İrəvan quberniyasında azərbaycanlıların soyqırımı arxiv sənədlərində Layihə

İrəvan quberniyasında azərbaycanlıların soyqırımı arxiv sənədlərində

1-yazı

XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Ermənilərin havadarlarının dəstəyi ilə həyata keçirdikləri soyqırımların başlıca məqsədləri müəyyən ərazidə digər bir xalqın varlığına son qoymaq hesabına özlərinə müstəqil dövlət yaratmaqdan ibarət olub. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” araşdırmasında bildirilir ki, tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistan Respublikasının rəsmi dövlət qurumları tərəfindən həmin illərdə yenidən silah gücünə etnik təmizləmə siyasəti həyata keçirilib. Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklər, azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi bərədə o dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar əksini tapıb.
Sovet hakimiyyəti illərində “xalqlar dostluğu” pərdəsi altında mövcud arxiv sənədləri elmi-tədqiqat dövriyyəsindən kənarda saxlanılıb. Yalnız XX əsrin sonunda Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra ermənilərin azərbaycanılara qarşı Bakı, İrəvan, Gəncə quberniyalarında törətdikləri soyqırımlara aid sənədlər tədqiqatçıların istifadəsinə verilib. Son dövrdə İrəvan quberniyasına azərbaycanlıların soyqırımına aid sənədləri özündə əks etdirən bir sıra sənədlər topluları işıq üzü görüb. 1990-cı ildə “Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə” toplusu çap edilib.
1918-1920-ci illərdə ermənilərin havadarlarının köməyi ilə İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı törətdikləri soyqırım və rəsmi dövlət orqanları tərəfindən həyata keçirilən etnik təmizləmə aksiyasına dair sənədlər Azərbaycan Respublikası Dövlət Arxivindəki fondlarda – Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin fondunda (fond 890), Daxili İşlər Nazirliyinin fondunda (fond 894), Xalq Cümhuriyyəti Parlamentinin fondunda (fond 895), Azərbaycanın Gürcüstandakı Diplomatik Nümayəndəliyinin fondunda (fond 897), Hərbi Nazirlik yanında Baş Qərargahın baş İdarəsinin fondunda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Xalq Cümhuriyyəti dövrünə aid seçmə sənədlər fondlarında (fond 276, 277), Xalq Cümhuriyyəti hökuməti yanında Fövqəladə İstintaq Komissiyasının fondunda (fond 1061) cəmləşib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi münasibətilə 1998-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin çap etdirdiyi sənədlər toplularına 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı təsdiqləyən sənədlər daxil edilib.
Azərbaycan Milli Arxiv İdarəsinin təqdim etdiyi arxiv sənədləri Türkiyə Cümhuriyyəti Başbakanlık Devlet Arşivleri Genel Müdürlüyü tərəfindən “Azerbaycan belgelerinde ermeni sorunu. 1918-1920” sənədlər toplusu şəklində Ankarada çap olunub. Azərbaycan Xalq Cümhuriyyəti qurulanadək İrəvan quberniyası ərazisində və Qars vilayətində ermənilərin azərbaycanlılara qarşı törətdikləri insanlıqdan xaric əməlləri Milli Arxiv İdarəsinin çap etdirdiyi “Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları. 1918-ci il” sənədlər toplusuna daxil edilib.
2011-ci ildə AMEA-nın Tarix İnstitutu “Azərbaycan tarixi: ilk mənbələr” layihəsi çərçivəsində üçcildlik “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı” sənədlər toplusu çap etdirib. Həmin sənədlər toplusunun 2-ci cildinin 2-ci kitabı İrəvan quberniyasında azərbaycanlılara qarşı törədilən soyqırıma aid sənədləri özündə əks etdirir.
1918-1920-ci illərdə ermənilərin Türkiyədə və indiki Ermənistan ərazisində müsəlmanlara qarşı törətdikləri kütləvi qırğınlara aid sənədlərin bir qismi Genelkurmay Askeri Tarih ve Stratejik Etüt (ATASE) Daire Başkanlığının yayınladığı 8 cilddən ibarət “Arşiv Belgeleriyle Ermeni Faaliyetleri (1914-1918)” kitablarına daxil edilib. Başbakanlık Devlet Arxivleri Genel Müdürlüyünün yayınladığı “Arşiv Belgelerine Göre Kafkaslarda ve Anadoluda Ermeni Mezalimi” sənədlər toplularına “məzlum ermənilərin” törətdikləri vəhşilikləri göz önündə sərgiləyən sənədlər daxil edilib.
1918-1920-ci illərdə Cənubu Qafqazda fəaliyyət göstərən diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndəliklərinin bir çox yazışmalarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edilir. Həmin sənədlərin bir qisminin son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşları tərəfindən surətləri çıxarılaraq Azərbaycana gətirilimiş və elmi-tədqiqat dövriyyəsinə cəlb edilib. İstər Azərbaycan, istər Türkiyə, istərsə də bəzi xarici dövlətlərin arxivlərində mövcud olan sənədlər, həmçinin dövri mətbuat materialları 1918-1920-ci illərdə ermənilərin İrəvan quberniyasında azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların soyqırım mahiyyəti daşıdığını sübut edir.
Bu gün Ermənistan adlanan dövlətin əsası 1918-ci ildə tarixi Azərbaycan torpağı olan keçmiş İrəvan xanlığının ərazisində qoyulub. Nazim Mustafa yazır ki, İrəvan xanlığının əhalisinin etnik tərkibini əsasən oğuz və qıpçaq türkləri təşkil edib. Tarixi qaynaqlar göstərir ki, bu ərazilərdə əsasən qaraqoyunlu, ağqoyunlu və qızılbaş tayfa birliklərinə daxil olan bayat, əfşar, səədli, baharlı, bayandur, qacar, şamlı, rumlu, ustaclı, təkəli, ayrımlı, muğanlı və s. kimi tayfalar yaşayıblar. Bu bölgədə ermənilər az miqdarda, kilsələrin ətrafındakı kəndlərdə yaşayırdılar.
1827-ci il oktyabrın 1-də isə İrəvan qalasının rus qoşunları tərəfindən ələ keçirilməsi ilə İrəvan xanlığı süqut edib. 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatılıb. Bundan sonra Cənubi Azərbaycandan 40 mindən artıq erməninin Şimali Azərbaycanın Qarabağ, İrəvan və Naxçıvan bölgələrində kompakt şəkildə məskunlaşdırılmasına başlanılıb. 1829-cu il sentyabrın 14-də Rusiya ilə Türkiyə arasında imzalanan Ədirnə müqaviləsinə əsasən Türkiyə ərazisindən də təqribən 90 min erməni Cənubi Qafqaza köçürülüb.
1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarını əhatə edən ərazidə “Erməni vilayəti” yaradılmışdı. 1840-cı ildə Erməni vilayəti buraxılmış, əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilmişdi.
Rus qafqazşünası İ.Şopenin 1829-1831-ci illərdə “Erməni vilayəti”ndə apardığı siyahıyaalınmanın nəticələrindən məlum olur ki, təkcə 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57266 nəfər erməni köçürülüb. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmisi 25131 nəfər erməni yaşamışdı ki, onların da əksəriyyəti 1801-ci ildə rus qoşunlarının Cənubi Qafqaza daxil olmasından sonra müxtəlif yerlərdən gələrək həmin ərazilərdə məskunlaşmışdılar. Müharibələr nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən azərbaycanlıların xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749 nəfər azərbaycanlı qalmışdı.
İ.Şopenin verdiyi statistik məlumatların təhlili göstərir ki, İran və Türkiyədən köçürülüb gətirilən ermənilər İrəvan xanlığının 119 kəndində, Naxçıvan xanlığının 72 kəndində, Türkiyədən köçürülən ermənilər İrəvan xanlığının 128 kəndində, Naxçıvan xanlığının 4 kəndində yerləşdirilmişdilər. Köçürülmələr nəticəsində İrəvan xanlığının ərazisində azərbaycanlılarla ermənilərin qarışıq yaşadıqları 50, Naxçıvan xanlığının ərazisində isə 35 kənd meydana çıxmışdı.
Rus tədqiqatçısı N.Şavrovun Qafqazdakı inqilabi hərəkatın tarixinə dair 1910-cu ildə yazdığı və hazırda Rusiya Dövlət Tarix Arxivində saxlanılan “Oçerklər” əsərində qeyd edir ki, “Erməni xalqı Cənubi Qafqazın istilasınadək burada hər hansı yüksək mövqeyə malik deyildi. Ermənilər əsas etibarilə Türkiyədə və İranda yaşayırdılar və onların yalnız cüzi bir hissəsi Cənubi Qafqazın bəzi yerlərində məskunlaşmışdı. Daha sonra digər bəzi yerlərdə ayrı-ayrı şəxslər yaşayırdı, qismən erməni-qriqorian məzhəbinə qulluq edən müxtəlif millətlərə məxsus kəndlər mövcud idi. Ermənilərin Cənubi Qafqaza köçürülməsi İran və Türkiyə ilə 1828-1829-cu illər müharibəsindən sonra başlanıb”.
N.Şavrov “Cənubi Qafqazda rus işinə yeni təhlükə” əsərində isə yazır: “1826-28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən məhsuldar dövlət torpaqlarında yerləşdirmişdik, hansı ki, orada erməni əhalisi cüzi idi. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik. Onların yerləşdirilməsi üçün 200 min desyatindən çox dövlət torpağı ayrılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahili həmin ermənilərlə məskunlaşdırılmışdı. Nəzərə almaq lazımdır ki, 124 min nəfər rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olub və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır”.
1873-cü ildən 1897-ci ilədək İrəvan quberniyasının erməni əhalisi 292 min nəfərdən 441 min nəfərə çatmışdı. Başqa sözlə, erməni əhalisi həmin müddətdə təqribən 50 faiz artmışdı ki, bu da əsasən xaricdən gələn ermənilərin hesabına başa gəlmişdi.
Mərkəzi İrəvan şəhəri olan İrəvan quberniyası şimaldan Tiflis quberniyası, şimal-şərqdən Yelizavetpol (Gəncə) quberniyası ilə, cənubdan İranla, qərbdən Türkiyə ilə həmsərhəd idi. Osmanlı Türkiyəsini parçalamaq üçün Qərb dövlətlərinin ortaya atdıqları “Şərq məsələsi”nin tərkib hissəsi kimi meydana çıxan qondarma “erməni məsələsi”nin həll etmək üçün ermənilər, havadarlarının hər cür dəstəyi ilə silahlı üsyanlar və terror yolunu tutmuşdular. Lakin Türkiyə ərazisində “erməni muxtariyyəti”nin silahlı üsyanlar və terror yolu ilə əldə edilməsinin mümkünsüzlüyünü görən “Daşnaksutyun” və “Hnçak” partiyaları XX əsrin ilk illərində öz proqramlarında dəyişiklik edərək, fəaliyyətlərinin ağırlıq mərkəzini Türkiyə ərazisindən Cənubi Qafqaza keçirmişdilər.
Elçin Qaliboğlu