Ahıskalıların etnoqrafik ənənələri Layihə

Ahıskalıların etnoqrafik ənənələri

II yazı

Araşdırmaçı Sevil Piriyeva bildirir ki, Ahıskalıların təsərrüfatının ən mühüm sahələrindən biri də bağçılıq sayılır. Tut, xurma, incil, ceviz (qoz), fındıq, gilas, kirəz (kirəz iri gilasdır), alma, armud, heyva və s. meyvə növləri Ahıska bölgəsində xüsusilə məşhur idi. Onlar bir çox alma növləri - qərənfil, şah, şəfran, paşa, söbə, bəyaz, şəkər, şəkərnabat, yağ, və s. becərirdi. Ticarət əlaqələrinə qoşulan bütün bazarlarda, Türkiyənin, Azərbaycanın, habelə Tbilisinin, İrəvanın və digər qonşu məmləkətlərin bazarlarında Ahıska bağlarının məhsullarına həmişə yüksək tələbat olub.
Ahıskada bağçılığın tarixi, eyni zamanda camaat arasında mövcud olan bağsalma təcrübəsi onun tarixini heç şübhəsiz, çox-çox qədimlərə aparır. Tarixi mənbələr bu haqda kifayət qədər bilgi verir. Dağətəyi zonanın böyük hissəsini, dağlıq zonalardan fərqli olaraq meyvə bağları təşkil edib. Keçən əsrin deportasiyasına qədər burada göz işlədikcə uzanan meyvə bağları olub. Xüsusi olaraq onun becərilməsi, yetişdirilməsi qayğısına qalınıb. Ağsaqqallar, ağbirçəklər vaxtaşırı söhbət düşdükcə Ahıskadakı bağ yerlərindən, oradakı meyvə ağaclarının becərilməsindən, meyvələrin dərilməsindən danışırlar. Xalq arasında bağcılıqla bağlı çoxlu əhvalatlar, rəvayətlər söylənir, nəğmələr, bayatılar deyilir. Onların böyük əksəriyyətində sadəcə olaraq o yerlərin təsərrüfat həyatı əks olunmur, eyni zamanda xalqın ağrıları, deportasiya olunmuş millətin göz yaşları, vətən, yurd həsrəti yaşanır".
Araşdırmaçı vurğulayır ki, bunlar məhz bədii nümunə olmaqdan çox fakt kimi tarixi mənbə rolunu oynayır, deportasiya olunan bir qövmün təsərrüfat mədəniyyətini, məişətini hifz edir. Xalq arasında belə nümunələr çoxdur. Biz ekspedisiyalar zamanı Orta Asiyanın, Qazaxıstanın, Azərbaycanın, Türkiyənin müxtəlif regionlarına səpələnmiş ahıskalılardan çoxlu folklor nümunələri toplamışıq. Burada məhz ahıskalıların bağ, bostan yerləri bir ardıcıllıqla xatırlanır.

Kirəz dalın əkməli,
Meyvəsindən yeməli.
Komşi qızı var ikən,
Kimə boynun əkməli?

Eləcə də xalqdan topladığımız digər nümunələrdə müxtəlif meyvə adları, alma, armud, qoz, fındıq, şabalıd, zoğal, tut, heyva, ərik və sair adları tez-tez çəkilir ki, bu da heç şübhəsiz, onların həyat tərzinin, məşğuliyyətinin yaşantısıdır. Ağsaqqalların dediyinə görə, bağcılıq digər regionlarda nisbətən zəif inkişaf edib. Həyətyanı sahələrdəki ərazinin bir hissəsi həmişə şitillərin əkilməsi və calaq vurulması üçün saxlanıb. Meşələrdən alma, armud, alça ağaclarının şitilləri bağlarda əkilərək calaq edilib. Onu da qeyd edək ki, calaq işləri ildə iki dəfə, yazda və payızda aparılır. Yazda ağaclar puçurlayan vaxt, payızda isə meyvə yığılandan sonra bu işlər görülür. Ahıska alması, armudu ilə ad-şan qazanıb. Armudlar da Ahıskada müxtəlifliyi, rəngarəngliyi ilə yaxın regionların diqqətini cəlb edib. Bugünkü ədəbiyyatlarda, el ağsaqqallarının söyləmələrində Ahıskada çoxlu nanəzin, ağırca, bibi, aşırşah, bəyaz, incir, fasela, bağrıqara, güz, gügüm, qızıl, nənə, dedirza və s. meyvələrini göstərmək olar. Bu meyvələrin özünəməxsus becərilmə xüsusiyyəti var. Payızda ənənəvi olaraq meyvə dərildikdən sonra dibi boşaldılır, sonra suvarılır. Qurumuş budaqları kəsilir. Yazda isə payızda olduğu kimi həm suvarma işləri aparılır, həm də ağacların aşağı hissəsinə kirəc vururlar ki, mevə qurtlamasın, ağaca qurd düşməsin. Bağcılıq Ahıskada dağətəyi zonanın əsil dolanışıq yeri idi. Bu meyvələr hər yerdə Ahıska alması, Ahıska armudu və s. adla tez-tez vurğulanarmış. Panta (Banda) adlanan dağ meyvəsi də bu yerlərin meşələrində bitərmiş. Onun barcuc, şərbət, sari, soltanlı və s. növləri qeyd olunur. Xalq arasında yaşayan bir bayatıda deyilir:

Armud dalda, dal yerdə,
Bülbül ötməz hər yerdə.
Fələyin qaydasıdır,
Hər birimiz bir yerdə.

İndi Ahıska camaatı o yerlərdən çox-çox uzaqlarda səpələnmiş, vətən həsrətilə bir ömür yaşayır. Ağsaqqallar, ağbirçəklər harada olmasından asılı olmayaraq həmin yerlərin xatirələrini söyləyir, meyvə bağlarından, armudunun, almasının ləzzətindən danışır. Ancaq bir cəhəti də qeyd edək ki, bu zəhmətkeş xalq bütün çətinliklərə dözdü, həmin yerlərə qayıtmağı amala çevirdi. Düşdüyü ərazilərdə şəraiti öyrənib mühitə uyğun özlərinin əkinçilik, bostançılıq, bağçılıq ənənəsini yaşatdılar. Ancaq daha yeni mühitdə olanları təkrarlamadılar, eyni zamanda həmin ərazinin landşaftına uyğun özlərinin də təcrübəsini diqtə etdilər".
Zəhmətsevərlik bu məhrumiyyətlərə düçar olan xalqın əlindən tutdu: "İndi Azərbaycanın ayrı-ayrı rayonlarında Ahıska türkləri böyük təsərrüfat işləri ilə məşğuldur. Əkinçilik, maldarlıq, bağcılıq işlərində fəallıqla iştirak edir və bununla özlərinin yaşayışının təminatına çalışırlar. Çox qədim tarixə malik olan Ahıska türklərinin etnoqrafik ənənələrini araşdırmaq, ondakı özünəməxsusluğu ortaya qoymaq aktuallığı ilə zamanını gözləyir. Buradakı adət-ənənələr, əkinçilikdə, bağçılıqda olan əski çağlarla səsləşən məqamlar, əmək alətlərinin diqtə etdiyi tarix çox-çox uzaqlara gedib çıxır. Ona görə də həmin yaşayış sahələrini, bütövlükdə Ahıska regionunun məişətini öyrənməklə biz türkün qədim tarixinə yol açmış oluruq".
Ən qədim zamanlardan Ahıskada maldarlıq da təsərrüfatın geniş inkişaf etmiş sahələrindən biri olub: "Burada maldarlığın köçmə (yaylaq-qışlaq) forması geniş yayılmışdı. Bütün türk bölgələrində olduğu kimi, Ahıskada da baharın sonunda mal-qara sürüləri yaylaqlara çıxarılır, payızda isə arana-qışlaqlara qaytarılardı. Türk xalqlarının təsərrüfat həyatının təhlili göstərir ki, ağartı məhsulları və onların adları Ahıska türklərində də eynilik təşkil edir.
Böyük tarixi ənənələri, keçməkeşli həyat yolu keçən türkün bir hissəsi olan Ahıska türklərində qoyunçuluq daha çox inkişaf etmişdi. Bu həmin regionda əhalinin əsas dolanacaq yeri idi. Daha çox dağlıq yerlərdə yaşayanların həyatında maldarlıq başlıca yer tuturdu. Çünki böyük yaylaqlar, dağların sərin havası, ucsuz-bucaqsız otlaqlar mal-qoyun saxlamaq üçün daha əlverişli idi. Ahıskada elə ev olmazdı ki, orada mal-qoyun olmasın. Dağətəyi kəndlərdə əhali yazın axırlarında yaylağa çıxmağa hazırlıq görərdi. Havalar isinməyə başlayanda dağlara gedərdilər. Bu ənənəvi xarakter daşıyardı. Ahıskada hər kəndin öz dağ yerləri var idi. May ayının axırlarında köçlər başlardı. Ailələrin əşyaları arabalara yüklənər, öküz və ya at arabası ilə uşaqlar, qadınlar aparılardı. Mal-qoyun isə dağlara, yaylaqlara otlaya-otlaya aparılardı. Sonra köç mənzilə çatanda dəyələr (alacıqlar) qurulardı. Bu köçlər böyük şənliyə, toy-bayrama çevrilərdi. Köç ərəfəsində evlərdə şirin çörəklər, qatlamalar bişirilərdi. Fındıqlı, Abioğlu, Horoz, Persat, Didimağa, Çekilli, Askilli, Dersel, Artial, Əcərə, Saxan, Yalbuz və s. dağları yayda Ahıska türklərinin əsas köç yerləri idi. Ahıska regionunda mal-qoyunun otlaması üçün böyük yaylaqlar mövcud idi. Saxan, Xarcam, Abastuban, Varxan, Uravel, Əski, Çoban, Persat, Öküz koxi, Çeçlə və s. yaylaq yerləri qoyun-quzu, mal-qara saxlamaq üçün son dərəcədə əlverişli idi.
Eyni zamanda onu da qeyd edək ki, Ahıska türklərinin mal-qaranın saxlanması üçün qışlaqları vardı. Havalar soyuyanda, yağışlar başlayanda yayın axırı, payızın əvvəlində arana köçlər başlardı. Əhali mal-qaranı, qoyun-quzunu təzədən arana qaytarardı. Ahıskada Çilər qışlaq, Xurşudun yatağı və s. kimi qışlaqlar vardı. Burada böyük sürülər saxlanardı. Mal-davarı bir qədər az olanlar isə onları həyətlərində saxlardı. Deportasiyaya qədər elə ev olmazdı ki, dağ kəndlərində on-on beş mal-qarası, əlli, yüz qoyunu olmasın. Dağətəyi kəndlərdə bu bir qədər azlıq təşkil edirdi. Hətta evlərin böyük qismində mal-qoyunla yanaşı, camış da saxlanardı. Camış istiyə bir qədər meylli olduğundan dağ kəndlərində bu elə də çoxluq təşkil etməzdi. Ancaq camışın südü yağlılıq baxımından daha çox olduğundan qiymətləndirilərdi. Ahıska kəndlərində at saxlamaq da geniş yayılmışdı.
Ondan minik vasitəsi kimi istifadə olunardı. Hətta bəzən dağlardan qayıdanda atlar geri gətirilməzdi. Onlar orada sərbəst buraxılar, bir növ vəhşi həyatı keçirərdilər. Qışın sərt sazaqları başlayanda kəndə gətirərdilər. Kəndlərdə mal-qoyun saxlamağın özünəməxsus ənənəsi vardı. Bunu ya çobanlar otarardı, ya da evlər (camaat) növbə ilə heyvanlarını otarardılar. Yaşlıların dediyinə görə, Ahıska pendirinin, qaymağının ayrı ləzzəti vardı. Onu da deyək ki, onlar pendiri əsasən qoyun südündən hazırlayardılar. Bunun özünəməxsus hazırlanma qaydası vardı. Yunundan isə yorğan-döşək düzəldilər, xalça-palaz toxuyardılar. Ahıskalılar inəyin, camışın südündən pendir hazırlamağa elə də üstünlük verməzdilər. İnək, camış südündən qaymaq, yağ çəkərdilər, qurud hazırlayardılar. Onu da qeyd edək ki, südü nəhrələrə töküb yağ əldə edərdilər. Çəkilmiş süddən isə şor hazırlayardılar. Əhali əsasən çeçil pendiri hazırlamağa üstünlük verərdi. Ahıskalıların dediyinə görə, pendirin ən yaxşısı Saxan və Qoyundərə kəndlərində düzəldilərdi. Eyni zamanda davar, atma, çuma, təpmə pendir növləri də Ahıska türkləri arasında geniş yayılıb. Ahıskalılar deportasiya olunmalarına baxmayaraq indi ayrı-ayrı regionlarda məskunlaşsalar da, mal-qara da saxlamağa üstünlük verirlər. Ahıskada əkinçilik, bağçılıq, maldarlıq, bostançılıqla yanaşı, balıqçılıq da camaatın əsas dolanışıqlarından biri idi. Böyük bir ərazini əhatə edən bu torpaqdan Tanrı heç nəyi əsirgəməyib. Ona görə də bir yanı Ağrı dağına, bir yanı Başkeçidə gəlib çatan torpaqlarda balıqçılıq üçün də təbii şərait vardı. Belə ki, "bir yanı Ağrı dağına, bir yanı Başkeçid yaylalarına söykənən qədim diyardan Kür, Poshov, Anaxatır kimi çaylar axır. Türklər həmin çaylardan çanar, loko, mursa, adlandırdıqları qiymətli balıqları tutarmışlar".
Deportasiyadan sonra ahıskalılar arıçılıq məşğuliyyətini vətəndən çox-çox uzaqlarda Orta Asiyada, Azərbaycanın ayrı-ayrı rayonlarında yaşatmağa çalışmışlar. Deportasiyadan sonra müxtəlif regionlara, ölkələrə pənah aparan Ahıska türkləri bütün çətinliklərə sinə gərdi. Ulu yerlərində olan yaşayış ənənəsini burada da davam etdirməyə başladılar. Bu, onların əkinçilik, bağçılıq, maldarlıq həyatında da eynilə təkrarlandı. Ancaq yeni mühit yeni şəraitə uyğunlaşmanı diqtə edirdi. Ona görə də yerli mühitin xüsusiyyətlərini nəzərə almaqla bu obanın adamları həyatlarını, dolanışıqlarını nizamlayırdılar.


Uğur