Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu Layihə

Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu

20-ci yüzilin sonunda dünyada yeni beynəlxalq münasibətlər sisteminin formalaşması, SSRİ-nin dağılması, ölkəmizin müstəqilliyini elan etməsi və az sonra Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması Azərbaycanın bir dövlət olaraq qarşısında müstəqilliyin əldə olunmasından bəlkə də daha ağır olan dövlətçiliyin qorunması kimi çətin bir vəzifə qoydu. Bu vəzifənin uğurla icra olunması ilk növbədə əlbəttə ki, beynəlxalq münasibətlər sisteminə yeni qatılan ölkəmizin yeni dünya düzənində yerindən və rolundan birbaşa asılıdır.
Bu faktor ölkədə sabitliyin təmin olunması, ərazi bütövlüyünün bərpası, nəhəng regional layihələrin həyata keçirilməsi və iqtisadi inkişafa nail olunması baxımından xüsusilə önəmli idi.
Keçmiş SSRİ rəhbərliyinin xaricdəki erməni lobbisinin təhrikilə süni şəkildə yaratdığı Dağlıq Qarabağ münaqişəsi kimi bir avantüra ilə üz-üzə qalan Azərbaycan üçün beynəlxalq ictimai rəyi doğru istiqamətə yönəltmək, bir sıra böyük dövlətlərin siyasətlərinə ciddi təsir imkanları olan erməni lobbisini neytrallaşdırmaq və ən nəhayət Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinə nail olmaq xarici siyasətdə prioritet vəzifə kimi qarşıda dayanırdı. İnkar olunması mümkün olmayan bir reallıqdır ki, yeni geosiyasi vəziyyətə uyğun siyasət yürüdülməsi məhz mərhum Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra mümkün oldu.
Bu gün postsovet məkanında Azərbaycan müstəqilliyini və təhlükəsizliyini daha çox təmin etmiş və möhkəmləndirmiş ölkələrdən biri hesab olunur. Bu təminatın əldə olunmasında, ölkəmizin iqtisadi və hərbi imkanlarının böyük ölçüdə artırılmasında məhz müstəqil və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi önəmli rol oynayıb.
Müstəqil xarici siyasət kursunun və prioritetlərin düzgün müəyyənləşdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal oyunçuya çevrilməsinə imkan verdi. Bu siyasət son illər dünyada qlobal güclər arasında maraqların toqquşması və ziddiyyətlərin dərinləşməsi fonunda öz əhəmiyyətini bir daha təsdiqləmiş oldu.
Hətta ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bzejinski də Azərbaycanın regionda mühüm "oyunçu" olaraq özünü uğurla inkişaf edən dövlət kimi təsdiqlədiyini, həm də bu əhəmiyyətli irəliləyişin Azərbaycanın "açıq yarası" olan davamlı münaqişə şəraitində baş verdiyini etiraf etmişdi.
Çoxvektorlu xarici siyasət, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığa paralel olaraq dünya siyasətinə birbaşa və dolayısı ilə təsir göstərə bilən ölkələrlə ikitərəfli münasibətlərdə də həyata keçirilir. Azərbaycan xüsusilə özünün iri enerji layihələrinin həyata keçirilməsi istiqamətində balanslı siyasət yürütməklə öz maraqlarını təmin edə bildi və bu gün də etməkdədir.
Münaqişənin davam etdiyi bir şəraitdə bir tərəfdən Qərbə inteqrasiya, Avropa İttifaqı ilə dərinləşən münasibətlər və HATO ilə inkişaf edən əməkdaşlıq, digər tərəfdən Rusiya ilə istər Müstəqil Dövlətlər Birliyi çərçivəsində, istərsə də ikitərəfli formatda qarşılıqlı maraqların gözlənilməsi Azərbaycanın təhlükəsizlik konsepsiyasında xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsini özünün prioritetləri sırasına daxil edib ki, bu da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müstəqilliyin ilk illərində informasiya blokadasını yara bilən ölkəmizin sonrakı illərdə bu istiqamətdə informasiya hücumunu effektiv təşkil etməsinə və ən nəhayət son illərdə bu siyasətin nəticəsində təcavüzkar Ermənistana qarşı ardıcıl qərar və qətnamələrin qəbuluna imkan verdi.
Eləcə də Ermənistanın regional layihələrdən təcrid edilməsi, işğalçı ölkənin regionda sülh və sabitliyə nail olmağa yönəlmiş siyasətinin ifşa olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması rəsmi Bakının xarici siyasətində ana xətti təşkil edir. Azərbaycan beynəlxalq səviyyədə öz mövqeyini müəyyən vaxt çərçivəsində işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması, bütün kommunikasiyaların bərpası, Dağlıq Qarabağ üçün aralıq statusun verilməsi, beynəlxalq təhlükəsizlik zəmanətlərinin tətbiq olunması, bütün qaçqınların və məcburi köçkünlərin geri qayıtması və Azərbaycanın tərkibində Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi prinsipləri əsasında müdafiə edir.
Bu gün beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin işğal olunması və Ermənistan tərəfindən etnik təmizləmənin həyata keçirildiyi faktını tanıyır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi ilə kifayətlənməyərək, BMT Baş Assambleyasında, ATƏT və Avropa Şurası da daxil olmaqla digər beynəlxalq təşkilatlarda, Avropa Parlamentində, İslam Konfransı Təşkilatında suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən yeni-yeni qətnamələrin qəbuluna nail olub.
Amma təəssüflə qeyd etməliyik ki, beynəlxalq ictimaiyyətin öz mövqeyini bəyan etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altında qalmaqda davam edir.
Azərbaycan BMT Təhlükəsiz Şurasında fəaliyyəti dövründə də ədalət və beynəlxalq hüququn aliliyinin qorunmasını bu qurumda prioritet məqsədləri kimi qarşıya qoydu və öz fəaliyyəti ilə beynəlxalq sülhə və təhlükəsizliyə, mədəniyyətlərarası dialoq və humanitar yardımlara töhfə verdi. Rəsmi Bakı ikinci dünya müharibəsindən və xüsusilə XX əsrin 90-cı illərində baş vermiş tektonik və geosiyasi dəyişikliklərdən sonra tərkib, coğrafi təmsilçilik, fəaliyyət metodu və mandat baxımından, eləcə də dünyada mümkün hüquqi böhranın yarana biləcəyi ehtimalına əsaslanaraq, BMT TŞ-nin beynəlxalq səhnədə gələcək rolunun təkmilləşdirilməsinə və təxirəsalınmaz islahatların həyata keçirilməsinə çağırmışdı.
Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, davamlı inkişafın, dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT mərkəzi rol oynamalıdır.
Azərbaycan hesab edir ki, BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır. Bu mövqe həm də ondan irəli gəlir ki, Azərbaycan dağıdıcı müharibədən və işğaldan əziyyət çəkən ölkədir.
Azərbaycan prezidenti İlham Əliyev də BMT tribunasında çıxışında bəyan etmişdi ki, beynəlxalq norma və mehriban qonşuluq, dostluq və əməkdaşlıq siyasətinə riayət etmək, BMT-yə üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır.
Rusiyanın ötən ay Krımı özünə birləşdirmək barədə qərarı, Ukraynanın cənub-şərqində separatizmə hərətərəfli dəstək verməsi və bu ölkənin ərazi bütövlüyünə təhlükə yaranması ABŞ başda olmaqla Qərb ölkələrini fakt qarşısında qoyub: ikili standartların mövcud olduğu dünyada sabitlik və inkişafı uzun müddət təmin etmək mümkün deyil. Separatizmə dəstək, "müqəddaratını təyinetmə hüququ" adı altında dövlətlərin ərazi bütövlüyünə qarşı təcavüzə göz yummaq regional və qlobal təhlükəsizliyə təhdiddir.
Artıq Qərb diplomatlarının, ayrı-ayrı ölkələrin rəsmilərinin dilindən də bu etiraf daha tez-tez eşidilir ki, Qarabağ münaqişəsi və onun indiyədək həll olunmaması ölkələrin ərazi bütövlüyünə qarşı yönələn qəsd kimi təhlükəli presedentə çevrilir. Ukraynada baş verən son olaylar və Qərb-Rusiya ziddiyyətlərinin dərinləşməsi nümunəsi bir daha təsdiqləyir ki, "müqəddaratı təyinetmə hüququ" pərdəsi altında separatizmin körüklənməsi, sərhədlərin zorla dəyişdirilməsi yolverilməzdir. Məsələn, elə bu yaxınlarda ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar "Krım hadisələri Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllini zəruri edir" bəyanatını səsləndirib. ABŞ hesab edir ki, "Dağlıq Qarabağ münaqişəsi Qafqaz bölgəsində qeyri-sabitlik mənbəyidir".
Erməni lobbisinin fəal olduğu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də Krım olaylarından sonra rəsmi Bakının 20 ildən bəri müdafiə etdiyi ərazi bütövlüyü prinsipini açıq mətnlə dəstələyib: "Bizim ümumi bir siyasətimiz var, o da ərazi bütövlüyü prinsipidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas məqamıdır və bu prinsip pozulmazdır. Əgər ərazi bütövlüyü prinsipi pozularsa, dünyada nizam pozular".
Avropalı diplomatların narahatlığı başadüşüləndir. Dağlıq Qarabağ ermənilərinin "müqəddaratını təyinetmə hüququ"nu Azərbaycanın ərazi bütövlüyü prinsipinin önünə çıxarmaq istəyən Avropa Birliyi indi separatizm təhlükəsini öz sərhədləri daxilində də hiss edir. İtaliyada Cənubi Tirol, Veneto və Lombardiya, İspaniyada Kataloniya, Fransada Bretan və Korsika, Almaniyada Bavariya, Böyük Britaniyada Şotlandiya, İrlandiya və Uels əyalətləri hakim separatçı əhval-ruhiyyə ilə bütövlükdə Avropa Birliyinin başağrısına çevrilib.
Halbuki rəsmi Bakı 20 ildən bəridir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını tələb edərək bu münaqişənin təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş qəsd olmadığını, həm də regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə ən böyük hədə yaratdığını bəyan edib. 20 ildən artıqdır ki, rəsmi Bakı beynəlxalq təşkilatlar qarşısında dövlətlərin ərazi bütövlüyü prinsipinin təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq təhlükəsizliyin ən vacib elementi olduğunu müdəfi edib. Azərbaycan Gürcüstana, Moldovaya, 53 dövlətin rəsmən tanıdığı Kosovanı öz ərazisi hesab edən Serbiyaya münasibətdə də ərazi bütövlüyü məsələsində dəyişməyən prinsipindən, siyasətindən bir addım da olsun, geri çəkilməyib. Elə bu mövqedən çıxış edərək rəsmi Bakı bu ilin martın 28-də BMT-də Rusiyanın Ukraynaya məxsus Krım Muxtar Respublikasını hərbi təzyiq göstərməklə ilhaq etməsini qanunsuz sayan qətnaməyə dəstək verib. Bu, Azərbaycanın dəyişməyən prisipial siyasətidir.

Cavanşir Həsənli

Yazı Azərbaycan Mətbuat Şurasının "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusundakı müsabiqəsinə təqdim edilir