1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınlar Layihə

1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınlar

3-cü yazı

Ermənilərin 1918-1920-ci illərdə törətdikləri soyqırımı bəşər tarixində rast gəlinən ən dəhşətli vandallıq olayıdır. Bu yazıda 1918-ci ildə Bakı qırğınları haqqında tarixi faktlarla danışılır. Tarix elmləri doktoru Ataxan Paşayevin araşdırmasında vurğulanır ki, "o mart günlərini fotoqraf vasitəsilə təsbit etmiş bir çox iranlı, polyak, gürcü tanıyıram və bunların heç birindən olmayan M.Kulqe adlı bir əcnəbi hadisələri belə anladır: "Yalnız müsəlman əhali tərəfindən məskunlaşmış məhəllələri qırıb, əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evlərə atəş vurur, çocuqları bu atəşlərə ataraq diri-diri yaxır, 3-4 günlük südəmər çocuqları isə süngülərinə taxırdılar. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi. Öldürmədikləri qadınların saçlarını bir-birinə bağlayaraq üryan bir halda küçələrdə qabaqlarına qatıb sürür və özlərini tüfəng dibçəkləri ilə vururdular. Kimsəyə rəhm edilmirdi. Çocuqlara rəhm edilmədiyi kimi, ixtiyarlara da aman yoxdur. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası, 60-70 yaşında qadınları öldürmüş və 25 yaşında təzə gəlini diri-diri divara mıxlamışlardı…"
Bir sözlə, Moskva Azərbaycanda sosializm və kommunizm qurmaqla məşğul idi. Gərək M.Kulqenin gərəksə digər əcnəbilərin, o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud fotoqraflar çox faciəli mənzərələr əks edirlər. Mələk qədər sevimli bir azəri yavrusu Bakının bir divarına çivlənib və çiv yavrunun ta qəlbini dəlib keçməkdədir. Bir yığım qızlı-erkəkli çocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məsum yavruları gəmirir. Çılpaq bir qadın yerə sərilmiş, ölmüş… bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir…
31 martın xatirələri yalnız bunlar deyil. Mən hələ 10 minlərlə azəri qız və qadınlarının əsir sürüsü halında götürüldüyünü, "Rekord" teatrosunun o gün məhşəri andıran mənzərələrini, əsir bazarında azəri qızlarının satıldıqlarını və sairini qeyd etmirəm. Çünki 31 martı xatırlamaq və canlandırmaq üçün bu qədər də kafidir, bu qədər də bəsdir".
Mart faciələrini öz gözləri ilə görmüş, bu hadisələrin bütün iztirablarına dözmüş, xoşbəxt təsadüf nəticəsində sağ qalmış yeniyetmə bir gənc Məhəmməd Muradzadənin 1918-ci ilin dekabrında qələmə alıb, 1919-cu ildə çap etdirdiyi "Mart hadiseyi-əliməsi" kitabçası bu cəhətdən xüsusi maraq doğurur. (Bu kitabça Sədaqət Məmmədova tərəfindən kiril əlifbasına çevrilərək 1996-cı ildə "Azərnəşr"də yenidən buraxılmışdı).
Burada həmin gəncin ailəsinin və qonşularının timsalında ermənilərin Bakıdakı mart qırğınları zamanı azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər qələmə alınıb. O, yazırdı: "Həyatım durduqca martın 19-cu gecəsini, yəni bazar ertəsi gününün axşamını unutmaram. Bu gecə ailə bir-biri ilə elə rəftar ilə davranırdı ki, sanki sabah bir-birini görməyəcəklər, əbədi bir fərağa məhkum olacaqlar".
Martın 20-də (yeni təqvimlə 31-də) səhər M.Muradzadənin atasının tanışlarından bir nəfər Hacı özünün 50-55 yaşında yaralı qardaşını onların evinə gətirir. Hacı ailəsinin harada olduğunu bilmir. Yaralını görən gənc ona baxmağa dözə bilməyib qonşu yəhudilərin evinə qaçır. Onların həyətinə soxulan erməni caniləri hacıdan və M.Muradzadənin atasından silah tələb edirlər. Silah olmadıqda onlar pul tələb edirlər. O, yazırdı: "Atamla Hacı öz əllərilə pul kisələrini çıxarıb canilərə verdilər. İnsan qanına susamış canilər pulları alıb aralarında böldükdən sonra ikisi həmin həyətə çıxır. Biri isə bayıra çıxarkən əvvəlcə atamın sinəsini nişan edərək bir atəş açır, ardınca Hacının köksündən vurur. Hər ikisi dəhşətli bir surətdə yerə yıxılır".
M.Muradzadə yazırdı ki, canilər getdikdən sonra: "Mən bu dəhşətlərin bununla bitdiyini və bir daha təkrar edilməyəcəyini zənn edirdim. Birdən məhəllədə böyük qovğa qopdu və bizim məhəllə qapısı şiddətlə döyülməyə başlandı".
Həyətə soxulan ermənilərin digər canilər dəstəsi artıq həyətdə kişi tapmayaraq onlardan iki nəfəri "qoca ilə qadınları heyvan sürüsü kimi qabaqlarına qatıb əsir adıyla hara isə aparırlar. İndi canilər növbə ilə həyətdəki evləri axtarıb qarət və talan edirdilər. Axırda mən olduğum evin qapısına gəldilər. Lakin yəhudi bu evin özünə məxsus olub, burada müsəlmanlar olmadığını deyib caniləri öz evinə buraxmır. Bununla da birinci dəfə M.Məmmədzadənin həyatı xilas edilir. Ermənilərin milli zəmində törətdikləri qırğınla bağlı öz fikirlərini M.Muradzadə belə təsvir edir: "Artıq iki günlük müharibədə kimlərin iştirak etdiyini və nə üçün bunun belə davamını bir saat gördüyüm səhnələr gözəlcə göstərdi. İslam adı daşıyana aman yox, zira o mənhus qonşu millətin qaniçən canavarları indi vaxtdan istifadə edərək başqa siyasi bir maska ilə qurşaqdan dişlərinədək silahlanıb özlərindən milyonlarca çox və qapı bir qonşu olan nəcib bir milləti öz yurdlarında yox etməyə böyük bir cürətlə əl açmışlardı".
M.Məmmədzadə öz gördüklərindən əlavə qonşu yəhudilərin şəhadətləri əsasında azərbaycanlılara tutulan divan, küçələrdə tökülüb qalmış azərbaycanlı cəsədləri haqqında da yığcam məlumat verərək yazırdı: "Şəhərin vəziyyətindən xəbər bilmək üçün yəhudi çocuqları tezdən məhəlləmizə çıxmışlardı. Gətirdikləri o təsirli və dil yaxıncı xəbərlərində islam qurbanlarını bütün küçələr boyu qırlar üzərində dəniz sahilinə tordan atılmış balıqlar kimi yan-yana qanlı ölüm yatağında yatdıqlarını söyləyirlərdi. İki gündən bəri günahsız məzlumları torpağa endirmiş və böyük xanimanları söndürən atəşlərin sədası indi şəhərin uzaq yerlərində eşidilirdi. Bizim məhəllədə isə böyük bir sükunət hökm sürürdü".
Lakin bu sükunət çox hökm sürmür, elə həmin gün M.Muradzadənin dediyi kimi, qonşu millətin qaniçən canavarları yenidən künc-bucaqda gizlənmiş türk-islam yavrularını qırmağa qol çırmalamışlar: "Hər bir rus və yəhudi evlərini axtarıb ölüm hədəsiylə müsəlmanları vermələrini əmr edirdilər. Belə bir cani və qarətkarlar dəstəsi bizim küçəyə dəxi gəlmişlərdi. Bizi bu anadək insanlıq naminə saxlayan yəhudilər bu əhvalatdan böyük bir təşvişə düşmüşlərdi… Ev sahibi Levin çox həlim bir kişi idi. Hərdən yanımıza gəlib övzai-əhvalatdan bizi agah edərək bu dəqiqələr çox qorxulu olduğu üçün yalnız mətanətli olmağımıza tövsiyə edib hər növ olursa bizi müdafiə edəcəyini söyləyirdi".
M.Mahmudzadə yazırdı ki, erməni cəlladları yenə də küçədə olan yəhudi və rus evlərində olan azərbaycanlıları zorla çıxarır, islam qurbanlarının dad və fəryadları, ətraf evlərdən çıxarılan məsum körpələrin ürək parçalayan bağırtıları eşidilirdi. Onları canilər gizləndikləri yerdən güclə çıxarıb küçədə güllə və qılıncla işgəncələrlə məhv edirdilər: "Kiçik qardaşımla dayım alt mərtəbədə idilər. Mən özümdən kiçik qardaşlarımla Levinin otağında oturmuşdum. Levin isə yalnız bizim pərişan halımıza aludə olub dirigözlü insanları canilər əlinə verməmək üçün çarələr düşünürdü".
Yalnız rus ordusunda xidmət etmiş əlisilahlı bir neçə gənc yəhudi öz evlərini müdafiə etdikləri üçün canilər Levinin yaşadığı evə girə bilməmiş və M.Mahmudzadə, onun qardaşları və dayısı canilərin əlindən xilas olmuşdular. Yeri gəlmişkən onu da qeyd edək ki, Fövqəladə Təhqiqat Komissiyasının Bakı hadisələri haqqında hazırladığı məruzədə də göstərilirdi ki, Bakıda mart qırğınları zamanı ruslar, yəhudilər və gürcülər mümkün olan yerdə azərbaycanlıları xilas etmişdilər. Ermənilər azərbaycanlılara qarşı qırğını yalnız ermənilərə qəti ultimatum vermiş 36-cı Türküstan polkunun tələblərinə görə dayandırmışlar. Bakıda olan bütün rus icmalarının nümayəndələri ermənilərin bu vəhşiliklərindən hiddətlənir və ucadan öz etirazlarını bildirirdilər".
Xatirələrində yeri gəldikcə gənc müəllif ermənilərin törətdikləri ümumi vandalizm haqqında da məlumatlar verir, öz münasibətini də bildirirdi. O, yazırdı: "Hələ qarşımda o gün müşahidə etdiyim ürəkdağlayan bir mənzərə təcəssüm edib durur. O gün küçə ilə bir neçə kişinin çiynində qısa bir nərdivan üzərində əlvan boyalı xalça sarınmış bir meyitin aparıldığını gördünüz. O, mart günlərinin məzlum qurbanı, mənim zavallı atam idi. O dövrün vəziyyətinə nəzərən bu hala da qibtə edirdilər. Ona görə ki, çox şəhidlərin meyiti o gün tapılmaz oldu. Ana və bacıların qəlbinə acı və daim sağalmaz dağlar basıldı. O gün bu müəzzəm Bakı şəhərinin yarıdan çoxu bir matəm saraya çevrildi. Çox evlərin üzvləri südəmər yavrularınadək zəhərli xəncərlər ilə doğrandı. Fəryad, ah-fəğan sədası eşidilməz bir ev qalmadı".
Mart hadisələri zamanı öz gözləri ilə gördüyü və eşitdiyi hadisələri qələmə alan M.Muradzadə yeri gəldikcə bu hadisələrə öz münasibətini də bildirdi. O, Bakıda tam azlıq təşkil edən ermənilərin bu torpaqların həqiqi sahibləri olan azərbaycanlıların başına açdığı müsibətlərin səbəblərini də aşkarlamağa çalışır. Onun bu haqda söylədiyi fikirlər çox maraqlıdır. M. Muradzadənin fikirləri bir də ona görə maraqlıdır ki, 100 ilə yaxın keçməsinə baxmayaraq, 80-ci illərin axırlarında ermənilərin bizi bu cür ağır vəziyyətə salmasında, ərazimizin 20 faizdən çoxunun işğalında, bir milyondan yuxarı qaçqınımızın olmasında yenə də öz təqsirimiz az deyil. Deməli, tarixin ibrət dərslərindən hələ də özümüz üçün lazımi nəticə çıxara bilməmişik. Hələ mart hadisələri başlamazdan əvvəl özünün və dostlarının düşüncələri haqqında məlumat verən M.Muradzadə yazırdı ki, fikirləşirdim, əgər ermənilərlə dava başlayarsa, azərbaycanlılar tərəfindən "hansı igidlərin iştirak edəcəyini və hansı təşkilat tərəfindən və neyçin elanı həll ediləcəyini bir növ təsəvvürümə belə gətirə bilmirdim, çünki "əlində bir mauzeri ilə altı patronu olub yalnız orada-burada pusquda duraraq öz qardaşının qanını tökməyə adət etmiş, yaxud iştirak edib də öz qardaşına vaxt zərurətində səngərdə patronun birini 7-8 rubleyə satan milli igidlərmi?" O yazırdı ki, düşünürdüm düşmənin toplarına qarşı bizimkilər görəsən nə ilə cavab verəcəklər?

Elçin Qaliboğlu