Ermənilər Zəngəzur və Qarabağda tarixi yerlərimizin adlarını dəyişdiriblər Layihə

Ermənilər Zəngəzur və Qarabağda tarixi yerlərimizin adlarını dəyişdiriblər

1-ci yazı

Ermənistan işğal etdiyi tarixi Azərbaycan torpaqlarını saxtakarlıq yolu ilə hər vəchlə "erməniləşdirməyə", özününküləşdirməyə çalışır. Bu məqsədlə özünəxas şəkildə ən primitiv saxtalaşdırma üsullarına belə əl atır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun sözlərinə görə, Ermənistanın işğalı altında olan Zəngəzur və Dağlıq Qarabağ torpaqlarının bütün toponimləri, tarixi yer, yurd adları dəyişdirilərək erməni dilinə və erməni Qriqoryan dininə uyğun olan başqa adlarla əvəz edilərək bu ərazilər tamamilə erməniləşdirilib. Məhz bu səbəbdən də bu yerlərə səyahət edən hər hansı bir əcnəbi qonaq burada ermənilər tərəfindən dəyişdirilmiş bu yer, yurd adlarını bölgənin "həqiqi" toponimləri kimi qəbul edir. Bu isə çaşqınlıq yaradır. Məhz bu səbəbdən də Azərbaycanın işğal olunmuş ərazilərindəki toponimlərin arxivlərdə qalmış nümunələrindən və müxtəlif tədqiqatçıların əsərlərindən faydalanaraq onların xatırlatmaq yerinə düşərdi. Odur ki, işğal altındakı ərazilərin toponimləri və tarixi yer adlarının öyrənilməsinə bir sıra sovet dövrünün alimlərinin əsərlərində də tez-tez rast gəlinir. Bu baxımdan rus coğrafiyaşunası Q.İ.Anoxinin "Kiçik Qafqaz" əsərini misal göstərmək olar. (Q.İ.Anoxinin. "Malıy Kavkaz". Moskva.1981- ci il. "Fizkultura i sport" nəşriyyatı) Ərazi etibarı ilə Zəngəzur özünün füsunkar gözəlliyi, təbii sərvətləri və mürəkkəb relyefi ilə həmişə özünə diqqət cəlb edib. Sovetlər dönəmində burada İttifaq büdcəsindən ayrılan pullar hesabına sənaye və kənd təsərrüfatı çox yüksək səviyyədə inkişaf etmişdi. Təsadüfi deyildir ki, indiki Ermənistanın iqtisadiyyatından gələn gəlirin 60%-dən çoxu Zəngəzurun təbii sərvətləri və sənayesi hesabına ödənilir. Zəngəzur demək olar ki, bütünlüklə sərt dağlarla əhatə olunaraq Laçın-Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini əhatə edir. Zəngəzur yaylası çox kəskin şəkildə şimaldan cənuba doğru uzanır. Ərazi başdan-başa biri digərini tamamlayan meşələrdən, çətin keçilən, dağlardan və sıldırım qayalardan ibarətdir. Zəngəzur ərazi etibarı ilə Kiçik Qafqazın ən uzun və hündür yüksəkliyidir. Müasir dövrdə şirin su problemi dünyanı düşündürdüyü bir zamanda Zəngəzur ərazilərinə Allah öz təbii sərvətlərini böyük səxavətlə bəxş edib. Belə ki, müxtəlif gur sulu bulaqlar, göllər və çayların baş alıb getdiyi Zəngəzur bögəsi hər tərəfdən yeraltı və yerüstü şirin su hövzələri və müxtəlif çeşidli minerallarla əhatə olunub. Belə ki, qərb tərəfdən Arpaçay, Naxçıvançay, Əlincəçay və Gilyançay, şərq tərəfdən isə Tərtərçay, Həkəri, Oxçu və Mehri çayları mənbələrini Zəngəzurun müxtəlif yüksəkliklərindən alaraq, öz axarları istiqamətində insanlara bar bərəkət bol nemətlər bəxş edirlər. Zəngəzurun ən yüksək zirvələrindən biri Qapıcıqdır (işğal etdikləri ərazilərdə bütün toponimləri dəyişdirən ermənilər indi bu zirvəni Kaputçux adlandırırlar) bu yüksəklik yaylanın cənub hissəsində dəniz səviyyəsindən 3094 metr yüksəklikdə yerləşir. Zəngəzur yaylası üzü şimala tərəf nə az, nə çox 208 km uzanaraq böyük Ginəldağ yüksəkliyi ilə birləşir. Ginəldağ zirvəsi dəniz səviyyəsindən 3367 metr yüksəklikdədir. Bu nöqtədən daha üç yüksəklik, Şahdağ, Murovdağ və Qafanqala silsilələri başlanır. Qafanqala silsiləsi şimal – şərq istiqamətindən 10 km-lik məsafədə yerləşən Şahdağ yüksəkliyinə birləşir. Ginəldağdan ayrılan Qafanqala yüksəkliyi üzü şimala indiki Ermənistanın Basarkeçər (Vardenis) rayonu istiqamətinə uzanır.
Basarkeçər rayonundan şimal – şərq istiqamətində ermənilər tərəfindən Azərbaycanın işğal altındakı ərazilərinə doğru çəkilən şose yolun 13-cü kilometrliyində azərbaycanlıların Günəşli adlı gözəl bir yaşayış məntəqəsi yerləşir. Böyük Ginəldağın baş zirvəsinin qurtaracağından isə Kəlbəcər rayonunun məhşur Zod dolayları başlayır. Zod dolayları qızıl yataqları ilə zəngin bir ərazidir. Bu əraziləri ermənilər 1993-cü ildə işğal edib. İşğaldan sonrakı Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları zamanı erməni tərəfi açıq-aşkar inad edərək Zod ərazilərini Laçın və Kəlbəcər də daxil olmaqla işgaldan azad etmək istəmir".
Zod ərazisi dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir. Qızıl yataqları əsasən Kəlbəcər rayonu ərazisindən Basarkeçər rayonu istiqamətinə uzanır: "Belə ki, bu ərazi Kəlbəcərdən 15, Basarkeçərdən isə 22 km məsafədə yerləşir. Bu ərazilərin 1993-cü il erməni işğalından sonra indiki Ermənistan hökuməti Azərbaycanın Zod qızıl yataqlarını istismar etmək üçün Basarkeçər rayonundan bu mədənlərə 22 kilometrlik müasir tələblərə cavab verən şosse yol çəkib. Qızılın gəlirli bir sahə olduğunu nəzərə alan indiki erməni rəhbərliyi hazırda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan sülh danışıqları zamanı Kəlbəcər ərazisini məhz bu qızıl yataqlarının və eləcə də dünya əhəmiyyətli mineral su mənbələrinin olduğuna görə Azərbaycana qaytarmaq istəmir.
Zod – Basarkeçər yolunun 2 kilometr qərb tərəfə isə Orta Zod qızıl mədənlərinin ərazisi başlanır. Cənub Zod dolayları isə dəniz səviyyəsindən 2650 metr yüksəklikdə yerləşir. Buradan Kəlbəcərin Qılışlı kəndinə olan məsafə 3 kilomerdir. Hər tərəfi dağlarla əhatə olunan Qılışlıdan 3 kilometr Cənub-qərb tərəfə isə dəniz səviyyəsindən 3037 metr yüksəklikdə yerləşən Qumru dağı görünür. Qumru dağından 5 kilometr Cənub-qərb istiqamətinə isə Basarkeçər dolayları başlayır. Bir-birini tamamlayan bu dağların sırasında yəni Basarkeçər dolaylarından 5 kilometr Cənub-şərq istiqamətində Keçili dağı öz əzəməti ilə dayanır. Keçilidağın ətəyində Kəlbəcər rayonunun bir zamanlar bütün İttifaqda məhşur olan İstisu istirahət zonasının ermənilər tərəfindən dağıdılmış xarabalıqları indi də qalmaqdadır. İstisudan 5 kilomerlik məsafədə isə dəniz səviyyəsindən 3344 metr yüksəklikdə Sarımsaqlı yüksəkliyi görünür.
Azərbaycanlıların əsasən yaylaq kimi istifadə etdikləri Sarımsaqlı yüksəkliyinin ətəyində Alagöllər adlı iki göl yerləşir, bu göllər böyük Alagöl və kiçik Alagöl adları ilə adlanırlar. Sarımsaqlıdan 6 kilometr Cənub tərəfə isə dəniz səviyyəsindən 2987 metr yüksəklikdə Qısırdağın zirvəsinə qalxmaq mümkündür. Qısırdağdan cənuba tərəf təqribən 5 kilometr aralaşarsansa, onda qarşıda Qoçbəy dolayları ilə qarşılaşacaqsan. Məhz bu ərazidən Gorus-İrəvan şose yolu keçib gedir. Gorus-İrəvan şose yoldan 8 kilometr məsafədə dəniz səviyyəsindən 3053 metr yüksəklikdə yerləşən Kəvirli yüksəkliyi başlayır. Bu ərazinin 2 km-lik çınqılla örtülü hissəsi Zəngəzur yaylasını Dərələyəz yaylası ilə birləşdirir. Bu nöqtədən Zəngəzurun içərilərinə tərəf şərq istiqamətinə Ağcabəy və Biçənək əraziləri başlanır. Biçənəkdən 3 kilometr cənub tərəfə Qəmyurdu dolaylarıdır. Hansı ki, buradan Salvartı yaylağını 9 kilometr məsafə ayırır.
Əgər doğurdan da buradan Salvatıya getməli olsanız, onda Camal yaylağını və Qayadikdağ yüksəkliyini keçməli olacaqsan. Bu ərazidən şimal-şərq tərəfə 7 kilometrlik məsafədə Taxtakörpü dolayları, Taxtakörpü çayı və Qarakilisə (Sisian) rayonunun Ərəvis kəndini də görəcəksiniz.
Zəngəzurun ən böyük və səfalı təbiətə məxsus rayonlarından biri də ermənilərin son vaxtlar Sisian adlandırdıqları Qarakilsə rayonudur. Qarakilsənin etnik tərkibi 1988-ci ilə qədər əsasən azərbaycanlılardan ibarət olub. Bu rayonun1988-ci ilə kimi 76 kəndi olub. Onun 61-də azərbaycanlılar, 6-da albanlar və 9-da isə müsəlman kürdləri yaşayıblar. Ermənistan hökuməti əsasən sovet hakimiyyəti illərində azərbaycanlıların və müsəlman kürdlərin deportasiya edilməsi sayəsində Qarakilsəyə xarici ölkələrdən gətirilən erməni ailələrini yerləşdirib.
Qarakilisənin ən məhşur və səfalı kəndlərindən biri bütün tarixi dövrlərdə yalnız azərbaycanlıların yaşadıqları Urud kəndidir. Bu kənddə Azərbaycanın çox qədim tarix və mədəniyyət nümunələri yaşayır. Bu gün Urud kəndində dünyada "Urud mədəniyyəti" adı ilə məhşur olan Urud tarix və mədəniyyət abidələrinin qalıqları yaşayır".
1988-ci il işğalından sonra Ermənilər Urudun adını dəyişdirərək ermənicə Oront adlandırdılar: "Urud mədəniyyətinin böyük bir qismini hələ sovetlər dönəmində Urud qəbristanlığında aşkarlanmışdı. Urud qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid bədii formada olan daº sənduqə, at və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onğonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir.
Bu tarixi abidələr əvvəllər mövcud olan "Qafqazın xilafət qoşunları tərəfindən istila edildikdən sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını" alt-üst etdi. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir. Məhz bu səbəbə görə də ermənilər orta əsr qəbiristanlığı olan qədim Zəngəzurun Urud kənd qəbiristanlığını 1988-ci ildə tamamilə dağıtdılar. İndi burada yalnız "Urud mədəniyyəti"nin təsadüf edilən nadir qalıqlarına rast gəlmək olar. Zəngəzura səyahət etsəniz görərsiniz ki, Taxtakörpüçaydan cənub-şərqə tərəf 8 kilometrlik məsafədə Damurrudağ və 4 km-lik məsafədə isə Eşşək meydanı yaylağıdır. Eşşək meydanı yaylağından şimal-şərdə Əyriçay çayı və bir qədər aralıda isə Qarakilisə rayonunun Sofulu kəndi öz kədərli həyatını yaşayır. Eşşək meydanı yaylağının cənub-şərq istiqamətinin 4 kilometrliyində Aynırıdağ (Ayrıdağ), oradan şərq tərəfdə isə Bərguşad yüksəkliyi cənub istiqamətində uzanaraq Zəngəzur yüksəkliyi ilə birləşir".

Uğur