Azərbaycançılıq ideyaları bu gün uğurla davam etdirilir Layihə

Azərbaycançılıq ideyaları bu gün uğurla davam etdirilir

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır.
Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Heydər Əliyev xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlayırdı. Ulu öndər xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi. "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir" - deyə ulu öndər bildirmişdir.
Ulu öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti son 10 ildə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışmışdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.
Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Azərbaycançılıq ideologiyasının ən üstün keyfiyyəti zaman parametrləri ilə ölçülə bilməyən mükəmməl struktura malik olmasındadır. Bu, keçid dövrü üçün hesablanmış, qarşısına məhdud vəzifələr qoymuş siyasi baxışlar sistemi deyil. Azərbaycançılıq bütöv bir millətin tarixi təcrübəsini, dəyərlər sistemini, müasir dünyanın reallıqlarına uyğunlaşdıran mükəmməl dövlətçilik konsepsiyasıdır. Heydər Əliyevin böyüklüyü də məhz belə bir ideoloji sistemi yarada bilməsindədir. Əgər daha dəqiq ifadə etmək istəsək, Heydər Əliyevin tarixi xidmətinin miqyası onun keçid dövrünü yaşayan bir ölkədə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf üçün zəmin yaradan dövlət modelini qurmasından daha böyükdür. Heydər Əliyev məhz qeyri-müəyyənliklərlə zəngin keçid dövründə ən çətin situasiyalarda belə dayanıqlı özünüqoruma sisteminə malik milli dövlətin ideoloji dəyərlər sistemini yaratmağa müvəffəq olan nadir tarixi şəxsiyyətlərdəndir. Yüzillər bundan sonra belə yaşamağa qadir olan bu ideoloji sistem Azərbaycan xalqının əsrləri əhatə edən arzularının ifadəçisinə çevrilə bilib: “Azərbaycançılıq ideologiyasının ən üstün keyfiyyəti zaman parametrləri ilə ölçülə bilməyən mükəmməl struktura malik olmasındadır. Bu, keçid dövrü üçün hesablanmış, qarşısına məhdud vəzifələr qoymuş siyasi baxışlar sistemi deyil. Azərbaycançılıq bütöv bir millətin tarixi təcrübəsini, dəyərlər sistemini, müasir dünyanın reallıqlarına uyğunlaşdıran mükəmməl dövlətçilik konsepsiyasıdır. Heydər Əliyevin böyüklüyü də məhz belə bir ideoloji sistemi yarada bilməsindədir. Əgər daha dəqiq ifadə etmək istəsək, Heydər Əliyevin tarixi xidmətinin miqyası onun keçid dövrünü yaşayan bir ölkədə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf üçün zəmin yaradan dövlət modelini qurmasından daha böyükdür. Heydər Əliyev məhz qeyri-müəyyənliklərlə zəngin keçid dövründə ən çətin situasiyalarda belə dayanıqlı özünüqoruma sisteminə malik milli dövlətin ideoloji dəyərlər sistemini yaratmağa müvəffəq olan nadir tarixi şəxsiyyətlərdəndir. Yüzillər bundan sonra belə yaşamağa qadir olan bu ideoloji sistem Azərbaycan xalqının əsrləri əhatə edən arzularının ifadəçisinə çevrilə bilib”.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə qeyd edib ki, Ulu Öndərin mənim diqqətimi ən çox cəlb edən digər cəhəti isə Azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Heydər Əliyev keçən əsrin 90-cı illərinin əvvəllərində milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə həm Azərbaycan dövlətçiliyini qorudu, həm də dövləti və milləti bundan sonra da yaşatmağın sarsılmaz əsasını yaratdı: “Dinindən, dilindən, milliyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev Azərbaycançılıq ideyasını toparlayıcı, birləşdirici prinsip olaraq ortaya atmaqla necə də haqlı olduğunu və siyasi uzaqgörənlik nümayiş etdirdiyini bir daha hamıya sübut etdi. Bu ölkənin türkü də, talışı da, ləzgisi də, kürdü də, tatı da, digər millətlərdən olan vətəndaşları da Azərbaycançılıq çətiri altında bir yumruq kimi birləşdilər. Bu gün də bu prinsip, bu siyasət bütün azərbaycanlıları vahid siyasi qüvvə və subyekt kimi bir arada tutmaqda davam edir. İndi Azərbaycançılıq hamımızı birləşdirən bir dəyər rolunu oynayır. Bu da məhz Heydər Əliyevin siyasi müdrikliyinin və zəhmətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev məhz azərbaycançılıq məfkurəsinə söykənərək müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu”.
Beləliklə,Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu. Azərbaycançılıq eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrildi. Bu ideologiya siyasi mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdi və milli həmrəylik mənbəyi sayıldı. Bu gün dünyaya özünəməxsus tolerantlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birgəyaşayışının ən yüksək nümunəsi sayılır.

Cavid

azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30
-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir