“Əhalinin sosial hüquqi maariflənməsinə böyük ehtiyac duyulur” Layihə

“Əhalinin sosial hüquqi maariflənməsinə böyük ehtiyac duyulur”

Xanoğlan Əhmədov: “Əhalinin sosial hüquqlarını bilməməsi bir çox hallarda onların hüquqlarının pozulmasına gətirib çixarır”

Azərbaycanda vətəndaş cəmiyyətinin ən fəal, önə çıxan struktur elementlərindən biri qeyri-hökumət təşkilatlarıdır (QHT). Bu səbbədən də QHT-lər vətəndaş cəmiyyətinin önəmli hissəsinə çevrilib.
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovla söhbətimizdə təşkilatın fəaliyyəti barədə danışdıq.
X.Əhəmdov bildirdi ki, təşkilat olaraq müxtəlif zamanlarda çoxsaylı layihələr həyata keçiriblər ki, bütün bunlar vətəndaş cəmiyytətinin inkişafına töhfə verib. O, icra etdikləri son layihə barədə də danışdı: “Təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri”adlı layihə həyata keçirib. Layihənin məqsədi vətəndaşların (qadınlar, əlillər, aztəminatlılar və s.) ərizə və müraciətlərinə baxılması vəziyyətinin araşdırılması nəticəsində bu sahədə mövcud olan problemləri aşkarlamaq və həlli yollarını göstərmək idi. Eyni zamanda, sosial-hüquqi maarifləndirmə xidmətini təşkil etməklə vətəndaşların sosial hüquqi maariflənməsinə nail olmaq, onları qanunlarımızla tanış etmək, sosial hüquq pozmalarının qarşısını almaqda, hüquqlarının qorunmasında vətəndaşlara yardım göstərmək, ictimai şüurda hüquq mədəniyyətini inkişaf etdirmək idi”.
X.Əhmədov əlavə etdi ki, hazırda respublikamızda vətəndaşların rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrin uğurla icra olunması istiqamətində böyük layihələr həyata keçirilir: “Dövlət orqanlarında vətəndaşlara xdmət sahəsində bürokratik əngəllərin aradan qaldırılması, ASAN xidmətin uğurlu tətbiqi, korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl işlərin görülməsi təqdirəlayiqdir. Lakin bütün bunlarla yanaşı bir sıra hallarda yerli icra orqanları tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığı və s. hallarla rastlaşırıq. Belə ki, vətəndaşların müraciətlərinə, problemlərinə laqeyd münasibət və onların müraciət etmək hüququnun pozulması halları hələ də mövcuddur.Vətəndaşların müraciətlərinin təhlili, onların yaranma səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz. Lakin vətəndaşlara əsaslı cavab verilməyəndə onlar öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara növbəti müraciət göndərir ki, bu da təkrar və çoxsaylı müraciətlərin yaranmasına səbəb olur. Unutmaq olmaz ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biridir. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müvafiq qanunda göstərildiyi kimi, qanunçuluğun tətbiqi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılmasıdır. Eyni zamanda, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi, vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bütün dövlət qurumlarından və vəzifəli şəxslərdən tələbi budur ki, həmin prinsiplər daim rəhbər tutulsun. Prezident 2019-cu il yanvarın 29-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda deyib: "Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər”. Əhalinin sosial hüquqi maariflənməsinə böyük ehtiyac duyulur. Əhalinin sosial hüquqlarını, sosial qanunvericiliyi bilməməsi bir çox hallarda onların hüquqlarının pozulmasına, rüşvətxorluq, qeyri-şəffaf fəaliyyət, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifqadə etməsinə və ya bu səlahiyyətləri aşmasına gətirib çixarır ki, bu da sonda vətəndaşlar tərəfindən haqlı olaraq sosial narazılıqla qarşılanır. Bu problemlər dairəsinə yerlərdə torpaq islahatları, sosial müavinətlərin verilməsi, pensiyaların düzgün təyin edilməsində buraxılan nöqsanlar, yerli icra orqanlarının nümayəndələrinin vətəndaşların sosial hüquqlarının bəzi hallarda izah olunmasında fəallıq göstərməməsi daxildir ki, nəticədə kənd və rayonlarda növbələr, şikayətçilərin sayının artması ilə müşahidə olunur”.
Onun sözlərinə görə, layihənin gedişində bəlli olub ki, bu gün geniş əhali kütləsinin insan hüquq və azadlıqları, sosial qanunvericilik sahəsində kütləvi maariflənməsinə, məhkəmə-vəkil, hüquqşünas xidmətindən fəal istifadə etmə imkanına malik olmasına, öz hüquqlarını durmadan təbliği və qorunmasına cəmiyyətimizin də, dövlətimizin də ehtiyacı var: “Layihənin məqsədi ilə bağlı məlumatlandırdığımız vətəndaşlar maarifləndirici tədbirlərin kütləviliyinin təmin edilməsinin zərurətini qeyd ediblər. Onlar belə bir arzularını ifadə ediblər ki, layihə çərçivəsində müzakirə edilən məsələlər dövlət və özəl TV-lərdə də müzakirəyə çıxarılsın və daha geniş auditoriyanı əhatə etsin. Bütün bunlar Media və Mülki Cəmiyyət İctimai Birliyinin 2005-ci ildə yarandığı vaxtdan insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığı, vətəndaşların müraciətlərinə, problemlərinə laqeyd münasibət, həmçinin insan hüquqları sırasında xüsusi yeri olan, digər hüquqlardan istifadədə böyük əhəmiyyət daşıyan müraciət etmək hüququnun pozulma hallarının üzə çıxarılması və qarşısının alınması istiqamətində sərgilədiyi maarifçilik fəaliyyətinə etimad və marağın göstəricisi kimi də qəbul edilə bilər”.

X.Əhmədov əlavə edib ki, layihənin həyata keçirilməsi təşkilatın ictimaiyyətlə əlaqələrini genişləndirdi: “Mətbuatda layihə ilə bağlı gedən informasiyaların çoxluğu mövzuya və QHT-nin fəaliyyətinə ictimai marağın göstəricisi kimi qəbul oluna bilər. Vətəndaşlarla birbaşa təmas və “Qaynar xəttə” edilən zənglər zamanı onları maraqlandıran suallara cavab tapdıqlarını bildirib, analoji tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Layihə başa çatdıqdan sonra da öz səmərəliliyini davam etdirəcək. Çünki layihə nəticəsində əldə ediləcək informasiya bazasından tədqiq olunan sahədə vəziyyətin yaxşılaşdırılmasına dəstək üçün istifadə ediləcək. Bu məqsədlə çap olunub paylanılan materiallardan insanlar daha geniş və dərin məzmunlu biliklər qazanıblar. Nəticədə, vətəndaş müraciətlərinə baxılması zamanı yol verilən qüsurların qismən aradan qaldırılmasına, məmurlar tərəfindən qanunlara hörmətlə yanaşılmasına nail olunub. Təşkilatın həyata keçirdiyi bu layihə çərçivəsində görülmüş işlər, aparılmış monitorinq əhali və dövlət qurumları tərəfindən yüksək qiymətləndirilib...
Beləliklə, layihənin nəticəsi olaraq müsair günümüzdə vətəndaşların bir çox hallarda Konstitusiyanın bizə verdiyi hüquq və azadlıqlar haqqında bilik və məlumatlarının yetərincə olmaması, bu sahədə maarifçiliyin lazımi səviyyədə aparılmaması, təhsil, sağlamlıq, yaşayış, nigah, mənzil, əmək, prezumpsiya və digər mühüm hüquqlarımızın pozulması faktlarını artırır. Mənzil İstismar İdarələrində arayış və formaların alınması, bəzən təhsil müəsisəsi rəhbərliyinin müxtəlif adlarla qanunsuz maddi yığımları, tikinti sektorunda vətəndaşların, fəhlələrin əmək müqaviləsi olmadan əməyinin istismarı, mənzillərin alqı-satqısı zamanı hüquq pozmaları, məhkəmə instansiyalarındakı get-gəllər bu gün cəmiyyətimizdə baş verən neqativ proseslərdəndir. Bölgələrdə yaşayan əhalinin müəyyən bir qisminin ali təhsilli və ya hüquqi cəhətdən savadlı olmamaları, hətta, dövlət orqanlarına məktub və ərizələrlə necə müraciət etməyi belə bilməmələri, bir çox hallarda onları hüquqlarının arxasınca getmək fikrindən daşındırır, “reallıqla hesablaşmağa” sövq edir. Müxtəlif instansiyalardan şikayətlərinə cavab ala bilməyən vətəndaşların çoxluğu günümüzün real faktlarındandır və bu səbəbdən yol verilən nöqsanlar, onların səbəbləri araşdırılmış və öyrənilib. Ekspertlər və monitorinq qrupu tərəfindən müəyyən olunmuş mövcud problemlərin həll yolları ictimaiyyətə təqdim olunub. Eyni zamanda, KİV vasitəsi ilə iİctimaiyyətin diqqəti layihədə önə çəkilmiş problemlərə cəlb edilib.
Layihədən hər şeydən əvvəl vətəndaşlar, müvafiq dövlət qurumları, yerli QHT-lər, icmalar, yerli özünüidarəetmə orqanları faydalanıb.
- Layihə çərçivəsində keçirilən bütün fəaliyyətlər yerlərdə vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə, bu sahədəki problemlərin həllinə yardım göstərmiş, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq artıb.

- Layihə vətəndaşlar tərəfindən haqlı olaraq sosial narazılıqla qarşılanan sosial hüquqların, sosial qanunvericiliyin və digər hüquqların pozulması problemlərinin ictimai rəyin diqqətinə gətirilməsi məsələsində yeni bir mexanizmin inkişafına töhfə verilib.
Layihənin əhatə etdiyi coğrafi ərazidə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığının aradan qaldırılmasına xidmət edən müzakirələrin açılmasına təkan verilib.
İctimai diqqətin bu işə cəlb edilməsinə xidmət edən ictimai müzakirələrin keçirilməsi göstərir ki, bu cür müzakirələrin
vətəndaşların sosial hüquqi maariflənməsinə nail olunmasında, onların qanunlarımızla tanış edilməsində, sosial hüquq pozmalarının qarşısının alınmasında, hüquqlarının qorunmasında vətəndaşlara yardım göstərilməsində, ictimai şüurda hüquq mədəniyyətini inkişaf etdirilməsində yardım edəcəyi şəksizdir. Bu layihənin həyata keçirilməsinin nəticəsi olaraq cənub bölgəsində vətəndaşların ərizə və müraciətlərinə baxılması sahəsində mövcud olan problemləri aşkarlanıb və həlli yolları göstərilib”.
X.Əhəmdov həmçinin bildirib ki, layihə çərçivəsində ilk növbədə QHT-nin yaxın gələcəkdə Azərbaycanın digər bölgələrində də məmur və vətəndaşlar üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var: “Əhalinin sosial hüquqlarını, sosial qanunvericiliyi bilməməsi bir çox hallarda onların hüquqlarının pozulmasına, rüşvətxorluq, qeyri-şəffaf fəaliyyət, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifqadə etməsinə və ya bu səlahiyyətləri aşmasına gətirib çixarır. Cəmiyyətdə bir çoxlarımıza bəlli olan bu problemlərlə hamımız rastlaşsaq da, nədənsə, onun əsas səbəblərini və aradan qaldırılması yollarını ortalığa qoymuruq. Bütün hallarda bu yol sosial-hüquqi maariflənmədən keçir. Yerlərdə torpaq islahatları, sosial müavinətlərin verilməsi, pensiyaların düzgün təyin edilməsində buraxılan nöqsanların aradan qaldırılması, yerli icra orqanlarının nümayəndələrinin vətəndaşların sosial hüquqlarının bəzi hallarda izah olunmasında fəallıq göstərməməsinə son qoymaq üçün məmur-vətəndaş təmaslarının minimuma endirilməsi sahəsində dövlət tərəfindən aparılan islahatların daha da sürətləndirilməsi çox vacibdir...”.

Əli Zülfüqaroğlu