Yeni siyasi mədəniyyət Layihə

Yeni siyasi mədəniyyət

Hüseyn İbrahimov: "Siyasi plüralizmin inkişafına daha geniş imkan yaradılmalıdır"
Azərbaycanda siyasi mədəniyyət özünəməxsus inkişaf yolu ilə, siyasi təkmilləşmənin davamlı tətbiqi ilə seçilir

Siyasi mədəniyyət çox geniş anlayışdır. Bu anlayışa təkcə mühüm siyasi, sosial və digər problemləri həll etmək vərdişləri və bacarıqları deyil, həm də siyasi mübarizə təcrübəsi, məğlubiyyətlər və qələbələr, yüksəliş və tənəzzül halları, xalqın sıx birləşməsi və mütərəqqi dəyişiklikləri həyata keçirmək üçün səmərəli üsullar daxildir.
Fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi Hüseyn İbrahimov bildirdi ki, siyasi mədəniyyət anlayışını elmə ilk dəfə fransız politoloqları Almond və Verba gətirib: "Hər iki alimin apardığı araşdırmanın məqsədi fərdin və toplumun siyasi sistem daxilində oynadığı rolun, eləcə də Qərb siyasi həyat tərzinin mahiyyətini təşkil edən demokratiyanın mədəni özüllərini müəyyənləşdirmək olub. Almond hesab edirdi ki, siyasi mədəniyyətin xarakteri siyasi sistemdə müəyyən norma, davranış və inamlarla ifadə edilir. Onun həmkarı Verba isə siyasi mədəniyyəti fərdin siyasi sistemi bütövlükdə psixoloji cəhətdən dərk etməsi kimi xarakterizə edir.
Siyasi mədəniyyət mücərrəd bir proses kimi məkan və zamandan asılı olmayaraq formalaşmır. Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir.
Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyət bir tərəfdən siyasi sistemin legitimliyini və səmərəli işini təmin edirsə, digər tərəfdən o, siyasətçilərin və onların təmsil etdikləri qüvvələrin "oyun qaydalarından" tutmuş geniş xalq kütlələrinin siyasi proseslərə münasibətinədək olan səviyyəni bildirir". O, həmçinin əlavə edib ki, siyasi mədəniyyət cəmiyyətin mənəvi potensialının tərkib hissələrindən biridir: "Onu ümumi mədəniyyətdən ayırmaq müəyyən mənada şərtidir, çünki mənəvi mədəniyyətin hüquqi, əxlaqi, estetik və s. sahələri bu və ya digər formada siyasi mədəniyyətə daxildir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir. Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək formalaşmışdır. Sovet totalitarizmindən çıxmış Azərbaycan cəmiyyətinin yeni siyasi mədəniyyəti formalaşmağa başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət stabil şəkil aldı. Bu siyasi mədəniyyətin formalaşmasını şərti olaraq 3 mərhələyə bölmək olar:
- 1992-1999-cu illər;
- 2000-2005-ci illər;
- 2005-ci ildən başlanan mərhələ.
Əsasən Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir".
Hüseyn İbrahimov əlavə edib ki, siyasi mədəniyyətin formalaşmasında və inkişafında çoxpartiyalılığın böyük rolu olub: "1993-cü ildən bu günə qədər Azərbaycanda fəaliyyət göstərən müxalifət siyasi partiyaları öz mübarizə üsullarını xeyli təkmilləşdiriblər. Yaxın tarixə nəzər saldıqda bu partiyaların bir çoxunun nizamnaməsi ilə fəaliyyətlərinin təzad təşkil etdiyini yəqin etməmək mümkün deyildi. Siyasi fəaliyyətdə yalnız populizmlə silahlanan müxalifət partiyalar bu illərində yalnız bir neçə "üzvünü" cəmiyyətin ictimai rəyinə tanıda bildi. Siyasi mədəniyyətin ictimai rəyin formalaşmasında oynadığı aktiv və çevik rolunu nəzərə almayan bu şəxslərin "təkrar populizmi" özlərinə qarşı yönəlmiş oldu. Tutduqları siyasi mövqe və sistem onlara heç bir uğur gətirməməklə yanaşı, cəmiyyət həyatından daha da təcrid olunmaları ilə nəticələndi.
Sistemli şəkildə səhv etdiklərinin fərqinə varan müxalifət 2003-cü ildən başlayaraq formalaşan yeni siyasi mədəniyyət mərhələsində öz fəaliyyətlərini dəyişdirməyə başladı və siyasi hakimiyyətin uğurlarını etiraf etmək yoluna qədəm qoydu. Aparılan müşahidələr göstərir ki, Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasının 3-cü mərhələsi 2005-ci ildən başlanıb. Məhz bu tarixdən etibarən Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni cəhətini müşahidə etmək olur. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması, bütün bunlarla yanaşı ölkədə siyasi məhbus probleminin aradan qaldırılması bu dövrün əsas cəhətlərindəndir".
Hüseyn İbrahimovun fiurincə, doğrudan da siyasi mədəniyyətin formalaşma mərhələsi artıq başa çatıb: "Bu xarakterik siyasi mədəniyyətdən kənarda heç bir siyasi fəaliyyət təsəvvür olunmur. 2008-ci ilin prezident seçkiləri isə bu istiqamətdə daha böyük irəliləyiş idi. Bu seçkiləri müşahidə edən müxalifətyönümlü monitorinq qrupları özləri də bəzi müxalifət partiyalarının 2008-ci il prezident seçkilərində iştirak etməməsini "onların öz elektoratlarını itirməsi" kimi qiymətləndirdilər. Göründüyü kimi, bu seçkilərdə 15 il fəaliyyət göstərən bəzi partiyalar müəyyən mənada reallığı başa düşərək yalnız siyasi piarın qara maşını ilə mübarizə taktikalarının səmərəsiz olduğunu yəqin etdilər və yeni siyasi mədəni kurs axtarmağa başladılar. Artıq siyasi mübarizə üsullarında postsovet ənənəsi azalıb və bunun özü də yeni siyasi mədəniyyət düşüncəsi hesab edilə bilər.
2008-ci il prezident seçkiləri yeni siyasi mədəniyyətin formalaşması dövrü kimi xüsusi qeyd edilə bilər. Sözsüz ki, yeni siyasi mədəniyyət kontekstində bu seçkilər heç bir müdaxilə olmadan keçirildi.
Ümumiyyətlə, aparılan tədqiqatlar göstərir ki, Azərbaycan sosial mədəni dəyişikliklər baxımından uğurlu yoldadır. Son illər Azərbaycan əhalisinin sosial həyat tərzində baş verən dəyişikliklər də əhalinin siyasi mədəniyyətinə müsbət təsirlərini göstərib. Azərbaycan seçicisi populist radikalizmin deyil, islahatların və sabitliyin "radikalı"dır".
Onun sözlərinə görə, sosioloji sorğular göstərir ki, ölkə əhalisi siyasi sistemə münasibətdə olduqca informativ və aktivdir: "Siyasi sistemin sabitliyinə və davamlığına xalqın rəyi dəyişilməzdir. Azərbaycanda siyasi mədəniyyətin formalaşması həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülməlidir. Müasir Azərbaycanın sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməkdə və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir. Nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşıb.
2008-ci ilin prezident seçkiləri bu siyasi mədəniyyətin nəticəsi olaraq xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan seçicisinin öz namizədini seçməkdə yüksək aktivlik göstərməsi seçkilərin insidentsiz başa çatması, hətta müxalifət elektoratının müəyyən qisminin seçki zamanı hakim partiyanın namizədi lehinə səs verməsi Azərbaycanın siyasi mədəniyyət tarixinin yeni səhifəsi kimi yadda qalandır. Nəticə etibarilə Azərbaycan ictimaiyyətinin siyasi mədəniyyət səviyyəsinin göstəriciləri artıq müəyyən dəyərlərə ehtiramı ilə seçilir...
Siyasi mədəniyyətin mühüm komponenti milli dövlət simvolları və ideyalarıdır. Bəzi politoloqlar siyasi mədəniyyəti, hətta "simvolik sistem" adlandırmağı təklif edirlər. Məsələn, Ditmerin fikrincə, siyasi mədəniyyət "siyasi kommunikasiya" termini ilə ifadə edilən, daha geniş bir sistemə daxil olan siyasi simvollar sistemidir. Doğrudan da, dövlət bayrağı, himn, Konstitusiya, bayramlar, pul nişanları, gerb və s. kimi simvollar tarixən həmişə dövlətin ümumi atributu kimi onu möhkəmləndirməyə xidmət edib".
Hüseyn İbrahimov onu da əlavə edib ki, Azərbaycanda daha davamlı siyasi mədəniyyətin formalaşması həm ölkəmiz, eləcə də region üçün böyük müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır: "Azərbaycanın dövlət rəmzlərinin qorunmasının Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə referendum yolu ilə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında yeni mərhələnin göstəricisidir.
Prezident və məmur münasibətlərində yeni davranış normalarının formalaşmasına önəm verilməsi ölkədə demokratik siyasi mədəniyyətin inkişafına şərait yaradır. Aparılan tədqiqatlar sübut edir ki, ölkə Prezidentinin müasir Azərbaycanın siyasi mədəniyyətinin geniş vüsət almasında böyük rolu var. Azərbaycanda 2008-ci ilin sonunda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında" qanun layihəsi müzakirə edildi. Bu referendumda Azərbaycanın dövlət rəmzlərinin qorunmasının Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında yeni mərhələnin göstəricisidir.
Beləliklə, Azərbaycanda siyasi mədəniyyət həm özünəməxsus inkişaf yolu ilə, həm də siyasi təkmilləşmənin davamlı tətbiqi ilə seçilir".

Əli