“Beynəlxalq terrorçuluq çoxcəhətli bir təzahür kimi dərindən tədqiq olunmur” Layihə

“Beynəlxalq terrorçuluq çoxcəhətli bir təzahür kimi dərindən tədqiq olunmur”

Əsədulla Qurbanov: "Məlum olmayan təşkilatlar, cihada çağıranlar və şəhid-kamikadzelər daha çox önə çəkilir"

"Qloballaşma, inteqrasiya və informasiya texnologiyalarının geniş vüsət aldığı müasir şəraitdə terrorçuluq da, belə demək olarsa, qloballaşır və beynəlxalq miqyas alır. Nəticə etibarilə bu gün "beynəlxalq terrorçuluq" ifadəsi sosial-siyasi reallıqların əsas təzahürlərindən birinə çevrilmişdir. Onun mahiyyətinə dair, eləcə də qarşısının alınması ilə bağlı keçirilən konfransları, simpoziumları və dəyirmi masaları, nəşr olunan çoxsaylı kitabları, jurnal və qəzet məqalələrini saymaqla qurtaran deyil. Bununla yanaşı, həm kütləvi-informasiya vasitələrində (KİV), həm də elmi ədəbiyyatda həmin problemin necə həll olunmasına dair həm kütləvi nəşrləri, həm də elmi-tədqiqat işlərini heç də kifayət hesab etmək olmaz". Bu fikirləri fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov qeyd edib. O bildirib ki, mütəşəkkil cinayətkarlığın ən təhlükəli forması olan terrorçuluqla bağlı ciddi xəbərdarlıqlar, ona qarşı mübarizəyə qətiyyətli çağırışlar tez-tez eşidilməkdədir: "Lakin bütün bu müzakirələrin çoxu müəyyən mənada bir üfüqi müstəvidə yerləşdirilir və çox nadir hallarda bu təzahürün şaquli ölçüsündən və ya başqa cür söyləsək, terrorçuluğu müasir həyatımızın ən dəhşətli sosial bəlasına çevirən əsil, dərin elmi təhlilə söykənən səbəblərindən geniş söhbət açılmır. Belə təsəvvür yaranır ki, terrorçuluğun belə geniş vüsət almasının səbəbi cahil və ya mövhumatçı insanları öz iradəsinə tabe edən bir dəstə cinayətkarın beynəlxalq miqyasda kütləvi qırğınlar törədən qurumlar yaratması ilə izah olunur. Başqa sözlə desək, qlobal təhlükəyə çevrilən beynəlxalq terrorçuluq öz sosial və tarixi kökləri, daxili strukturu, dirijoru və ifaçıları, məqsədləri və ideologiyası olan mürəkkəb və çoxcəhətli bir təzahür kimi dərindən tədqiq olunmur. Fikrimizcə, mövzunun nəzəri cəhətdən adekvat dərk olunmaması bu sahədə mövcud olan nəzəri yanlışlıqlardan və müasir dövrdə din amilinin, bir qədər konkret desək islamın rolunun düzgün başa düşülməməsindən irəli gəlir. Əlbəttə, tam şəkildə demək olmaz ki, məsələnin bu tərəfi diqqətdən kənarda qalır. Çox zaman dini-etnik zəmində müharibələr törətmiş cinayətkar "islam ekstremizmi", bəzi müsəlmanların sivil dünyaya "müqəddəs müharibə" elan etmiş və dəhşətli ci-nayətlərə görə məsuliyyəti öz üzərlərinə götürməyə tələsən, habelə bu günədək rəsmi qaydada məlum olmayan təşkilatlar, cihada çağıranlar və şəhid-kamikadzelər daha çox önə çəkilir.
Sözsüz ki, bir çox hallarda müasir, çoxsaylı terror aksiyalarının təşəbbüskarları və icraçıları bir sıra radikalyönlü müsəlman-dini təşkilatlarıdır. Eyni zamanda, problemin digər tərəfi də vardır. Məsələn, dünyanın müxtəlif regionlarında müşahidə olunan anti-islam terrorçuluğu da mövcuddur ki, dinlərarası müharibələrdə iudaist, xristian, induist, buddist və s. terrorçu təşkilatları da iştirak edir. Və bəzi mülahizələrə əsasən, bu sahədə dünya zülmünün kökü yanlış olaraq, bir çox hallarda islamın spesifik xüsusiyyətlərinin olması ilə izah edilir".
O bildirib ki, lakin birincisi, islamın elə nüfuzlu ideoloqları və təşkilatları vardır ki, onlar terrorçuluğu, təcavüzü, ekstremizmi, dini qarşudurmanı əsaslandırılmış qaydada pisləyir, ittiham edir və islamın terrorçuluqla eyniləşdirilməsini düzgün saymırlar: "İkincisi, islam yaşadığımız planetdə ən geniş yayılmış dünya dinlərindən biridir və ümumbəşəri dəyərlərinə görə mahiyyətcə digər monoteist dinlərdən köklü şəkildə fərqlənmir. Buna görə də alimin, araşdırıcının vəzifəsi dinin sadəcə olaraq, ayrı-ayrı insanların hərəkətlərinin motivi kimi deyil, əksinə, terror aksiyaları törədən ünsürlərin, müxtəlif dini və digər sosial təsisatların toqquşmasının ayrılmaz tərkib hissəsi olmasını elmi cəhətdən düzgün müəyyənləşdirilməsindən ibarətdir.
Bu monoqrafiyada da şərh olunan mövzunun çoxsaylı aspektlərinin və məqamlarının araşdırılmasında əsas məqsəd "din və siyasət", "din və terrorçuluq" kimi problemlərin, eləcə də müasir dövrdə dünya nizamının dəyişməsinə səbəb olan başlıca amillərin aydınlaşdırılmasına çalışmaqdan ibarətdir. Əlbəttə, qeyd olunan mövzu özündə bir sıra problem xarakterli məsələləri ehtiva edir".
Onun sözlərinə görə, dünya miqyasında davam etməkdə olan terror aktları özünün bütün forma və va-sitələrində günahsız insanların məhvinə səbəb olur, beynəlxalq münasibətlər üçün arzuolunmaz nəticələrə gətirib çıxarır və ayrı-ayrı dövlətlərin taleyini təhlükə altına alır: "Ötən son 20 il ərzində dünya nizamı bu baxımdan köklü şəkildə dəyişmişdir. Bu dəyişikliyin başlıca səbəblərindən biri də XX əsrin 90-cı illərin əvvəllərindən başlayaraq "sosializm dünyası"nda baş verən proseslər nəticəsində kommunist ideologiyasının iflasa uğramasıdır.
Nəticədə, bir-birlərinə qarşı dayanmış iki əsas qütblərin arasında olmuş münaqişələrin yerinə qloballaşan hazırkı dünyada lokal, bir sıra hallarda isə geniş miqyaslı yeni tipli münaqişələr meydana gəlmişdir. Nəzəri baxımdan alimlər, o cümlədən politoloqlar birinci növbədə həmin konfliktləri sivilizasiya ziddiyyətləri kimi dəyərləndirilən məqamları önə çəkirlər. Tanınmış ABŞ alimindən olan S.Xantinqton onları müəyyən dərəcədə düzgün səciyyələndirərək qeyd etmişdir ki, "tarixdə ilk dəfə olaraq qlobal siyasət nəinki multipolyar, hətta multisivilizasiyalı olmşb". Bununla yanaşı, sivilizasiyalararası ziddiyyətlərin əsas, ayrılmaz ünsürü kimi dinin də mühüm rol oynaması məlumdur. Məsələn, rusiyalı akademik N.N.Moiseyev yazır: "Avropada xalqları ayıran xətt o qədər də milli ərazi sərhədləri üzrə deyil, dini xəttlər üzrə keçir" [50,134]. Bu fikrə əlavə olaraq deyə bilərik ki, ictimai şüurun və mədəniyyətin qədim forması hesab edilən din bu gün də müasir qloballaşma dövründə, inteqrasiya və informasiya texnologiyaları proseslə-rinin geniş vüsət aldığı indiki cəmiyyətdə dramatik hadisələrin mərkəzində durur. Və dini baxışlar bəşəriyyətin böyük hissəsinin dünyaya baxışları ilə əvvəlki kimi üzvü şəkildə çulğalanır.
Bununla yanaşı, dünya birliyinin inkişafı mürəkkəb və ziddiyyətli bir prosesdən ibarətdir. Burada bir tərəfdən müxtəlif regionların texnoloji inkişafı səviyyəsində tarazlıq pozulur, bir tərəfdən əvvəllər bir növ müstəqil və ya qismən müstəqil şəkildə inkişaf edən mədəniyyətlərin dialoqu, onların bir-birinə qovuşması fəallaşır, digər tərəfdən isə, sənaye nəhəngləri olan dövlətlərlə nisbətən zəif inkişaf etmiş ölkələr arasında ziddiyyətlər artır, Şərq mədəniyyətlərinin əksəriyyətinin etirazı ilə qarşılaşan planet həyatında vesternizasiya (qərbləşdirilmə) prosesi güclənir.
Bununla əlaqədar, tarixi, sosial-siyasi proseslərin, xüsusən də müasir dövrün mürəkkəb fəlsəfəsinin dərk olunmasında, sanki cəmiyyət və bəşəriyyət arasında yerləşən əsas struktur, təsisat kimi "sivilizasiya" tərənnüm edilir. Onun önə çəkilməsi üçün (ictimai-siyasi "formasiya"ları ön plana çəkən marksistlərdən fərqli olaraq) maddi meyarlar deyil, cəmiyyətin mədəni-mənəvi sa-hələri – dil, din, əxlaqi normalar, dəyərlər, ənənələr, ümumiyyətlə, həyat tərzi və s. həlledici rol oynayır. Özü də burada birinci olaraq, xüsusilə dinə üstünlük verilir.
Qeyd etmək lazımdır ki, din elə siyasiləşdirildiyi, ayrı-ayrı qüvvələrin müəyyən niyyətlərinə xidmət etdiyi zaman ümumbəşəri mənəvi dəyərlərdən məhrum olur.
Bununla belə, din "yaşayır" və tarixdə özünü nəinki müxtəlif inam və inancları, adət və ənənəvi həyat tərzini müəyyən edən, həyat haqqında ekzistensial problemləri təhlil edən bir təlim kimi insan həyatında mühüm rol oynayır, hətta daxili siyasi qüvvələri hərəkətə gətirən, onlara müəyyən dinamizm verən bir amil kimi də çıxış edir.
Məhz, din, o cümlədən islam müəyyən etnos və ya millətin özünəməxsusluğunun rəmzinə çevrilmiş, bir növ düşmən hesab olunan "yad" mədəniyyətdən müdafiə vasitəsinin simvolu olmuşdur.
Eyni zamanda onu da qeyd etməyi vacib hesab edirik ki, müəyyən bir konkret cəmiyyət və ya icma tarixən nə qədər qədimdirsə, özünə bənzəri yoxdursa, onun milli mədəniyyətinin "mühafizəkar" funksiyası bir o qədər fəal olur və "xaricdən" gələn mənəvi müdaxiləni daha qərəzli şəkildə qarşılayır.
Bu fakt onunla izah oluna bilər ki, inadlı, xroniki münaqişələr elə məhz, dini-etnik zəmində baş verir. Buna misal kimi Kəşmirdəki Pakistan-Hind münaqişəsini, İran-İrak, ABŞ-İrak, erməni-azərbaycan, Çeçenistandakı əvvəlcə azadlıq hərəkatı ilə sonradan isə dini müstəviyə keçmiş müharibələri, dalana dirənmiş Fələstinlə İsrail, ABŞ-İran münasibətlərini, son zamanlarda isə ərəb dünyasında baş verən inqilabları və başqa hadisələri göstərə bilərik".
Ə.Qurbanov əlavə edib ki, şərh etdiyimiz problem çərçivəsində məsələ "üçüncü dünya" ilə də məhdudlaşmır: "Şimali İrlandiyadakı sönməyən münaqişə, keçmiş Yuqoslaviyadakı dini zəmində çəkişmələr, Çeçenistandakı əvvəlcə azadlıq hərəkatı ilə, sonradan isə dini müstəviyə keçmiş müharibə, nəhayət Dağlıq Qarabağda işğalçı ermənilər tərəfindən aparılan etnik təmizləmə kimi məkrli siyasəti yada salmaq kifayətdir.
Qeyd olunan faktlar əsasında aparılan elmi təhlillər, mülahizələr digər bir vacib məsələdən yan keçməyə imkan vermir. Burada qarşıya haqlı və təbii sual çıxır. Din insanlar, sosial qruplar, dövlətlər, yaxud sivilizasiyalararası çatın, toqquşmanın səbəbi ola bilərmi? İstər islam, xristianlıq, iudaizm, istərsə də buddizm, induizm olsun, fərqi yoxdur, ümumiyyətlə, hər hansı bir dində insanları təcavüzə, ölümə, kütləvi terrorçuluğa çağıran norma və ya prinsiplər varmı? Yoxsa, onların əsas funksiyaları ümumbəşəri, humanist normalardır?
Bütün bu suallar çox ciddi elmi araşdırmalar və cavablar tələb edir. Burada daha bir maraqlı məqam ortalığa çıxır: dünya miqyasında geniş yayılmış monoteist dinlər ilahi qanun üçün "təbii qanun" adlandırılan ümumi təməl formalaşdırırlar. Mənəviyyatın bu "qızıl qayda"sı belədir: "özünə rəva bilmədiyini başqalarına görmə". Bu fikir müxtəlif forma və illərdə həm də bir çox filosofların əsərlərində öz əksini tapıb.
Məhz, bu ehkam dinin xalq – milli-azadlıq, demokratik hərəkatların güclü impulsuna çevrilməsini izah edir. Buna bariz nümunə kimi Hindistandakı M.K.Qandinin rəhbərliyi altında və yaxud SSRİ-nin süquta yetməsi ərəfəsində Azərbaycanda geniş vüsət alan ümumxalq hərəkatını və dünyada bu günədək baş vermiş ayrı-ayrı hadisələlri misal göstərmək olar.
Bununla yanaşı, tarixi təcrübə göstərir ki, dini rəmzlərdən və təlimlərdən bir sıra hallarda çox saylı qırğınlara bəraət qazandırmaq üçün də istifadə olunur. Artıq kütləvi xarakter almış bu meyl ən azı xristian (qərb) və müsəlman (şərq) dünyalarını bürümüşdür. Məsələn, 2001-ci ilin 11 sentyabr ayında ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində baş vermiş dəhşətli terror hadisələrinin islam dəyərlərilə əlaqələndirilməsi və ya 2011-ci ilin iyul alyında radikal xristian qruplaşmasının üzvü tərəfindən Norveçdə islam dini daşıyıcılarına qarşı yönəlmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aksiyasını xristianlıqla əlaqələndirilməsi cəhdləri edilmişdir. Bu cür hadisələrin izahı da bizim monoqrafiyanın qeyd olunan problemə elmi yanaşmanın əsas məzmununu təşkil edir".

Əli