“Güzgü atəşkəsi real nəticə verə bilərmi?”
5 May 20:58

Azərbaycanın müstəqillik tarixində Silahlı Qüvvələrimiz ilk dəfə Qələbə Paradı keçirəcək. 44 günlük qalibiyyətli Vətən Müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan edən ordumuz, bu parlaq zəfərini 10 dekabrda Bakıda Azadlıq Meydanından dünyaya nümayiş etdirəcək.
Dekabrın 10-da qələbə sevincimizi Qələbə Paradını keçirməklə qeyd edəcəyik. İşğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş edəcəyik. Bu günü xalqımız səbirlə gözləyirdi və bu gün gəldi.
Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 10-da keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Qələbə Zəfəri ilə keçiriləcək Qələbə Paradının həsrətini düz 30 il idi ki, gözləyirdik. Və sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Bu böyük qələbəmizdir. Bu qələbə münasibəti ilə keçiriləcək parad həm də o topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı olacaq. Nəhayət, bu Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin, Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ Azərbaycandır! Müqədəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək paradı olacaq. Bu parad torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu, intizarında və həsrətində olacağımız parad olacaq!
Savaşda Azərbaycandan siyasi, mənəvi dəstəyini əsirgəməyən, müttəfiqliyin, qardaşlığın ən mükəmməl örnəyini ortaya qoyan Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Bakıya gələrək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə birgə paradı qəbul edəcək.
Müdafiə Nazirliyi Ordumuzun zəfər tədbirinə hazırlaşdığını bəyan edib. Cəmiyyətinin əsas diqqəti qalibiyyətli müharibənin nəticələri, bundan sonra qarşıda duran vəzifələrlə bağlı ictimai müzakirələrə yönələrkən, bəzi qüvvələr ortaya xalqın ovqatına uyuşmayan mövzular atıb. Türkiyə Ordusunun Azərbaycana gəlməsi, Dağlıq Qarabağa yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə nəzarət həyata keçirməsi bəzi qüvvələrdə narahatlıq doğurub.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rəhbəri Sadiq Qurbanov bildirib ki, 44 günlük Vətən Müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyinin əvəzsiz olduğunu vurğulayıb. Millət vəkili başqa iki ölkə arasında bu dostluq, qardaşlıq münasibətlərinin analogiyasının olmadığını deyib: “Bu cür təmənnasız birlik, dövlət maraqlarının birgə müdafiə olunması, ən çətin məqamlarda belə böyük riskləri gözardı edərək ortaya güclü iradə qoyulması beynəlxalq münasibətlər sistemində yeni bir örnəkdir”.
Komitə sədri xüsusi vurğulayır ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. “Qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu güclü əli hiss etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə Paradında iştirakını yüksək dəyərləndirirəm. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcədə düşmənə, onun havadarlarına yaxşı mesaj olacaq”.
Sadiq Qurbanov maraqlı bir təklif də səsləndirib: “Azərbaycan düşmən üzərində möhtəşəm zəfər qazanaraq həm də Dağlıq Qarabağ münaqişəsinin həllində 27 ildə ortaya səmərəli bir fəaliyyət qoya bilməyən BMT və ATƏT-i ağır məsuliyyətdən qurtarıb. Ona görə də yaxşı olardı, dekabrın 10-da keçiriləcək Qələbə Paradında BMT Təhlükəsizlik Şurasının üzvlərindən birinin nümayəndəsi çıxış edib Azərbaycana təşəkkürünü bildirərdi. Yaxud, təşəkkür məktubu göndərsələr də olar. Çünki Azərbaycan ordusu bölgədə ədaləti, beynəlxalq hüququn aliliyini təmin edib, BMT Təhlükəsizlik Şurasının 27 ildir icrasız qalan qətnamələrinin icrasını təmin edib”.
Komitə sədri Azərbaycanda Türkiyə əlehinə səsləndirilən bəzi fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, yaxın tarixə nəzərə salsaq görərik ki, ölkədəki “beşinci kolon” fürsət düşdükcə dirçəlməyə, aktivləşməyə cəhd edir: “Fikrimcə, hazırda gedən proseslərdən yanlış nəticələr çıxarıb ictimai fikri manipulyasiya etmək cəhdləri əbəsdir. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir, 44 günlük müharibə zamanı da çox məsələlər aydınlaşdı. Azərbaycan 27 sentyabrdan əvvəlki ölkə deyil, ondan əvvəl də, indi də xalqın mütləq dəstəyi ilə Prezident, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxili və xarici siyasətində daha böyük əzmlə addımlar atır. Ölkəmizin milli maraqları qorunur, dünyada nüfuzu yüksəlir, daxildə milli birlik, həmrəylik güclənir. Bu siyasətə uyğunlaşmayan, narahat olan “beşinci kolon” nümayəndələri cəmiyyətimizdən layiq olduqları münasibəti görürlər və görməkdə davam edəcəklər”.
Milli Məclisin deputatı Soltan Məmmədov isə deyib ki, tarixi kontekstdən baxdıqda Azərbaycan böyük strateji qələbə qazanıb. Bu qələbənin geosiyasi, iqtisadi nəticələri bütün parametrləri ilə yeni bir mərhələnin əsasını qoyur.
Deputat bildirib ki, Laçının azad olunması ilə 30 ilə yaxın davam edən işğala son qoyuldu. Bundan sonrakı dövrdə isə həm iqtisadi, həm də siyasi reallıqlar Azərbaycanın nüfuzunun, təsir imkanlarının daha da güclənəcəyini söyləməyə əsas verir. “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu yeni reallığı Azərbaycan yaradıb. Yaranmış imkanlardan Cənubi Qafqaz ölkələri ilə yanaşı, regionda maraqları olan bütün dövlətlər faydalana biləcək. Kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpasına və inkişafına imkan verən proseslər, davamlı təhlükəsizliyin təmin olunmasını şərtləndirən amillər bütün maraqlı tərəflərin faydalanması üçün böyük perspektivlər deməkdir”.
Soltan Məmmədov 44 gün davam edən Vətən müharibəsinin uğurla nəticələnməsində dövlətin həyata keçirdiyi düşünülmüş strategiyanın həlledici rol oynadığını qeyd edib. Deputatın fikrincə, məhz dövlət başçımızın qətiyyəti, xalqın inamına söykənən iradəsi əldə olunmuş uğurun əsasını təşkil edir. “Azərbaycana güzəştlərə getmək, ərazisinin bir hissəsinin itirilməsi ilə barışmaq üçün müxtəlif dövrlərdə təzyiqlərin olduğu heç kimə sirr deyil. Lakin Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa, tarixə əsaslanırdı. Prezident də bu mövqeyi kifayət qədər qətiyyətlə, uzaqgörənliklə müdafiə etdi, bütün geosiyasi, iqtisadi, hərbi reallıqlar bizim xeyrimizə dəyişdi. Qələbə məhz bu amillərin sayəsində mümkün oldu”.
İşğaldan azad olunmuş torpaqların Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayacağını bildirən Soltan Məmmədov hesab edir ki, bu bölgənin təbii sərvətləri, kənd təsərrüfatı, turizm imkanlarından səmərəli istifadə etmək üçün bütün zəruri addımlar atılacaq. “Azərbaycanın mövcud maliyyə imkanları, iqtisadi durumu, insan resursları, eyni zamanda, yürütdüyü praqmatik, düşünülmüş siyasət onu deməyə əsas verir ki, biz qısa müddətdə işğal nəticəsində dağıdılmış əraziləri bərpa edə biləcəyik. Bunun üçün bütün imkanlar mövcuddur”, - deyən deputat vurğulayıb ki, iqtisadi güc, təbii sərvətlər inkişaf üçün mühüm amillərdir. Ancaq müasir dövrdə həm də düşünülmüş strategiya, siyasi iradə bunlardan heç də az rol oynamır. Azərbaycan dövlətinin də siyasi iradəsi, yeni reallıqlar fonunda gələcəyə strateji baxışı mövcuddur. Əminliklə demək olar ki, nəinki Azərbaycan, bütün Cənubi Qafqaz öz tarixinin yeni bir mərhələsinə qədəm qoyur. Bu mərhələdə həlledici təsir imkanlarına malik dövlət isə Azərbaycan olacaq.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, 44 günlük müharibə və siyasi-diplomatik gedişlər Ermənistanın siyasi-ideoloji əsaslarını da məhv etməkdədir. Əgər 44 günlük müharibə Ermənistanın hərbi texnikasını, silahlı qüvvələrini məhv etdisə, 10 noyabr üçtərəfli Bəyanat Yerevanın diplomatik cəbhədə darmadağın edilməsi ilə nəticələndi. Bunun nəticəsidir ki, hazırda Ermənistan dövləti dərin siyasi-ideoloji böhran yaşamaqdadır. Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın zəfərləri fonunda Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə gedir: “Vaxtilə Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı qətliamlar həyata keçirmiş, faşizmi Ermənistan dövlətinin ideologiyasına çevirmiş sarkisyanlar, köçəryanlar, bir qrup cinayətkar Qarabağdakı məğlubiyyətə görə mövcud siyasi hakimiyyəti günahlandırır, Paşinyan da açıq şəkildə ona etiraz edənləri təhdid edir, ictimai fəallar Ermənistanın baş nazirinin trol fabriklərini ifşa edir, müxalifətin baş nazirliyə namizədi Manukyan isə xalqını “heyvan” adlandırır. Belə vəziyyət bir daha onu göstərir ki, Ermənistanı dərin xaos gözləyir. Sarkisyan-Koçaryan cütlüyünün bu gün yenidən hakimiyyət uğrunda mübarizəyə qoşulması kənardan çox acınacaqlı və miskin görünür. Görəsən, bunlar hansı üzlə yenidən Ermənistanın sükanı arxasına keçmək istəyirlər? Diz çökən, rüsvayçı məğlubiyyətə düçar olan ordunu bunlar yaratmamışdımı?”.
Cavid