Ermənistanın Dağlıq Qarabağı işğal planı Layihə

Ermənistanın Dağlıq Qarabağı işğal planı

I yazı

Rusiyada Sovet hakimiyyəti möhkəmləndikcə çar Rusiyası sərhədlərinin bərpa edilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu hissələrinə respublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak separatçılarının qaldırdıqları mart qiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı. AMEA-nın Tarix İnstitutunun toxunduğumuz mövzuyla bağlı tarixi faktlara istinadən araşdırmasını təqdim edirik.
Dağlıq Qarabağ coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı. Bu problemin şərhi üçün əvvəlcə Dağlıq Qarabağın coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı üzərində dayanaq. Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapıb. Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində yazır: "Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin yerə aid idi". Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından, "Qarabağ" anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) "Qarabağ" anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilən fikrindən aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi.
Bu zamandan "Dağlıq Qarabağ" anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi "... Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağ adlanmışdır".
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarlar Soveti yaradıldıqda yerlərə fövqəladə komissarlar da təyin olundu. Bu əsasla A.N.Karakozov (1890-1938) Dağlıq Qarabağ üzrə fövqəladə komissar təyin olundu. Azərbaycan Sovet hökuməti 1920-ci il 30 apreldə Ermənistan Respublikasına nota verdi və tələb etdi ki, Zəngəzurdan və Qarabağdan öz qoşunlarını çıxarsın. May ayında Qarabağda Sovet hakimiyyətinın qurulması elan olundu.
Bu dövrdə Sovet Rusiyası Qafqazın sovetləşdirilməsi planını həyata keçirməkdə davam edir, yeni sovet dövlətlərinin sərhədlərinin müəyyənləşdirilməsi prinsiplərini irəli sürməklə mövcud və gələcək dövlətlərin fəaliyyətini nəzarət altına almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilabi şurasına 7 iyul tarixli təlimatında bu məsələyə toxunmuşdu. Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə (1920, 29 noyabr) xarici sərhədlərlə yanaşı, sərhədlər daxilində də bölgülərin aparılması kəskinləşdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də Qarabağ və onun dağlıq hissəsindən bəhs olunurdu. Bu sənədlərin erməni tarixşünaslığında təhrif edilməsi əsas şəkildə sübut edilmişdir. Bəyannamədə Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam öz müqəddəratını təyinetmə hüququ verildiyi elan edilirdi.
Ermənistan İnqilab Komitəsi isə 28 dekabr Bəyannaməsində Naxçıvana iddiadan əl çəkdiyini bildirirdi. Lakin Ermənistan Qarabağı "əldən vermək" istəmirdi. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində Dağlıq Qarabağ yenidən gündəmə gəldi. Qafqaz Bürosu 3 iyun 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana məxsus olmasının Ermənistan hökumət Bəyannaməsində göstərilməsi barədə qərar qəbul etdi. Ermənistan Xalq Komissarları Soveti isə 12 iyunda bunu dekretləşdirdi. İşlərin belə gedişi Azərbaycanı təmin edə bilməzdi. Tiflisdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Q.Kaminskinin (1895-1938) sədrliyilə keçirilən 27 iyun iclasında komissiyanın işi ilə əlaqədar Azərbaycanın Ermənistanla sərhədi haqqında məsələ müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar qəbul olundu. İlk dəfə burada Dağlıq Qarabağa bəyan edilən öz müqəddəratını təyin etməyə Azərbaycanın baxışı ifadə olundu.
Məsələnin (Dağlıq Qarabağ haqqında) yeganə həlli erməni və müsəlman kütləsinin Sovet quruculuğu işinə geniş cəlb edilməsi (Nərimanovun Bəyannaməsindən aydın olduğu kimi) ola bilər. Problemin həlli haqqında Siyasi Büro və Təşkilat Bürosunun fikrinin Tiflisə çatdırılması Nərimanova həvalə edildi. Nərimanovun Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri M.H.Hacıyev və xarici işlər naziri M.D.Hüseynovla elə həmin gün birbaşa xətlə danışığı oldu. Nərimanov: "Deyin ki, bu Siyasi və Təşkilat Bürosunun fikridir. Əgər onlar mənim bəyannaməmə istinad edirlərsə, bəyannamədə hərfən belə deyilmişdir: Dağlıq Qarabağa tam azad öz müqəddəratını təyin etmə hüququ verilir".
Hüseynov: "Yaxşı. Hər şeyi çatdıraram. Hər halda deyim ki, bizim qərarımız, şübhəsiz, çox soyuq qarşılanacaqdır".
Yenə həmin gün Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat verdi. Bu məsələ üzrə Qafqaz Bürosunun fövqəladə plenumunu çağırmaq, Nərimanov və Myasnikyanı Tiflisə dəvət etmək qərara alındı.
Bəs Azərbaycanın ayrılmaz hissəsinə necə "muxtariyyət" verildi? Belə bir zəmində Tiflisdə Qafqaz Bürosu plenumunun iclası keçirildi. Xüsusi əhəmiyyətini nəzərə alaraq Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan çıxarışları olduğu kimi veririk: Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının qəbul edilməsində Stalinin əsas rol oynadığını sübut etməyə çalışır. Əslində, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 4 və 5 iyul iclaslarında Stalinin təzyiqinin nədən ibarət olması faktlarla təsdiq olunmur. Bir sözlə, SSRİ-nin yaradılması (1922, 30 dekabr) ərəfəsindəki mübarizədə özünün "muxtariyyətləşdirmə" planı ilə çıxış edən Stalinin guya sosialist dövlətinin federativ quruluşunun Lenin ideyasını həyata keçirməsi ağlabatan görünmür. Ona görə də məsələ daha dərin və ətraflı şəkildə nəzərdən keçirilməlidir:
1) Mərkəz Qafqaz Bürosunun timsalında hələ SSRİ-nin yaradılmasından, Azərbaycan və Ermənistan SSR-nin ittifaq dövlətində birləşdirilməsindən əvvəl praktik olaraq sərhəd məsələsinə müdaxilə etməklə səlahiyyətli tərəf kimi çıxış etdi. Dağlıq Qarabağ məsələsi üçtərəfli müzakirə məsələsinə çevrildi;
2) Qafqaz Bürosu bu "hüququndan" istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ barəsində elan etdiyi öz müqəddəratını təyinetmə müddəasının təbii-tarixi şəkildə yerinə yetirilməsinə imkan vermədi, onu "geniş vilayət muxtariyyəti" kimi ifadə etdi;
3) Qafqaz Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni, Dağlıq Qarabağ Ermənistana verilə bilər!), səhəri gün isə bu məsələyə qayıtmaqla Ermənistana təsir göstərmək (yəni, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təsdiq edilə bilər!) və Mərkəz üçün əlverişli mövqeni təmin etmək istəyirdi, buna da (yəni Dağlıq Qarabağa muxtariyyət verilməsinə) nail oldu. Beləliklə, Qafqaz Bürosu plenumunun 5 iyul qərarından sonra Dağlıq Qarabağ ətrafında hadisələr yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz üçün əlverişli qərarı təmin edib, onun reallaşdırılması uğrunda təzyiqlərə başladı. Bununla Azərbaycan SSR özünün ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa məcburi şəkildə muxtariyyət verilməsi nəticəsində yeni şəraitlə qarşılaşdı. Ermənistan isə Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq Qafqaz Bürosu ilə Azərbaycan arasında münasibətləri kəskinləşdirməyə, Dağlıq Qarabağa muxtariyyət verilməsilə onun işlərinə qarışmaq imkanlarından istifadə edərək, Dağlıq Qarabağa olan iddialarını həyata keçirməyə çalışdı.
Bu məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir. 5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi tərəfindən onun həyata keçirilməsinə başlanmalı idi. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin həmin ilin 19 iyul tarixli iclasında Nərimanovun Tiflis səfərinin yekunları bəyənilmiş, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul tarixli iclasında isə muxtar vilayətin konstitusiyasının hazırlanması üçün komissiya yaradılmışdı. Burada bir məsələnin aydınlaşdırılmasına ehtiyac yaranır. Artıq məlum olduğu kimi, 5 iyul qərarı ilə Dağlıq Qarabağa muxtariyyət verilməsində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həlledici rol ayrılmışdı. Görünür, 1921-ci ilin iyulunda Kirovun Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi rəhbərliyinə gətirilməsində elə bu amil də mühüm rol oynamışdı. Məhz Kirov faktiki olaraq Azərbaycanda rəhbərliyə keçdikdən sonra Dağlıq Qarabağın muxtariyyət verilməsinə rəsmi münasibət dəyişdi və bu proses iki ilədək ləngidi. Ona görə də bu məsələ ətrafında Kirovun mövqeyi və ona təsir edən amillər xüsusi olaraq araşdırılmalıdır. Əgər 4 iyul iclasının protokolundan çıxarışa nəzər salsaq görərik ki, o zaman Kirov Qarabağın dağlıq hissəsinin Azərbaycanın hüdudlarında saxlanmasının əleyhinə çıxmış (5,a), onun Ermənistanın tərkibinə daxil edilməsinin isə lehinə (5,b) səs vermişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 19 iyul, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul iclaslarında və qeyd olunan qərarların qəbulunda Kirov da iştirak etmişdi.

Cavid