci növbədə türk xalqları köçürülsünlər. Sonralar 1949-cu ildə aparılan qeydiyyatdan məlum olur ki, "digər türklərə" şamil olunan xalqlardan 24 304 nəfəri özlərini azərbaycanlı adlandıranlar imiş. Ümumiyyətlə, sərhəd boyu əraziləri guya "müdafiə məqsədilə" 76021 nəfərin köçürülməsi planlaşdırılmışdı. Bu aksiyalar İttifaqın tarixində ən amansız etnik təmizləmə olmuşdu. Köçürülmə siyasəti o dərəcədə tələsik və sürətlə aparılmışdı ki, hətta Qazaxıstan hökuməti köçürmənin bir qədər saxlanmasını təklif etmişdi, çünki sürgünə göndərilənləri qəbul etmək üçün müəyyən hazırlıq lazım idi. Lakin L.Beriya 1944-cü il noyabrın 16-da Qazaxıstan rəhbərliyinə göndərdiyi teleqramda köçürülmənin dayandırılmasının qeyri-mümkün olmasını bildirmişdi. O, Gürcüstanda yaşayan Ahıska türklərinin, kürdlərin, xemşinlərin 1944-cü ilin noyabrından 1945-ci ilin aprelinədək köçürülməli olduqlarını bildirmişdi".
Xronologiyadan göründüyü kimi, müharibə artıq SSRİ ərazisindən çıxaraq Avropa səhnəsində aparılırdı: "Buna görə də xalqların "sərhəd təhlükəsi" adı altında köçürülməsi heç bir məntiqə sığmırdı. Məqsəd etnik təmizləməni həyata keçirməkdən ibarət idi. L.Barataşvili və K.Barataşvili "Biz mesxetilərik" yazısında belə bir maraqlı fakt gətirir ki, sürgün olunanlar 1941-1945-ci illər ərzində tikdikləri Borcom-Vale dəmir yolu ilə öz doğma torpaqlarını tərk etməli oldular. Ən acınacaqlı cəhət bu idi ki, İ.Stalinin "Marksizm və milli məsələ"" əsərində köçürülənləri elə ovsunlamışdı ki, köçürülənlər bu sürgünə xilas kimi baxırdılar. Onlar inanırdılar ki, əgər Türkiyə ilə müharibə aparılarsa, məhv olacaqlar. Ona görə də düşünürdülər ki, Stalin dinc əhalini qırğına verməmək üçün onları təhlükə yerindən köçürməyi lazım bilir. Amma başqa millətin nümayəndələrinə ərə getmiş türklər, kürdlər və xemşinlər sürgün edilmirdilər. Artıq 1944-cü il noyabrın 28-də Beriya Stalinə, Malenkova, Molotova göndərdiyi məruzədə bildirirdi
ki, Dövlət Müdafiə Komitəsinin qərarı tam yerinə yetirilmiş, türklər, kürdlər və xemşinlər sərhəd rayonlarından köçürülüblər. Köçkünlərin doldurulduğu bütün eşalonlar yoldadırlar. Köçürülmə yerlərinə - Qazaxıstana, Qırğızıstana və Özbəkistana istiqamət götürmüşlər. Köçürülmə planlı mütəşəkkil formada keçirilir".
Lakin təzə yaşayış yerlərində heç bir şəraitin olmaması, ərzağın azlığı, digər çətin məişət şəraiti təbii ki, köçkünlərin vəziyyətinə təsir etməyə bilməzdi: "Yerli şəraitə alışa bilməyən əhali sürətlə tələf olurdu. Ahıska türkü Ş.Dursunov 1956-cı ildə SSRİ Nazirlər Sovetinin sədri N.A.Bulqaninə yazırdı: "Köçürülənlər ərzaqsız, paltarsız, konvoy altında, yarımsökük yük vaqonlarında yol gedirdilər. İstilik verilmədiyindən çoxları soyuqdan və aclıqdan ölürdü". Qeyd edək ki, bu vəziyyət rəsmi dairələrə də yaxşı məlum idi. İ.Stalinin milli məsələ haqqında "ideyalarından" ruhlanan rəsmi dövlət dairələrinin nümayəndələri xalqların taleyi ilə haqsızcasına, əxlaq normalarına sığmayan üsullarla oynayırdılar. "Xüsusi köçkünlər" haqqında təlimata görə, digər xalqlarla birlikdə Ahıska türkləri də müvəqqəti köçürülmə kateqoriyasına aid olsalar da, əslində həmişəlik sürgün olunurdular. Buna baxmayaraq, sürgündə yaşayan ahıskalılar yerli şəraitə çətinliklə də olsa alışa bildilər. Hətta yerli əhali ilə birlikdə ictimai və təsərrüfat həyatında fəal iştirak etməyə başladılar. Yeni ərazilərə deportasiya olunmalarına baxmayaraq, ahıskalılar vətənə dönmə uğrunda daim mübarizə aparırlar".
Ahıskalıların Azərbaycanda məskunlaşmasının ilkin mərhələsinə gəlincə, araşdırmaçı bildirir: "Ahıskalılarla azərbaycanlılar arasında ən qədim zamanlardan ictimai-siyasi, iqtisadi-mədəni əlaqələr mövcud olub. 1829-cu ildə Rusiya və Türkiyə arasında Ədirnə müqaviləsi bağlandıqdan sonra Türkiyə ilə Ahıska arasında mövcud olan gündəlik əlaqələr xeyli məhdudlaşdırıldı. Ona görə də ahıskalılar özlərinə məxsus etnomədəni adətlərini qoruyub saxlamaq, türk dünyası ilə əlaqələrini itirməmək üçün qonşuları azərbaycanlılarla və Azərbaycanla ünsiyyətə üstünlük verdilər. İstər Gürcüstan azərbaycanlıları, istərsə də Azərbaycanda yaşayan ziyalılar, mədəniyyət xadimləri də Ahıska türkləri ilə yaxından əməkdaşlıq edirdilər. Soykök eyniliyi, dil və din birliyi, əsrlər boyu birgə yaşayış ənənələri nəticədə azərbaycanlılarla ahıskalılar arasında mədəni-məişət və bir sıra ümumi cəhətlərin formalaşmasına səbəb olmuşdu.


Uğur