Sovet imperiyası azadfikirliliyə qarşı idi Layihə

Sovet imperiyası azadfikirliliyə qarşı idi

Hizaməddin Şəmsizadə: "20-ci illərdə ədəbiyyat sahəsində gedən mübarizə ideoloji yalanlara qarşı çevrilmişdi"

Ötən yüzilin 20-ci illərindən başlayaraq Sovet imperiyasının xüsusən türkdilli xalqların inkişafına qarşı total hücumları başladı. Moskva əsarətində saxladığı türk xalqları ilə sınırının o tayındakı türk xalqları arasında əlaqəni qırmaq üçün çoxlu üsullara əl atdı. Daxildəki türk xalqlarının arasında ayrılıqlar yaratdı. Eləcə də hər birinin
mənəvi imkanlarını bacardıqca tükətdi. Bunun ən optimal yolunu isə ziyalıları, yazı-pozu adamlarını repressiya, məhv etməkdə gördü.
1937-ci il yaradıcı adamların ürəyində və ağlında dəhşətli xof yaratdı. Repressiyalar zamanı imperiyanın mütləq hakimliyi bütün aydınlığı ilə göründü, bilindi. Tanınmış ədəbiyyatşünas, professor Hizaməddin Şəmsizadənin fikrincə, tarix H.Cavidin, M.Müşfiqin, Ə.Cavadın, S.Hüseynin, S.Mümtazın, Ə.Nazimin, Ə.Abidin, B.Çobanzadənin, M.Quliyevin, H.Zeynallının - 1937-ci ildə amansızcasına güllələnənlərin və tutulanların əməllərinin təsdiqinə xidmət edir: "Onlar az idi, ancaq buna baxmayaraq saf və qüdrətli əməlləri ilə tarixə iz saldılar. Tarix hələ onlara çox xidmətlər göstərəcək, çünki onlar tarixi yaradanlar idi. 37-nin tufanından sağ çıxmayanlar xalqımıza şərəf və ləyaqət, sağ çıxanlar isə vahimə və xəyanət bəxş etdilər. Adı Köləlik, soyadı İmperiya olan bu vahimə sonrakı nəsillərin mənəviyyatını zəhərlədi, xofun hakim olduğu rəzil bir mühit yaratdı, tarixini əks yazan manqurt alimlər, köləliyi səadət kimi mədh edən şairlər, ədiblər yetirdi. İllər keçdi: 37-də 37-li metodun işgəncələrinə dözə bilməyənlərin fəryadı sağ qalanlar üzərində mənəvi qələbə himninə çevrildi. Hər bir xalqın taleyində "tarixin günahları" adlanan amansız bir yalan qəbiristanlığı var. Bu, əslində yalana, zora qarşı gücsüzlüyün simvolu, milli-mənəvi qorxaqlığın ifadəsidir.
Zaman-zaman tarixin günahları açılaraq, hər yeni nəsil üçün gizli bir vahiməyə, milli-ictimai təslimçilik aşılayan xofa çevrilir. Hər bir nəsil öz tarixi yükünü ləyaqətlə özü çəkməyəndə "tarixin günahları" ağırlaşır, sonrakı nəsillər üçün ikiqat əzaba çevrilir. Tarixin günahlarını açmaq, həqiqətləri üzə çıxarmaq bu gün ziyalının təkcə professional yox, həm də əxlaqi borcu, vətəndaşlıq vəzifəsidir.
XIX yüzilliyin rus mütəfəkkiri M.Çaadayev: "Biz qeyri-adi xalqıq, biz o millətlərdənik ki, sanki onlar bəşəriyyətin tərkibinə daxil deyil və yalnız dünyaya hansısa bir dəhşətli dərs vermək üçün mövcud olur". Bu fikir əslində həmin dəhşətli dərsin başlanğıcı - Türkmənçay aktına cavab deyilmi?! "Dəhşətli dərs"in növbəti mərhələsi 20-ci illərdə başlandı - 37-ci ildə isə tamamlandı. Bu dərsin müəllimləri ağıllı tərpəndilər. Millətlərin öz müqəddəratını təyin etmək hüququ olduğunu və hamını qardaş edən beynəlmiləlçiliyi elan etdilər, kütlə buna inandı. Ziyalılar üçün daha incə yol seçildi. Sonralar sosializmin baş ideoloqlarından olan, 30-cu illərdə sovet yazıçılarının nəhəng təbliğat ordusunun başçısı A.Fadayev yazacaq: "Biz çox idik və böyük axınla ədəbiyyata gəlirdik. Bizi birləşdirən doğma münasibət bəslədiyimiz yeni dünya hissi və ona məhəbbətimiz idi".
Yeni dünya hissinə yad olan hər şeyi məhv edən bu axın kütləyə layiq bir hərəkat idi, çünki o, patavalı mujikin gündəlik mənafeyini sənətin meyarına çevirirdi. "Sənət sənət üçün" yox, "sənət xalq üçün" olmalı idi. Lakin nə 20-ci illərdə, nə də sonralar sənət xalq üçün ola bilmədi. Çünki ədəbiyyatın 70 illik tarixi göstərdi ki, bolşevik təbliğatı - dəzgah "ülviyyətinə", mazut ətrinə, pambığın ağ gün rəmzi olmasına, yalançı əmək qəhrəmanına, İliç lampasına, kolxoza, MTS-ə həsr olunmuş "əsərləri" sənət ümmanı çirkab kimi özündən kənara tulladı. Əslində 20-ci illərdə ədəbiyyat sahəsində gedən mübarizə də sənətdə "yeni dünya hissi"
adlanan yalana qarşı, həqiqi sənət uğrunda mübarizələr idi".
Ötən yüzilin 20-ci illərindəki Azərbaycan ədəbi mühitini təhlil edən araşdırmaçı bu qənaətə gəlir ki, 20-ci illərdə Azərbaycanda da tənqid sənətdə təbliğata qarşı bədiyyat uğrunda mübarizə aparır, təbliğat bədiyyatı üstələmişdi: "Bu dövrdə bir çox mübahisələr ədəbi irsə münasibətlə bağlı idi. Lakin 20-ci illər boyu sakit axarda, paralel inkişaf edən mübahisə və mülahizələr 30-cu illərdə kəskinləşir, qarşılıqlı ədəbi-siyasi ittihamlara çevrilir. Bunun geniş araşdırmalar tələb edən bir çox səbəbləri var. Ədəbi mühitdə çaxnaşma və ziddiyyətlər əslində Kommunist Partiyasının ədəbiyyat səhnəsində siyasəti haqqında 1925-ci il qətnaməsindən başlandı. Onun mahiyyəti ədəbi mühitdə proletar ədəbiyyatının hegemonluğuna nail olmaqdan ibarət idi. Bu sənəddə ilk dəfə 20-ci illərdə fəaliyyət göstərən yazıçılar rəsmi surətdə sinfi mövqedən üç qrupa bölündü: proletar yazıçıları, burjua-qolçomaq yazıçıları və cığırdaşlar. Məhz bundan sonra ədəbi mübahisələr bədii-estetik problemlərə doğru yol aldı. Ən sürüşkən məsələ cığırdaşlara münasibət idi. Əslində 30-cu illər ərəfəsində ədəbiyyatda cığırdaşlar uğrunda çarpışma gedirdi. Böyük Mirzə Cəlilin Sabirin heykəlinə baxaraq dediyi "Vaxtında ölmək də xoşbəxtlikdir" sözləri "köhnə" yazıçıların 20-30-cu illərdəki faciəsini dolğun əks etdirir. C.Məmmədquluzadəni, Ə.Haqverdiyevi, C.Cabbarlını 37-ci ilin biabırçı işgəncələrindən yalnız səbəbi hələ də müəmmalı qalan "vaxtında ölmək" xilas etdi. Ədəbi-nəzəri qarşıdurmanın ikinci əsas səbəbi partiyanın XVI qurultayında irəli sürülən, bütün sahələrdə xüsusi bir amansızlıqla həyata keçirilən "Sosializmin bütün cəbhə boyu geniş hücumu!" şüarı idi. Burada sosializmin necə deyərlər, iç üzü açıldı. Lakin artıq gec idi. Sənədlərə diqqət yetirək. "ÜK(b)P-nin XVI qurultayının qərarları əsasında milli məsələyə meylə qarşı mübarizə fəallaşdı. Bu sahədə başlıca təhlükə fövqəl-dövlətçi şovinizm olaraq qalırdı. Sosializmin bütün cəbhə boyu hücumunun başlanması ilə əlaqədar partiyanın bəzi üzvləri belə hesab edirdilər ki, vahid beynəlmiləl dil tətbiq etməyin vaxtı çatıb, siyasi, təsərrüfat və administrativ rəhbərliyi mərkəzləşdirmək tələb olunurdu, az qala respublikaları ləğv etmək təklif edilirdi. Nəhayət, üçüncü və əsas səbəb Şərqlə, xüsusilə Türkiyə ilə bağlılıq idi. Məlumdur ki, 20-ci illərin görkəmli ziyalıları - H.Cavid, B.Çobanzadə, Ə.Abid və s. Türkiyədə təhsil almışdılar, inqilab ərəfəsində - Azərbaycanda 1920-ci il bolşevik işğalı başlananda M.Rəsulzadə, M.Məmmədzadə, Ə.Hüseynzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu kimi görkəmli şəxsiyyətlər mühacirətə getmiş və xarici ölkələrdə iş görürdülər. Əlbəttə, bu, yalnız bəhanə idi. O zaman sovet dövlətinin Türkiyə ilə rəsmi münasibətləri var idi. Paradoks burasında idi ki, Moskvada Tofiq Fikrətin kitabı çap olunur (1923), Leninqrad Şərqşünaslıq İnstitutunun tələbəsi, tənqidçi Əli Nazimin müəllimləri Samoyloviç və Bertelsin təşəbbüsü ilə Türkiyəyə 6 aylıq ezamiyyəti və burada məqalə çap etdirməsi ona qarşı ittiham üçün əsasa çevrilirdi və s.
Beləliklə, partiyanın XVI qurultayından sonra "Ədəbiyyat cəbhəsində" qəzeti dövrün ruhuna uyğun olaraq iki həftədə bir çıxan "Hücum" jurnalına çevrilir və dərhal ədəbiyyat cəbhəsində opportunizmə qarşı hücuma keçir. İlk saylardan birində Azərbaycan proletar yazıçıları cəmiyyətinin gənc məsul katibi Mehdi Hüseyn "Sol" maska altında opportunizm" ("Hücum", 1931, 9-10) adlı məqalə ilə çıxış edərək kommunist tənqidinin vəzifələrini göstərir: "Müasir kommunist tənqidi qarşısında olduqca ciddi və məsuliyyətli vəzifələr durur. Onun baş vəzifəsi sinfi düşmənin proletar inqilabı əleyhinə hansı yollarla çıxdığını, nə kimi vasitələrlə ona qarşı durduğunu öyrənərək, bütün yabançı sinfi təmayüllərin köklərini arayaraq tapmaqla, onları şiddətli bolşevik atəşinə tutaraq əzməkdən ibarətdir". Beləliklə, "sinfi düşmən" tapmaq, onu "atəşə tutmaq", "əzmək" ədəbi tənqiddə estetik anlayışları əvəz etməyə başlayır. Bu zaman təkcə M.Hüseynin yox, bir çox tənqidçi və yazıçıların məqalələrində belə anlayışlar işlənir, hamı bir-birinin simasında "sinfi düşmən", onun "xalis" Azərbaycan variantı olan "pantürkist", "panislamist", trotskist, varonskiçi, plexanovçu və s. axtarırdı. 30-cu ildə artıq ayrı-ayrı yazıçı və tənqidçilərin, hətta onların əsər və qəhrəmanlarının "ədəbi məhkəmələri" başa çatmaqda idi.
Bu zaman ədəbi mübahisələrin düyün yeri 1931-ci il idi. Doğrudur, artıq 29-cu ildə bu mübahisələrin həddi görünməkdə, onun başlıca meyilləri hiss olunmaqda idi. XVI qurultayda irəli sürülən maksimalist şüar həmin ziddiyyətli prosesi kəskin dərəcədə qızışdırırdı. Yeri gəlmişkən, deməliyik ki, 30-cu illər ərəfəsində rus ədəbi prosesində olan ədəbi qrup və cərəyanlar arasında da çəkişmə kəskinləşmişdi. İncəsənətdə sinfiliyi ardıcıl yeridən, ədəbiyyatla siyasət arasında analogiyanı qəbul edən "Oktyabr", "Ədəbiyyat cəbhəsi", "Gənc qvardiya" dəstələri birləşərək RAPP təşkilatını yaratdı. Partiyanın ədəbiyyat sahəsində siyasətini həyata keçirən RAPP-ın yerlərdə təşkilatları, o cümlədən bizdə AzAPP yarandı. Bu təşkilat sənətin mahiyyətini başlıca olaraq forma və dildə axtaran "Lef" və "Konstruktivistlər", intuitivizm, irrassionalizm yayan, ideyalılıq və partiyalılığı inkar mövqeyində duran "Serapinov qardaşları" və "Aşırım" qruplarına qarşı mübarizə aparırdı. Bütün bu qruplar və onların irəli sürdüyü nəzəriyyələr rus sovet ədəbi həyatı ilə sıx bağlı olan Azərbaycan tənqidinə də ciddi təsir edir, onun ədəbi-nəzəri mürəkkəbliyini, milli aspektlərini ideoloji baxımdan daha da dolaşdırırdı. 1931-ci ildə RAPP-ın rəhbərliyinə təbiətən maksimalist olan L.Averbax gəldi və XVI qurultayın ruhuna uyğun "Müttəfiq, ya düşmən!" şüarını irəli sürdü. Beləliklə də 31-ci il, sonralar 37-də repressiyaya məruz qalan adamların taleyində düyün məqamına çevrildi. Ədəbiyyatda, daha artıq tənqid sahəsində ideoloji zəmində qarşılıqlı ədəbi-siyasi ittihamlar və qorxunun, vahimənin eybəcər ifadəsi olan etiraflar başlandı".

Uğur