Qələbəyə aparan yolun adı: Vətənpərvərlik... Layihə

Qələbəyə aparan yolun adı: Vətənpərvərlik...

Azərbaycanda hərbi sahədə, ordu quruculuğu istiqamətində həyata keçirilən işlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların vətənə məhəbbət hissi ilə böyüməsinə müsbət təsir göstərir. Lakin etiraf olunmalıdır ki, vətənpərvərlik ilk növbədə ailədən və təhsil müəssisəsindən başlayır. Sonra bu proses insan həyatının digər mərhələlərində, o cümlədən də Silahlı Qüvvələrdə davam edir. 1918-1920-ci illərdəki müstəqillik dövrünü nəzərə almasaq, ümumilikdə 160 ildən artıq bir dövrdə Azərbaycan xalqı öz ordusuna malik olmayıb. Bütün bu çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, xalqımız mübarizə əzmini itirməyib və vətənpərvərlik şüuru nəsldən-nəsilə keçib. Yekunda isə Azərbaycan öz dövlət müstəqilliyini əldə edib. Artıq dövlətimiz var. Azərbaycanın müstəqilliyinin uğurlarından biri də Silahlı Qüvvələrə malik olmasıdır. Bu gün hərbi imkanlarımız gənc nəsildə vətənpərvərlik şüurunun formalaşmasına stimul verən mühüm amillərdən biridir. Azərbaycan Ordusu qarşısına qoyulan vəzifəyə uyğun olaraq təlimlər keçir və döyüş bacarığını daim artırır. Ordunun texnika parkı yenilənir və gücləndirilir. Bütün bunların məntiqi nəticəsi olaraq isə ordumuz düşmən mövqelərinə - işğalçıların səngər və postlarına sarsıdıcı zərbələr endirirlər. Qalır bu işlərin təbliği və gənclərə vətənpərvərliyin aşılanması...

Təbliğat necə aparmalı...

Burada əsas iş ən böyük auditoriyası olan televiziya kanallarının həmçinin, kinomatoqrafiya sənayesinin üzərinə düşür. Bu gün izləyə bildiyimiz ölkələrin televiziya kanalları, o cümlədən kinomatoqrafiya sənayesi ordunun təbliğinə yönələn saysız-hesabsız veriliş və bədii sənət nümunələri ortaya qoyurlar. Bizdə isə bu sahə hələ də ağsayır. Əlbəttə, heç bir işin görülmədiyini birmənalı demək olmaz. Müəyyən işlər görülür, lakin daha çox işləmək, ordunun təbliği və bununla da vətənpərvərlik ruhunun daha dərinə sirayət etməsinə nail olmaq mümkündür. Digər vacib məqam isə gənclərin çağırışa qədərki hərbi hazırlıqla bağlı maairfləndirilməsi, orta məktəblərdə bu istiqamətdə aparılan işlərdir. Bu məsələyə isə birmənalı fikir bildirmək olmaz. Lakin çatışmamazlıqları demək vacibdir.

Orta məktəblərdə hərbi hazırlıq dərsləri

Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətində olduğuna görə gənclərin ilkin hərbi hazırlıq dərslərini yüksək səviyyədə keçmələri mühümdür. Bu məsələ ordumuzun döyüş qabiliyyətinə təsir edən amillərdən biridir. Çünki gənclər ilkin hərbi hazırlığı məhz orta məktəblərdə almalıdır. Keçmiş SSRİ zamanında orta məktəblərdə bu istiqamət üzrə keçirilən dərsliyin adı "İbtidai hərbi hazırlıq" idi və tədris prosesi də məhz buna uyğun aparılırdı. İndi isə dərsin adı dəyişdirilərək, "Gənclərin çağırışa qədərki hazırlığı" adlandırılıb. Ölkəmizin müharibə vəziyyətində olduğunu nəzərə alaraq, birmənalı demək olar ki, bu uğurlu dəyişiklik deyil. Araşdırma nəticəsində bəlli olub ki, adıçəkilən tədris vəsaiti tələblərə, Azərbaycan Silahlı Qüvvələrinin müasir ordu quruculuğu standartlarına da cavab vermir. Bundan başqa dərslər bəzi təhsil müəssisələrində formal xarakter daşıyır. Bu fənn üzrə orta məktəblərin əksərində maddi-texniki baza, əyani vəsaitlər də qaneedici deyil. Şagirdlərin ixtiyarında silah, texnika, təlim partlayıcı qurğuları və digər vasitələr nümunə şəklində verilmir. Həmçinin, şagirdlər atıcılıq məşğələlərinə aparılmırlar. Lakin Sovet zamanında bu məşğələlər bəzi hallarda hərbi hissələrin ərazisində belə keçirilirdi. İndi isə bu ənənə yoxdur. Əlbəttə, deyə bilərlər ki, bu gün orta məktəb şagirdləri "Cəsurlar", "Şahinlər" kimi hərbi oyunlara cəlb olunurlar. Amma bu hərbi oyunların geniş auditoriyanı əhatə etdiyini birmənalı söyləmək düzgün olmaz. Hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün maarifləndirmə aparılarkən daim zamanın tələbi nəzərə alınmalıdır. Çünki Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Bu mənada gənc, istər qız, istərsə də oğlan həqiqi hərbi xidmətə qədər silahla davranmağı bacarmalı, hərbi üçün zəruri məqamları bilməlidir.

Vətənpərvər xalq...

Səhvlərimizi deməkdən çəkinmədiyimiz kimi, fəxr etməli olduğumuz məqamları da təbliğ etməliyik. Birmənalı demək olar ki, Azərbaycan xalqının vətənpərvərlik ruhu hər zaman oyaq olub. Biz bunu 2016-cı ilin aprelin 2-5 tarixlərində cəbhə xəttində yaranan gərginlik – Ermənistan Ordusuna qarşı həyata keçirilən əməliyyatlar zamanı şahidi olduq. Aprel döyüşlərinin bu ruhun yenilənməsində çox böyük önəmi oldu. Azərbaycan ilk növbədə Ermənistana və bütün dünyaya bir daha göstərdi ki, əzəli torpaqlarının işğalı ilə barışmayacaq. Ölkəmiz sülh danışıqlarına sadiqdir, amma problem öz həllini yalnız beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü qorunmaqla tapmalıdır. Əlbəttə, cəbhə xəttində ordumuzun qazandığı uğurun əsas səbəbi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət ilə həyata keçirilən ordu quruculuğudur. Ən böyük vətənpərvərlik isə budur. Son döyüşlər göstərdi ki, Silahlı Qüvvələrimiz xalqımızın və ölkə rəhbərliyinin etimadını yüksək səviyyədə doğrultmağa qadirdir. Ali Baş Komandanın tapşırığı ilə qısa müddətdə orduda aparılan islahatlar, quruculuq işləri, keçirilən çoxsaylı təlimlər müsbət bəhrəsini verib. Ən vacib və qürurverici məqamlardan biri də odur ki, son döyüş əməliyyatlarında ordu və xalq möhkəm birlik nümayiş etdirdi. Hətta dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Müdafiə Nazirliyinə müraciət edərək, dəstəklərini ifadə etdilər və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün ordumuzun sıralarında düşmənə qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Döyüşlərdə şücaət göstərən, şəhid olan hərbçilərimizin valideynləri doğma övladlarını itirsələr də, əsl vətəndaş mövqeyi ortaya qoydular, "Vətən sağ olsun", dedilər.

Hərbi vətənpərvərlik...

Bu gün Azərbaycan hökuməti bir sıra qaydalarda dəyişiklik etməklə vətənpərvərlik ruhunun daha da gücləndiriləsi istiqamətində işlərini dava etdirir. Bir müddət əvvəl Nazirlər Kabineti "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na dəyişiklik etdi. Burada təqdir olunası məqam hərbi vəzifəlinin Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olan zaman şəhid statusunun ona şamil olunmasıdır. Digər bir dəyişiklik isə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiramın göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları"nda edilən dəyişikləri göstərmək olar. Dəyişikliyə əsasən artıq tək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslər həlak olduqda deyil, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər vəfat etdikdə (həlak olduqda) onlara hərbi ehtiram göstəriləcək. Qaydada o da qeyd olunub ki, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən, hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən, döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən, təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən, vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən, ezamiyyətdə olarkən, müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən, toplanışlar keçərkən, hərbi xidmət yerinə gedib-gələrkən, əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa), xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək, vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən və fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Bu dəyişikliklərə qədər yaranan ayrıseçkilik cəmiyyətdə incikliyə səbəb olurdu desək, yanılmarıq. Etiraf olunalıdır ki, şəhid və qazilərə - müharibə veteranlarına edilən hər bir müsbət xarakterli münasibət – ehtiram da vətənpərvərlik ruhunun inkişaf etməsinə, möhkəmlənməsinə stimul yaradır.

Sosial tələb...

Dövlətimiz şəhid və qazilərin – müharibə əlillərinin maddi vəziyyəti ilə bağlı zəruri tədbirlər görsə də, ictimaiyyət dək könüllü olaraq bu istiqamətdə bəzi işlər görməyə can atır. Bu da xalqımızda vətənpərvərliyin bir istiqamətidir desək, yanılmarıq. Məlum aprel döyüşlərindən sonra belə niyyətli vətəndaşlarımızın – xaricdə yaşayan soydaşlarımızın sayı artmağa başladı. Lakin xaricdə yaşayan soydaşlarımız qeyd edilən ailələrə yardım etmək istəyini həyata keçirə bilmədirlər. Bunun səbəbi isə bu prosesi öz üzərinə götürə biləcək dövlət qurumunun olmaması oldu. Belə bir vəziyyətdə şəhid ailələrinə maddi yardımın həyata keçirilməsi üçün mərkəzləşdirilmiş dövlət qurumunun yaradılmasına ehtiyac duyuldu. Cəmiyyətin böyük bir qismi şəhid ailələrinə maddi cəhətdən dayaq olmağın yollarını axtardı.Lakin bu yardımın edilməsi mexanizmi tapılmadı. Artıq birmənalı söyləmək olar ki, Azərbaycanda şəhidlər, yaxudda şəhid ailələrinə yardım fondu adlı qurumun yaradılmasına ehtiyac duyulur. Bütün bu və digər nüanslar nəzərə alınmaqla dövlət tərəfindən bu funksiyanı rəsmi şəkildə həyata keçirəcək fondun təsis olunmasının zəruriliyi artır. Çünki müharibə davam etdiyi təqdirdə şəhidlərimiz olacaq. Bu mənada onlara dayaq olmaq istəyən vətənsevər insanlarımıza şərait yaratmalıyıq. Bu həm də şəhid ailələri üçün böyük dayaqdır.

Ramil Məmmədli
"AzeriDefence" hərbi-texnoloji jurnalın redaktoru

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün