“Türkün türkü anlamaması onun faciəsidir” Layihə

“Türkün türkü anlamaması onun faciəsidir”

"Füyuzat" jurnalı dili və üslub keyfiyyətləri ilə ədəbi dil tariximizdə mütərəqqi rol oynadı

XX əsrin əvvəlində Əli bəy Hüseynzadənin və dostlarının təşəbbüsü ilə "Füyuzat" jurnalı yaranıb. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözü olub, lüğəti mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyziyab olmaq deməkdir. 1906-cı il noyabrın 1-i ilk sayı çapdan çıxan jurnala Hacı Zeynalabdin Tağıyevin maddi dəstək verib. Bir il ərzində 32 sayı işıq üzü görüb. Əsas yazarlar Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq olub. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur. Azərbaycan Xaq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. "Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda da mühüm rol oynayıb.
Əli bəy Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" ideyaları "Füyuzat"ın dilində aydın və mükəmməl şəkildə əks olunub. Dildə türkçülük ideyası və bu ideyaya əsaslanan dil birliyi siyasəti uğrunda jurnal ardıcıl şəkildə mübarizə aparmış, bu baxımdan, o, tarixi ənənələrə -özündən əvvəlki "Tərcüman-i əhval-i zaman" (1883-1918)] qəzetinin ideyalarına əsaslanaraq ideyaların inkişafında onunla bərabər çalışıb. Qəzetin redaktoru İsmayıl bəy Qaspiralının başlıca şüarı "Dildə fikirdə, işdə birlik" idi və o, dil birliyi, milli birlik uğrunda dayanmadan çalışıb. O, zaman Rusiyada yaşayan türklərin geniş yayılmış mətbuatı olan "Tərcüman" qəzeti türk milli şüurunun inkişafında müstəsna rol oynamışdır. "Füyuzat" jurnalı qəzetin ideyaları ilə həmrəy idi və "dil birliyi" siyasəti ilə dildə türkçülüyün inkişafı məsələsinə ciddi fikir verirdi. Təsadüfi deyildir ki, hər iki mətbuat orqanı öz varlığı ilə bütün türklərin eyni dildə birləşmələrinin mümkünlüyünü göstərdi. Doğrudur, sonralar bu siyasət tam qələbə qazanmasa da, hər halda dil birliyinin yaranması fikrini irəli sürdü və bu haqda əsalı dəlillər göstərdi. Bu istiqamətdə "Tərcüman" və "Füyuzat" bir kompas rolunu oynadı və: Vətən nə Türkiyədir türklərə, nə Türküstan, Vətən böyük və müəbbəd bir ölkədir: Turan! -deyən, türkçülüyün başında duran və ona "elmlik verən" Ziya Göyalp kimi bir dəyərin meydana çıxmasına öz təsirini göstərdi.
Təəsüf ki, Azərbaycanda bu ali məqsəd düzgün qiymətləndirilmədi və "Füyuzat"ın dili haqqında tənqidi fikirlər uzun müddət davam etdi. Halbuki, Əli bəy Hüseynzadənin bütün fəaliyyəti onun dildə "təfsiyə" - saflaşdırma tərəfdarı olduğunu sübut edir. "Füyuzat"çılar bu ideyanın qələbəsində uğur qazana bilməsələr də (dilin sadələşdirilməsi "Füyuzat"ın fəaliyyətindən sonra güclü bir axın almışdı), bu işin gələcəyi üçün yol göstərə bildilər. Sözsüz ki, jurnalın dili tam nöqsansız deyil. Lakin onun dilinə yalnız qrammatik baxımdan yanaşmaq düzgün nəticələrə gətirib çıxartmır. Dərginin dili "siyasət dili" kimi üslub məfkurə baxımdan incələndikdə onun dəyərləri büsbütün üzə çıxır. Jurnalın dilindəki "Vətəni- Firdovsi və hürriyyət", "Tolstoyluq" "şirinzəban", "qırmızı yalanlar", "maarif, ittihab, hürriyyət" və s. söz və ifadələrin anlamı və işlənmə məqamı onun mürəkkəb, lakin mənalı bir dilə intelektual və özünəməxsus bir üsluba, düşüncə və deyim tərzinə malik olduğunu göstərir. Jurnalın dili keçmişdə bu günü əlaqələndirən, yaddaşları təzələyən, öz dövrünü dəyişsə də çağdaş zamanda da aktuallığını saxlayan bir dil idi. Məsələn, Əli bəy Hüseynzadə mədəniyyətin (türkçülükdə əsas məsələlərdən birinin) Şərqdən Qərbə doğru hərəkətindən danışarkən "sarı təhlükə" ifadəsini işlədir. "Şimdi yenə kəmakən mədəniyyət Şərqdən Qərbə doğru hərəkətinə davam edərək, Amerikadan Yapona keçdi. Yapondan yenidən Çinə və bütün Asiyaya keçmək üzrədir. Avropayı "sarı təhlükə" namilə Asiya mədəniyyəti təhdid ediyor. Avropanın üzərinə Şərqdən mühib (təhlükəli) bir mövc (dalğa) gəliyor. Rusiya-Yapon müsadiməsi (toqquşması) bu dalğaya qarşı ilk müdafiə olundusa da, lakin əncamı böyük bir müvəffəqiyyətsizlikdən ibarət qaldı ki, bunun nəticəsində Avropanın sərmayədarlıq (kapitalist) mədəniyyəti tərəfindən sarsıldı". "Sarı təhlükə" məsələsi çox qədimdir, bu bir zamanlar hun, türk, monqol və uyğurların bütün Asiyanı, Avropanı böyük bir hissəsini diz çökdürməsi nəticəsində yaranıb tarixə düşmüş bir ifadədir. Belə ki, Şərqi-Çin, Yaponiya, Hind-Çin xalqları Avropaya Budda heykəlləri ilə hərəkət edirdilər ki, bu axına "sarı təhlükə" deyilirdi. Avropa üçün yeni "sarı təhlükə" Yaponiya ilə Osmanlı dövlətinin birləşməsi (Rusiya təhlükəsinə qarşı), Yaponiyada İslam dini təbliğatının genişlənməsi idi . 1907-ci ildə Ə. Hüseynzadə "sarı təhlükə" ifadəsini yenidən "Füyuzat" səhifələrinə gətirir və bunu islam mədəniyyətinin, türkçülük əxlaqının yüksəlməsi ilə başlayır. Bu, Avropa üçün tamamilə yeni bir təhlükə idi. Müəllif bu ifadə ilə həm Şərq mədəniyyətinin kütləvi şəkil almasını göstərir, həm də böyük tarixi-siyasi hadisələri vurğulayır, türklərin qüdrətli keçmişini, kültürlü və əzəmətli soy kökünü xadırladır.
"Füyuzat"ın səhifələrində türk dillərinin quruluşu, keçmişi, bu günü, gələcəyi, xarakterik xüsusiyyətləri, dünya mədəniyyətində yeri, etnogenezi və sair məsələləri daim işıqlandırırdı. Əli bəy jurnalistlik və publisistlik fəaliyyəti boyu və xüsusilə də "Füyuzat" jurnalındakı yazıları ilə Azərbaycanda türkçülük ideyalarının yaranıb inkişaf etməsinə və bütün türk dünyasında bu ideyaların yayılmasına xidmət etdi, mənsub olduğu xalqın hüquqlarını müdafiə edən maraqlı yazılarla tanındı. O, həmişə türk xalqlarının gələcək taleyinin onların ədəbi dilindən xeyli dərəcədə asılı olduğunu göstərərək dil qaydı və problemlərinin həlli yollarını göstərdi və bunun üçün konkret faktlarla fikirlərini əsaslandırdı. Əli bəy redaktoru olduğu "Həyat" və "Füyuzat" mətbu orqanlarının dili ilə ümumtürk dilinin mümkünlüyünü sübut etdi. Əli bəy Hüseynzadə irəli sürdüyü dil birliyi probleminin aktuallığını ziyalıların şüuruna yeridir, türk soylu xalqların assimliyasiyasının, dilinə təcavüzün acı nəticələrini əvvəldən görürdü. "Türkün türkü anlamaması onun faciəsidir" deyən Əli bəy Hüseynzadə türk mətbuatının dilinin asanlaşmasında, türklərin bir-birini anlamasında mətbuatın elmlərə ciddi əhəmiyyət verməsini istəyirdi. Onun "Həyat"da işıq üzü görən türklərin irq və dillərinin tədqiqinə həsr edilmiş monumental əsəri olan "Türklər kimdir və kimlərdən ibarətdir?" adlı yazısı, "Yazımız, dilimiz", "İkinci ilimiz" adlı məqaləsi soy-kökünü yüksək qiymətləndirən, ona son dərəcə sadiq olan əsil dilçi fikirlərinin mənbəyidir. Əli bəyin "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" prinsipinin birinci komponenti ilə bağlı vəzifələrin həyata keçməsi dildən başlayırdı. Dil birliyi türk xalqlarının tərəqqisi yolunda ən mühüm bir yol idi. Əli bəy türklərin bütün sahələrdə birləşməsini onların gələcəyi üçün önəmli bir yol hesab edirdi. Xüsusən dildə birlik və bütövlük məsələsini Ə.Hüseynzadə mənəvi bütövlüyün bütün digər sahələrdə gerçəkliyi üçün zəmin hesab edirdi. Millətinin dil problemləri onun türkçülük ideyalarının əsas səbəblərindən biri idi. Türk millətinə məxsus olan ayrı-ayrı türk xalqlarının dilləri arasındakı fərqlərin aradan qaldırılması və nəticədə vahid ümumtürk dilinin yaradılması Əli bəy Hüseynzadənin arzusu idi. İstanbul türkcəsinə yüksək münasibət göstərən Əli bəy bütün Azərbaycanda belə münasibət formalaşdırmağa çalışırdı. İstanbul ləhcəsinin islahı gələcək ali məqsədə-vahid ümumtürk dilinə nail olmaqda əsas vəzifələrdən biri idi. Ona görə də Ə.Hüseynzadə və digər füyuzatçılar İstanbul türkcəsini Azərbaycan dilinə yaxınlaşdırır və XX yüzilin əvvəlində mətbuatda həmin dilin işlənmə dairəsini genişləndirirdilər. Bütün türk dillərinin vahid halda birləşdirilməsi aktual bir problem olaraq irəli sürülürdü.
Haşiri olduğu "Füyuzat", demək olar ki, bütün saylarında dilin mükəmməlləşməsinə çalışıb. O, çox mühüm ictimai-siyasi, milli məsələlərin izahında müxtəlif ədəbi üslubların sintezindən istifadə etdib. Tədqiqatçılar deyir ki, Əli bəy Hüseynzadənin bir sıra məqalələrindən bədii üsluba məxsus bir təhkiyəçilik hiss olunur. Hətta xalq danışıq üslubuna məxsus olan mükalimələr ictimai-siyasi dilə gətirilir, müəllif öz məqsədini dialoqlar fonunda açır və bu aspektdə qarşıya qoyduğu problemə münasibət bildirir. Bu baxımdan, "Məcnun və Leylayi-islam" məqaləsi diqqəti cəlb edir. "Füyuzat"ın dil və üslubunu aydınlaşdırmaq baxımdan əsər əhəmiyyətli rol oynayır. Əsərin dilində həm elmilik, həm siyasilik, həm fəlsəfəlik, həm də bədiilik özünü göstərir. "Məcnun və Leylayi-islam" üç hissədən ibarətdir və onun ilk hissəsi "Füyuzat" jurnalının 17-ci, ikinci hissəsi 18-ci, üçüncü hissəsi isə 20-ci sayında dərc olunub. Əsər fəlsəfi bir üslubda yazılıb. Burada gah maraqlı bir nağıletmə, gah eyham, gah mübahisə, alleqorik priyom, sarkazm, gah da dialoq vasitəsilə mətləblər anladılır. Tədqiqatçılar deyir ki, əsərdəki üslubların dahiyanə şəkildə birləşdirilməsi, "Füyuzat"a məxsusdur və o, bu keyfiyyəti ilə ədəbi dilimizdə mühüm mövqeyə malikdir.
Türkçülüyün böyük ideoloqu, bütün türk dünyasında ilk dəfə "Türkləşmək, İslamlaşmaq və Müasirləşmək" ideyasının əsasını qoyan Əli bəyin rəhbərlik etdiyi "Füyuzat" jurnalı XX əsrin əvvəlində mətbuat meydanına yeni bir nəfəslə, milli oyanış ideyaları ilə Azərbaycanın özünüdərk aktı və faktı kimi daxil oldu və xalqımızın mədəni inkişafında dövrün tarixi rolunu ifadə etdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkilində və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında və jurnalistikanın ictimai fikir tribunasına çevrilməsində əvəzsiz xidmətlər göstərən milli mətbuat nümunələrindən biri olan "Füyuzat" jurnalı dili və üslub keyfiyyətləri ilə ədəbi dil tariximizdə mütərəqqi rol oynadı. Ə.Hüseynzadə bütün fəaliyyəti boyu və xüsusilə də "Füyuzat" jurnalındakı yazıları ilə Azərbaycanda türkçülük ideyalarının yaranıb inkişaf etməsinə və bütün türk dünyasında bu ideyaların yayılmasına xidmət etdi.

Ülviyyə Tahirqızı